SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Donald Tramp “sirli məktub”u oxusa, istefaya məcbur qala bilər

Donald Tramp “sirli məktub”u oxusa, istefaya məcbur qala bilər

Tarix:

9-05-2017, 10:16

/ 59 072 dəfə oxundu.
Donald Tramp “sirli məktub”u oxusa, istefaya məcbur qala bilər

ABŞ prezidentinin dünyanı şoka salan siyasi tezisləri...
ABŞ qəribə ölkədir. Bu ölkənin nə vaxt nə edəcəyini, baş verən hadisəyə necə reaksiya verəcəyini müəyyənləşdirmək çətindir. Ona görə də beynəlxalq siyasət məkanında cərəyan edən proseslərə münasibətdə adətən ABŞ-ın reaksiyası xüsusi olaraq, gözlənilir. Və proseslərin sonrakı inkişaf istiqamətləri əsasən həmin reaksiyanın məzmunundan birbaşa asılı olur.
Təbii ki, bu baxımdan ABŞ-da kimin prezident postuna sahiblənəcəyi həmişə dünya ictimaiyyəti tərəfindən cavabı maraqla gözlənilən sualların sırasına daxildir. Hətta bu sual birmənalı cavabını tapdıqdan sonra belə, müzakirələr öz intensivliyini saxlayır.
Maraqlıdır ki, Ağ Evin yeni sahibi Donald Trampın prezidentliyə namizədliyi irəli sürülən gündən analoji suallar və mübahisələr intensivliyini saxlayıb. D.Tramp Ağ Evin oval kabinetindəki kresloda öz yerini artıq rahatlasa da, dünya ictimaiyyəti hələ də çaşqınlıq içərisindədir.
Məsələ ondadır ki, D.Trampın Ağ Evə sahiblənməsi insanlarda dünyanın gələcək taleyi ilə bağlı yeni və kifayət qədər ciddi suallar, həm də narahatlıq doğurub. Halbuki bu narahatlıqlar hələ D.Trampın seçkiyə qatıldığı dövrdən var idi.
Ağ Ev sahibinin qəribə və gözlənilməz davranışları...
Belə ki, həmin dövrdə mütləq əksəriyyət D.Tramp kimi qeyri-adi, davranışları əvvəlcədən proqnozlaşdırılmayan bir sərvət sahibinin hakimiyyətə gəlişinin mümkün olmadığını düşünürdü. Ancaq bir müddət sonra D.Trampın önə keçdiyi aydınlaşdıqda, bu düşüncələrin məzmunu “...əgər, o, seçilsə belə, Ağ Evdə uzun müddət otura bilməz. ABŞ vətəndaşları onu qısa müddətdə biznes sahəsinə geri yola salarlar”, iddiaları ilə əvəzlənməyə başladı.
Halbuki D.Tramp artıq öz prezidentliyinin yüz gününü də arxada buraxıb. Bununla belə, hələ də onun tezliklə Ağ Evdən qovulacağına inananlar olmamış deyil. Və təbii ki, bu, D.Trampın şəxsiyyətinin dünya ictimaiyyətində qorxu yaratmasıyla bağlıdır.
Bu qorxunun yaranması isə səbəbsiz olmayıb, D.Trampın gözlənilməz davranışları və açıqlamaları ilə bağlıdır. Çünki bu adam İslam dünyasının təmsilçiləri ilə rəsmi görüşdə Azan oxunarkən ayağını ayağının üzərinə aşırıb, mürgüləyən arvadını nümayişkaranə və kobud şəkildə dümsükləməkdən özünü saxlaya bilməyəcək bir xarakterdədir.
Və yaxud da prezident kimi keçirdiyi ilk mətbuat konfransında dünyanın ən nəhəng media quruluşlarından olan CNN telekanalının əməkdaşına, əks-təbliğat təhlükəsi olsa belə, “Sən sus, suallarına cavab verməyəcəm. Sənin işlədiyin telekanal qərəzlidir”, deyəcək qədər cəsarətlidir.
