SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Təşkilatçı” Ramin Musayev, “bəy atası” Rövnəq Abdullayev, susqun Elxan Məmmədov və... Tolik - “QARABAĞNAMƏ”

“Təşkilatçı” Ramin Musayev, “bəy atası” Rövnəq Abdullayev, susqun Elxan Məmmədov və... Tolik - “QARABAĞNAMƏ”

Tarix:

25-08-2017, 11:16

/ 1 963 dəfə oxundu.
“Təşkilatçı” Ramin Musayev, “bəy atası” Rövnəq Abdullayev, susqun Elxan Məmmədov və... Tolik - “QARABAĞNAMƏ”

"Qarabağ" artıq UEFA Çempionlar Liqasının qrup mərhələsindədir. Və artıq futbol təssərrüfatımızın rəhbərlərinin (hamısı yox-red.) bu uğuru dolayısıyla öz "ayaqlarına" yazmaq cəhdləri də ortadadır. Əvvəlcə onların fikirləriylə tanış olaq.

Peşəkar Futbol Liqasının (PFL prezidenti Ramin Musayev:

"Bütün futbolsevərləri, Azərbaycan xalqını təbrik edirəm. "Qarabağ" dünən axşam tarixi uğura imza atdı. Sevindirici haldı ki, 23 avqust vaxtilə bizim üçün ağır gün olsa da, dünənki tarix unudulmaz oldu. Burada azarkeşlərin də, jurnalistlərin də - hamının əməyi var. Bu uğuru tək "Qarabağ" komandası yox, hamımız qazandıq. Doğrudan bu bir tarix oldu".

AFFA prezidenti Rövnəq Abdullayev:

"Qarabağ"ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir. "Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Klubun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından "Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram".
İndiyə qədər Ramin Musayev hansıa klubumuz uduzanda "bu hamımızın məğlubiyyətidir" dediyini görmüsünüzmü? Təbii ki, çətin məsələdir. Bəs Rövnəq Abdullayev futbolumuzun rəhbəri ola-ola ildə neçə dəfə futbol haqda danışır? Maksimum 3-4 dəfə.
Yeri gəlmişkən, PFL futbol üzrə Azərbaycan çempionatını keçirən təşkilatdır. Məsələn, elə bilin ki, övladınıza toy edirsiniz. Müğənninin, tamadanın, musiqiçilərin pulunu verirsiniz prodüser Tolikə. Deyirsiniz ki, oxuyan Röya olsun, musiqiçilər filankəs, tamada da bəhmənkəs olsun.
Yeri gəlmişkən, bu arada AFFA-nın baş katibi çox susqundur. O Məmmədov ki az öncə izah etdiyim vəziyyətdə ən azı "bəyin böyük qardaşı" statusunu daşıyır. Əgər AFFA prezidenti futbolumuzun atası (vəzifə mənasında) hesab edilirsə, baş katib də yəqin ki, böyük qardaş sayılmalıdır. Bəs Ramin Musayev kimdir? Yuxarıda qeyd etdiyimiz kimi, o, sadəcə çempionatın təşkilatçısıdır. Doğrudur, o Tolik olmasa da, hər halda milli çempionatımızın təşkilatçılığına rəhbərlik edir.
İndi durumun anormallığına baxın. Bəyin "böyük qardaşı" qalıb kənarda, təşkilatçı çıxıb sağlıq deyir. Bəs "böyük qardaş" nədən narazıdır? Bax indi gəlib çıxdıq mətləb üstünə.
Daxil olan məlumata görə, "Qarabağ"ın bu uğuru Elxan Məmmədovun heç də ürəyindən olmayıb. Hər halda premyer liqanın 5 klubuna nəzarət edən baş katib Musayevin kurasiyasında olan (bu kimi iddialar dəfələrlə mətbuatda da yer alıb-red.) "Qarabağ"ın uğurunun yarısı qədər uğur qazana bilməyib.
Hətta bəzi mütəxəssislər hesab edirlər ki, "Qarabağ"ın ən böyük uğurlarından biri zamanında Musayevi öz sıralarına "transfer" etməsiydi. Hərçənd ki, Ağdam təmsilçisinə görə Musayev bir neçə hakimi işsiz qoydu, ailələri çörəksiz qaldı. Ancaq onu da etiraf etmək lazımdır ki, işsiz qalan hakimlərin də səhvləri az deyildi.

