
ABŞ Ukrayna münaqişəsinin tezliklə həllində maraqlı deyil. Bunu "Berliner Zeitung" qəzetinə müsahibəsində Çinin Almaniyadakı səfiri Vu Ken deyib.
O qeyd edib ki, Pekin Vaşinqtonla mühüm beynəlxalq məsələlər üzrə danışıqlar aparır.
“Məndə belə bir təəssürat yaranıb ki, amerikalılar Avropanın təhlükəsizliyində xüsusi rol oynasalar da, siyasi həllin tezliklə əldə olunmasında maraqlı deyillər. Ukrayna böhranı ABŞ-ın fəal iştirakı olmadan həll edilə bilməz”, - diplomat bildirib.
Vu Ken həmçinin əlavə edib ki, Ukrayna münaqişəsi ilk növbədə Avropanın təhlükəsizlik maraqlarına toxunur və bunda Avropa və Amerika nümayəndələri həlledici rol oynayır. Onların fəal iştirakı olmadan, Çin necə davransa da, böhran bitməyəcək.
Avqustun 12-də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, qarşıdan gələn siyasi mövsüm Kiyev üçün çətin olacaq, çünki daha çox dövlət onu Moskva ilə danışıqlara çağırır.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, hazırda Ukrayna ilə bağlı Rusiya ilə heç bir sülh danışıqları aparılmır. Onun sözlərinə görə, Moskva bu cür danışıqlara maraq göstərmir.