Üstəlik, o, heç kimin gözləmədiyi halda, Rusiyanın Suriyadakı Əsəd rejimi ilə ortaq hərbi bazasına raket zərbəsi endirilməsi barədə əmr verəcək səviyyədə proqnoz ortamından uzaqdır. Və əlbəttə ki, bu sıraya Vaşinqtona rəsmi səfər edən Almaniya kansleri Angela Merkelə qarşı D.Trampın mətbuat nümayəndələri önündə etdiyi kobudluqla müşayiət olunan hörmətsizliyini də əlavə etmək mümkündür.
Bu misalların sırasını genişləndirmək də olar. Ancaq buna o qədər də ehtiyac yoxdur. Çünki D.Trampın siyasi cəhətdən “ana açıqlama”sı onun dünyanın gələcək taleyi ilə bağlı nə qədər ciddi və gözlənilməz qərarlar verə biləcəyinin ən önəmli xəbərdarlığı idi. Və dünyanın nəhəng dövlətlərini qorxuya salaraq, narahat edən də elə həmin açıqlama idi.
Məsələ ondadır ki, D.Tramp: “Belə davam edə bilməz. Yetər artıq... Dünyada yeni qanun-qaydalar yaradılmalıdır. ABŞ dünyada öz liderlik mövqelərini mütləq bərpa etməlidir. Mən bütün bunlar üçün əlimdən gələn hər şeyi edəcəm”, demişdi. Və dərhal da dünyanın siyasi mərkəzlərində şok effekti yaratmışdı. Həmin şok effekti hələ də öz təsirini saxlayır.
Əslində bu, qətiyyən təəccüblü deyil. Çünki “yaşıl planet”in sakinləri artıq bu “film”i bir dəfə həm görüblər, həm də onun “çəkilişlər”ində məcburən iştirak ediblər. Həmin dəhşətli “filmin nümayişi” on milyonlarla günahsız insanın həyatı bahasına başa gəlib. Saysız-hesabsız şəhərlər dağıdılıb, “qan su yerinə axıb”.
Məsələnin ən qəribə tərəfi isə həmin “filmin ssenaristi və rejissoru” da bir alman - Adolf Hitler idi. O da geniş kütlələrə xitab edərkən dünyada yeni qaydaların bərqərar edilməsinin vacibliyindən və qaçılmazlığından danışırdı. Almanları ali irq elan edirdi, Almaniyanın isə dünyaya hakim olmalı olduğuna əmin idi. Və bütün bunların yekun nəticəsi hər kəsə məlumdur. Ən əsasısa, “yaşıl planet”in sakinləri bu dəhşətli fəlakəti hələ unutmayıb.
İndi eyni siyasi tezisləri ABŞ-ın yeni prezidenti Donald Tramp, həm də XXI əsrdə gündəmə gətirib. Həm də özünün əsas daxili və xarici siyasət proqramı kimi təqdim edib. Və bu proqramın reallaşdırılmasında israrlı olduğunu da ABŞ-da miqrantlara qarşı “savaş elan etmək”lə büruzə verib.
Siyasi strateqləri və politoloqları qorxuya salan əsas məqam da məhz elə budur. Çünki Donald Tramp da bir almandır. Onun ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar. Onun əsas tezislərini və milliyyətini yan-yana gətirdikdə tarixin təkrarlanma təhlükəsinin reallaşma ehtimalından narahatlıq üçün müəyyən əsaslar yaranır.
Donald Trampın üzərinə qoyulan missiya...
Bir çoxları D.Trampın aqressiv təsir bağışlayan siyasi dünyagörüşünü onun özü üçün problem hesab edirlər. Onların fikrincə, bir müddətdən sonra D.Tramp kəskin daxili və xarici müqavimətlə üzləşə bilər. Və nəticədə o, istefa vermək məcburiyyətində qalar.
