SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “GÜZƏŞTLİ MƏNZİL”İN GÖRÜNMƏYƏN GÜZƏŞTLƏRİ – MİDA mənzil seçimi qaydalarını dəyişə bilməzmi?

“GÜZƏŞTLİ MƏNZİL”İN GÖRÜNMƏYƏN GÜZƏŞTLƏRİ – MİDA mənzil seçimi qaydalarını dəyişə bilməzmi?

Tarix:

17-10-2019, 18:58

/ 1 072 dəfə oxundu.
“GÜZƏŞTLİ MƏNZİL”İN GÖRÜNMƏYƏN GÜZƏŞTLƏRİ – MİDA mənzil seçimi qaydalarını dəyişə bilməzmi?

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi və bir çox evsiz ailələrin ümid yerinə çevrilən sosial evlər layihəsinin ümidləri doğrultduğunu demək xeyli çətindir. Bunun da bir neçə səbəbi var.

Birincisi, güzəştli mənzillərlə bağlı tətbiq olunan şərtlər mənzilə ehtiyacı olan ailələrin böyük qismini namizədlər siyahısından kənarda qoyur. Digər tərəfdən, təklif edilən evlərin qiymətləri mənzil bazarındakı orta qiymətlərdən heç də kəskin şəkildə fərqlənmir.

Ötən il mənzillərin paylanması zamanı elektron mənzillərin satışa çıxarıldığı e-gov.az saytının çökməsi və 3 gün işləməməsi, nəticədə müxtəlif anlaşılmazlıqların, sualların və şübhələrin yaranması isə ümumilikdə bu layihənin şəffaflığına olan ümidlərə böyük zərbə vurdu.

Buna baxmayaraq, sözügedən layihəyə maraq kifayət qədər böyükdür və hər dəfə mənzil sahibi olmaq üçün MİDA-ya böyük sayda vətəndaş müraciət edir. Lakin təəssüf ki, mənzillərə sahib olmaq üçün tətbiq edilən seçim mexanizmi əhali arasında birmənalı qarşılanmır.

Qeyd edək ki, ötən gün MİDA-nın Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi həyata keçirilib.

Oktyabrın 16-da saat 11:00-da başlanılmış seçim prosesi bir neçə dəqiqədən sonra başa çatdırılıb. Rəsmi məlumatda deyilir ki, satışa çıxarılan 570 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olub.

Rəsmi məlumatda seçim prosesinin şəffaf keçirildiyi bildirilsə də, çoxsaylı müraciətlərinə, seçim prosesində iştiraklarına baxmayaraq, uzun müddətdir heç cür mənzil sahibi ola bilməyən böyük sayda vətəndaş var.

“AzPolitika.info”-ya da müraciət edən belə vətandaşlar xeyli vaxtdır bütün şərtlərə əməl etmələrinə, dəfələrlə seçimlərdə iştiraklarına baxmayaraq, heç cür mənzil ala bilmədiklərinə görə seçim prosesinin ədalətli aparıldığına şübhə ilə yanaşırlar.

Bu şübhələrin nə dərəcədə əsaslı olduğunu demək çətindir. Lakin son zamanlar mənzil bazarında MİDA-nın layihəsi nəticəsində əldə edilən güzəştli mənzillərin az qala kütləvi şəkildə kirayəyə verilməsi ondan xəbər verir ki, nədənsə mənzillər bir çox hallarda onlara ehtiyacı olanların deyil, işbazların qisməti olur. Bu isə mənzil seçimi prosesilə bağlı şübhələri xeyli artırır.

Təbii ki, heç bir fakta malik olmadığımızdan güzəştli mənzillərin seçimi prosesində hər hansı saxtakarlığa yol verildiyini iddia edə bilmərik. Lakin bu prosesin MİDA-ya müraciət edən vətəndaşların böyük qismi tərəfindən narazılıqla qarşılandığını nəzərə alsaq, bir növ “kim qabağa düşdü, mənzil onundur” seçim prinsipindən imtina etməyin daha doğru olacağı qənaəti yaranır. Yəni ki, daha sadə, hamı üçün əlçatan və şəffaf seçim prosesi keçirmək olar.

Məsələn, güzəştli mənzillərin seçimini telekanalların birində lotoreya formasında təşkil etmək olar. Və vacib deyil ki, məsələn, 570 mənzil bir gündə keçirilən lotoreya ilə paylanmış olsun. Çünki bunun üçün çox vaxt lazım ola bilər. Ona görə də, məsələn, 3-5 gün ərzində gündəlik bir saat efir vaxtı alınaraq, lotoreya keçirmək və mənzillərin ədalətli, şəffaf şəkildə bölüşdürülməsinə nail olmaq mümkündür. İddiaçılar da ekran qarşısında oturaraq, prosesi şəffaf şəkildə izləyə bilərlər və o zaman heç bir narazılıq da qalmaz.

Bununla yanaşı, hansısa başqa variantlar da düşünüb, tətbiq etmək mümkündür. Əsas məsələ odur ki, ölkə rəhbərliyinin ortaya atdığı gözəl bir ideya olan “Güzəştli mənzil” layihəsinin üzərinə kölgə salınmasın. İnsanlarda mənzil seçimi ilə bağlı əsaslı şübhələrə yer qalmasın. Ola bilər ki, hazırkı elektron seçim üsulu tam şəffafdır. Lakin böyük sayda insanın heç cür seçimi qazana bilməməsi və dəfələrlə müraciət etməsinə rəğmən hər dəfə uğursuz olması ondan xəbər verir ki, hazırkı seçim üsulu tam ədalətli deyil!

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