"Bütün xahiş və tələblərə diqqətlə baxılacaq" - Qazaxıstan Prezidenti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib.
"Mülki və hərbi idarələrə hücum çağırışları tamamilə qeyri-qanunidir. Bu, cinayətdir. Bizə münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır. bütün qanuni xahiş və tələblərə diqqətlə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək. Sabah bu məsələlərlə bağlı işçi iclas keçiriləcək", - Prezident deyib.
Yeni ilin ilk günlərində Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qiymət artımına qarşı etirazlara qalxıblar. Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
XalqXeber.Az