SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İki nazirlik arasında olan gərginlik idmançılara problem yaradıb - NARAZILIQ!

İki nazirlik arasında olan gərginlik idmançılara problem yaradıb - NARAZILIQ!

Tarix:

29-06-2021, 12:54

/ 716 dəfə oxundu.
İki nazirlik arasında olan gərginlik idmançılara problem yaradıb - NARAZILIQ!

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) xidmət edən yığma komandaların idmançıları təlim-məşq toplanışlarına və yarışlara buraxılmır. “Hürriyyət“ə daxil olan məlumata görə, müxtəlif kateqoriyalarda yarışan idmançılar dəfələrlə federasiyalarına müraciət etsələr də, onlara heç bir cavab verilməyib. Müdafiə Nazirliyi ilə Gənclər və İdman Nazirliyi arasında baş verən hansısa gərginlik səbəbindən milli yığmanın idmançıları nə yarışlarda iştirak edə, nə də təlim-məşq toplanışlarına qatıla bilirlər.
Məsələylə bağlı Azərbaycan Güləş Federasiyası ilə əlaqə saxladıq. Federasiyanın mətbuat katibi Sərxan Musayev “Hürriyyət”ə bildirdi ki, MOİK-də xidmət edən idmançılar yarışlarda və təlim-məşq toplanışlarında iştirak edə bilirlər: “Əvvəlcə qeyd edim ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK) özündə idman zalı var. Orda məşq keçmək üçün hər cür şərait yaradılıb. İdmançılar orda məşq keçə bilirlər. Hansı idmançılar milli yığma komandaya lazımdırsa və yarışlara getməlidirsə, hər idman federasiyası Gənclər və İdman nazirliyinə məktub ünvanlayır. Nazirlik də həmin məktub əsasında Müdafiə Nazirliyinə məktub göndərir. Məktubda göstərilir ki, siyahıda olan idmançıların təlim-məşq toplanışlarında və yarışda iştirak etmələrinə icazə verilsin. Bizdən də kimlər yarışlara gedirsə, onlar üçün icazə alınır. Həmin idmançılar yarışlarda və təlim-məşq toplanışlarında iştirak ediblər. Onlar üçün heç bir problem yaradılmayıb”.

Digər idman federasiyaları ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilmədi.

Daha sonra Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev “Hürriyyət”ə deydi ki, sözügedən məsələylə bağlı federasiyaların müraciəti əsasında Müdafiə Nazirliyinə müraciət edilib: “Federasiyalar həmin idmançılarla bağlı nazirliyə müraciət ediblər. Biz də həmin federasiyaların müraciəti əsasında Müdafiə Nazirliyinə müraciət etmişik. Məktubda qeyd etmişik ki, onlar milli yığmanın üzvləridir və onlara yarışlarda iştirak etmək üçün icazə verilsin. Onlar idmançı olmaqla yanaşı, Azərbaycan ordusunun əsgəri sayılırlar. Hazırda onlara icazə verilməsi səlahiyyəti Müdafiə Nazirliyinə aiddir. Hələ ki, onlara icazə verilmir. Ola bilsin ki, andiçmə mərasimiylə bağlı olan məsələdir. Yaxud da yeni çağırışlarla da bağlı məsələ ola bilər”.

Beləliklə, Gənclər və İdman Nazirliyi federasiyaların məktubunu Müdafiə nazirliyinə göndərməklə işini bitmiş hesab edir. Əgər sözügedən qurum milli yığmada iştirak edən idmançıların təlim-məşq toplanışlarında və yarışlarda iştirak etməsini təmin edə bilmirsə, bu qurumun olmaması daha məqsədəuyğundur.

Məsələylə bağlı Müdafiə Nazirliyi ilə də əlaqə yaratmağa çalışdıq. Bir həftədən çoxdur ki, iki ayrı-ayrı mövzularla bağlı nazirliyə sorğu göndərməyimizə baxmayaraq, hələ də cavab verilməyib. Görünür, Müdafiə Nazirliyində informasiya sorğularının cavablandırılması sahəsində vəziyyət çox bərbaddır.

Qeyd etmək istəyirik ki, “İnformasiya əldə etmə haqqında” Qanuna görə, informasiya sorğusu ən qısa müddətdə, 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

Belə aydın olur ki, Müdafiə Nazirliyinin mətbuat xidməti ya qanunlardan xəbərsizdir, ya da bu qurumun əməkdaşları müstəqil mediaya informasiya verməyi “özlərinə sığışdırmırlar”.

Qeyd: Mövzunu diqqətdə saxlayacağıq.
//hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