SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Diaspora Komitəsi yalan danışmasın, bizə heç bir yardım edilməyib”

“Diaspora Komitəsi yalan danışmasın, bizə heç bir yardım edilməyib”

Tarix:

13-04-2020, 14:50

/ 2 281 dəfə oxundu.
“Diaspora Komitəsi yalan danışmasın, bizə heç bir yardım edilməyib”

Salam, hər vaxtınız xeyir! Siz bu xəbər saytının Baş redaktorusunuz? Saytınızda çıxan bir xəbərlə bağlı deyəcəklərim var”.
Ovqat.com xəbər verir ki, redaksiyamiza bu mesajı Əzizov Vüsal adlı bir vətəndaş göndərib.
Artıq 20 gündür ki, Xarkovda qalmaq məcburiyyətində qalan vətəndaşımız Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin özünü yalandan reklam etməsinə etirazını bildirib.
Onun sözlərinə görə, Xarkova turist səfərinə gəlib. Az sonra isə həm Azərbaycanda, həm Ukraynada koronavirus epidemiyasının yayılması səbəbindən sərhədlər bağlanıb. Beləcə Ukraynada çətin vəziyyətdə qalan həmyerlimizə Ukraynadakı səfirliyimizdən başqa kömək edən olmayıb. Səfirlik işçilərinin xahişi ilə Xarkovdakı Şərur otelinin sahibi həmyerlimizə öz müəssisəsində yer verib. Hazırda Vüsalla bərabər həmin oteldə xeyli sayda vətəndaşımız qalır. Onların əksəriyyəti tələbədir. Aralarında Ukraynaya əməliyyata gələn bir xəstə xanım da var.
Bütün israrlarımıza baxmayaraq, digər vətəndaşlarımızla söhbətləşmək niyyətimiz baş tutmadı. Xüsusilə tələbələr nədənsə mətbuatda görünməkdən çəkinərək susmağa üstünlük verdilər. Otelin sahibi Teyyub adlı şəxs də açıqlama verməkdən boyun qaçırdı. Mövqeyini isə belə əsaslandırdı ki, o, Allah rizası üçün Xarkovda çətin vəziyyətdə qalan həmyerlilərimizə kömək edir. Bundan reklam kimi istifadə etməyi isə vicdanına sığışdırmır.
Dolayısyla yeganə həmsöhbətimiz olan Vüsaldan aldığımız məlumata görə, onlar 20 gündür ki, otelin sahibi Teyyub bəyin xeyriyyəçiliyi sayəsində sayəsində ayaqda dayana biliblər: “Diasporla İş üzrə Dövlət Komitəsindən isə heç bir dəstək ala bilməmişik. Dəfələrlə pasportlarımızın şəkilini, ad-familiyamızı Dövlət Komitəsinin xeyir-duasıyla Ukraynada yaradılmış Operativ Qərargaha göndərmişik. Hər dəfə də cavab veriblər ki, Azərbaycandan yardım gəlməyib. Amma çıxıb televizora boş-boş deyirlər ki, nə lazımdır edirik. Yalan danışmaq lazım deyil, bizə heç bir yardım edilməyib. Bizi indiyə qədər Şərur otelin müdiri öz maliyyəsi ilə saxlayır və ona dövlət tərəfindən heç bir yardım edilmir”.
Qeyd edək ki, Vüsal Əzizov haqsız deyil. Diasporla İş üzrə Dövlət Komitəsinin 30 Mart 2020-ci il tarixli məlumatına görə, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində operativ qərargah və qaynar xətt yaradılıb: “Qərargaha ümumilikdə 420-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyyə və maddi yardımla bağlıdır. Hazırda DİDK (Söhbət Diasporla İş üzrə Dövlət Komitəsindən gedir - Ovqat) və diaspor təşkilatlarının dəstəyi ilə 175 nəfərin müraciəti təmin olunub. Onlardan 47 nəfər təxliyyə edilib, 128 nəfərə isə maddi yardım göstərilib. Onlar müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub”.
Diaspora Komitəsinin bu rəsmi açıqlamasından sonra onun xeyir-duasıyla Ukraynada yaradılmış Operativ Qərargahın adından Real TV-yə müsahibə verən “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov isə onlara müraciət edən hər kəsin qayğısına qaldıqlarını və bunu Dövlət Komitəsinin maliyyə yardımları ilə həyata keçirdiklərini bildirmişdi. Onun sözlərinə görə, Ukraynada yaşayan bütün azərbaycanlıları tam nəzarətdə saxlayırlar və həmyerlilərimiz diaspor təşkilatları tərəfindən ərzaqla, yaşayış yeriylə tam təchiz olunublar.
Xarkovdan aldığımız məlumatlar isə, göründüyü kimi başqa mətləblərdən xəbər verir və istər-istəməz bu suallara yol açır: DİDK tərəfindən həqiqətən də Ukraynada yaradılmış Operativ Qərargaha maliyyə yardımı edilibmi? Edilməyibsə, hansı səbəbdən ictimaiyyətə yanlış məlumat verilib? Edilibsə, niyə həmin vəsaitdən Xarkova gəlib çıxmayıb?
Ümidvarıq ki, əlaqədar qurumlar bu sualın cavabını araşdıracaq və ictimaiyyəti də məlumatlandıracaq. Biz isə Ukraynanın digər şəhərlərindəki vəziyyətlə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
“Diaspora Komitəsi yalan danışmasın, bizə heç bir yardım edilməyib”

Şərhlər

XƏBƏR LENTİ