Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.
Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olunub.
Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.
Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.
Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.
Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.
Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol” mahnısını ifa edib.
Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.
Qeyd edək ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.
"Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.