Elxan Məmmədov otelçilik, çimərlik futbolundan pul qazanmaq işlərini nə qədər dərindən bilsə də, Musayevin "köhlən atlar"ın ("Qarabağ"ı belə də adlandırırlar-red.) "quyruğu"ndan yapşıaraq xeyli irəliləyəcəyini hesablaya bilmədi.
Elə Rövnəq Abdullayevin bugünkü təbrikdə vurduğu eyham da onu deməyə əsas verir ki, Elxan Məmmədov AFFA-dakı əvvəlki nüfuzunu xeyli zəiflədib. Çünki illərdir federasiyaya daxil olan müxtəlif millilərə sırışdırılan yararsız legioner məşqçilər, "milliləşdirilmiş" futbolçular, proqram və layihələr... bütün bunlar Məmmədovun təxəyyülünün məhsuludur.

Diqqətimizi 2 məqama yönəldək. Özünüz baxın və təhlil edin.

Elxan Məmmədovun nəzarətində olan 5 klubun büdcəsi "Qarabağ"ın büdcəsindən azdır. Amma bir zamanlar bu klubların əksəriyyətinin büdcəsi "Qarabağ"ınkından xeyli çox idi. Bəs həmin pullar indi niyə yoxdur? Cavab çox sadədir. Həmin 5 kluba ayrılan pullar illər öncə heç bir "rastamoşka"dan keçmirdi və birbaşa büdcəyə otururdu. İndi isə Məmmədov "gömrükçü" qismində həmin vəsaitlərin "rastamoşka"sını həyata keçirir və nəticədə komandaların büdcəsinə qəpik-quruş gedib çıxır.

"Neftçi", "Səbail", "Sumqayıt", "Kəpəz" və "İnter"in düşdüyü duruma baxın. Sadəcə dəhşətdir.

Bəs ikinci fakt nədən ibarətdir?

AFFA yerli futbol azarkeşlərini aldatdığı kimi, bunu UEFA və FİFA-ya qarşı da edir.

Bəli, yetərincə ağır ittiham oldu. Amma təbii ki, izah edəcəyik.

Hər iki qurumun (UEFA və FİFA-nın) əsasnaməsində göstərilir ki, federasiya milli çempionatda heç bir kluba maddi və mənəvi dəstək verə bilməz. Hətta vaxtilə AFFA-nın mərhum prezidenti Fuad Musayev "Şəfa" adlı komanda yaratdığına görə FİFA Azərbaycanı cəzalandırmışdı. Bəs indi necə olur ki, FİFA-nın baş verən həngamələrdən xəbəri yoxdur?
Maraqlı və düşünməli sualdır, eləmi? Cavabını bilmək istərdinizmi?
AFFA FİFA-nın "bığının altından" keçə bildiyinə görə, ali futbol qurumundakılar da baş verənləri görməzdən gələ bilirlər. Yəni, "əl əli yuyur, əl də üzü".
Yəqin çoxlarınız bu fikirdəsiniz ki, Ramin Musayevin "Qarabağ"ı Elxan Məmmədovun beş klubuna dəyər. Ən azı indiki durumda belə demək mümkündür.
Bəli, "Qarabağ"ın qazandığı uğur çox böyükdür, hətta ağılasığmazdır. Ancaq bu, nə AFFA-nın, nə Elxan Məmmədovun, nə də Rövnəq Abdullayevin uğurudur. Bu, rəhbərliyin, məçqçilərin, futbolçuların illərdir çəkdiyi zəhmətin bəhrəsidir.
Ağdam təmsilçisinin Avropada qazandığı bu nailiyyəti hansısa quruma bağlamaq gülünc olar.
Hə, yaddan çıxmamış bunu da qeyd edək. "Qarabağ"da nə Müşahidə Şurası var, nə pul paylayanlar, nə də pul yeyənlər. Komandanın əla rəhbərliyi, baş məşqçisi və qaymaq saya biləcəyimiz oyunçularımız var. Və şübhəsiz ki, uğurları "Qarabağ" özü qazansa da, Ramin Musayevin dəstəyini də unutmuruq.
Bu gedişlə "Qarabağ" on il ard-arda çempion olsa, yəqin ki, kimsə təəccüblənməyəcəyik. Manikür, pedikür ustalarının, biznesmenlərin, şoumenlərin, jurnalistlərin, yazıçıların, şairlərin, neftçilərin, alpinislərin hünəri deyil bu, dostlar. Bunun üçün futbolu sevmək, inanmaq və yorulmadan çalışmaq lazımdır. "Qarabağ" kimi...

MediaFax

Şərhlər

XƏBƏR LENTİ