Ancaq hələlik bu proqnozlar özünü doğrultmur. Belə ki, ABŞ-da D.Trampa qarşı intensiv xarakter daşıyan ölkədaxili aksiyalar da artıq arxa plana keçib. Əslində onun daxili etirazlarla istefaya məcbur edilə biləcəyinə inanmaq da sadəlövhlük olardı. Çünki D.Trampı ABŞ prezidenti seçdirən “dərin güclər” onun hansısa aksiyalarla qısa müddətdə hakimiyyətdən uzaqlaşdırılmasına imkan verməzlər. Hər halda, “dərin güclər” D.Trampı prezident seçdirərkən onun vasitəsiylə bəzi radikal ssenariləri reallaşdıra biləcəklərini əvvəlcədən hesablamış olmalıdırlar. Bu baxımdan, D.Trampın “dərin güclər” tərəfindən onun üzərinə qoyulan missiyanı yerinə yetirmədən Ağ Evi kiməsə təhvil verəcəyi qətiyyən inandırıcı deyil.
Maraqlıdır ki, prezident D.Trampın özünə qarşı təzyiqlərə verdiyi reaksiya da əvvəlki Ağ Ev sahiblərinin davranışlarından ciddi şəkildə fərqlənir. Belə ki, o, istənilən problemlə bağlı tənqidlərə özündən əvvəlki Ağ Ev sahibini günahlandırmaqla reaksiya verir. Hətta bəzi hallarda günahı özünün siyasi komandasındakı bəzi məmurların üzərinə yükləməkdən də çəkinmir.
Yəni o, özündən başqa hər kəsi günahlandırmaq, hətta qurban vermək vərdişlərinin mövcudluğunu qətiyyən gizlətmir. Bu baxımdan, onun atacağı addımlara yönəlik tənqidlərə tab gətirmək potensialı qurban verə biləcəyi şəxslərin əhatə dairəsinin nə qədər geniş olmasına düz müntənasib kimi görünür.
Ağ Ev sahibi “mücrüdəki sirli məktublar”ı oxumağa məcbur olacaqmı?
Təbii ki, D.Tamrpın bu vərdişləri üzləşdiyi situasiya qocaldığı üçün idarəçiliyi öz gənc yardımçısına ötürən şəhər rəisi ilə bağlı rəvayətə bənzəyir. Belə ki, rəvayətə görə, qoca şəhər rəisi idarəçiliyi öz gənc yetirməsinə təhvil verərkən ondan məsləhətlərini də əsirgəmir.
Ancaq o, məsləhətlərini şifahi deyil, yazılı şəkildə təqdim edir: “Oğlum, masadakı mücrüdə sənin üçün üç məktub qoymuşam. Şəhəri idarə etməkdə çətinlik çəksən 1-ci məktubu, vəziyyət nəzarət çıxmağa başlayanda 2-ci məktubu, situasiya nəzarətdən tam çıxsa 3-cü məktubu oxuyarsan”.
Gənc şəhər rəisi elə də edir. Vəziyyət gərginləşdikdə 1-ci məktubu açır və oxuyur: “Çıxış yolu üçün özündən əvvəlki rəhbərləri günahlandır”. Bir müddət sonra situasiya nəzarətdən çıxmaq üzrə olduqda 2-ci məktubu oxuyur: “İndi də bütün problemlərə görə öz yaxın ətrafını günahlandır”. Nəhayət, şəhəri idarə edə bilmədikdə 3-cü məktubu açır və heyrətə gəlir: “Sən artıq bu şəhəri heç vaxt idarə edə bilməyəcəksən. Ona görə də sən də mənim kimi 3 məktub yaz, mücrüyə qoy və şəhəri təhvil ver”.
Əlbəttə ki, bir çoxlarının vaxtından əvvəl istefa vermək məcburiyyətində qalacağını düşündükləri D.Trampın taleyinin bu rəvayətdə baş verənləri təkrarlayacağını iddia etmək hələ çox tezdir. Çünki bunun üçün ən azından prezident D.Trampın mücrüdəki 3-cü sirli məktubu oxuması lazımdır. Deməli, hər şeyi zaman göstərəcək.

Şərhlər

XƏBƏR LENTİ