SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

Tarix:

15-06-2023, 12:30

/ 616 dəfə oxundu.
Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 13-14-də Azərbaycanda səfərdə olub. 
Birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirib ki, Ərdoğanla görüşdə növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı, həmçinin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını diqqətə çatdırıb. “Bu gün biz sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir”, - Prezident deyib.
Azərbaycan və Türkiyə liderlərinin görüşü zamanı Zəngəzur dəhlizi də gündəmdə olub. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu vurğulayıb. Ərdoğan isə Zəngəzur dəhlizini "üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz" məsələ adlandırıb.
"Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək", - Türkiyə lideri bildirib.
O, həmçinin Türkiyənin Şuşada Baş konsulluğunun açılmasına məsələsinə də toxunub: “Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”.
Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuat qarşısında birgə bəyanatla çıxış etmələri və bu bəyanatda toxunduqları məsələlər, iki ölkənin yalnız siyasi və hərbi deyil, eyni zamanda nəqliyyat-tranzit, təhsil, mədəniyyət və başqa sahələrdə də əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyini deməyə əsas verir.
Azərbaycan Türkiyəyə 20 milyard dollar həcmində sərmayə yatırıb və iqtisadiyyatının enerji sektorunda aparıcı rola malikdir. Bundan başqa, Azərbaycan qazı Trans Anadolu və Trans Adriatik qaz kəmərləri vasitəsi ilə Avropaya ixrac olunur. Cari ildə Azərbaycan Türkiyə vasitəsi ilə Avropaya 12 milyard kubmetr qaz nəql edəcək. Hər iki dövlət Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Bu səfər həm də dünyaya bir mesajdır. Şübhəsiz ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Hər iki dövlətin strateji məqsədləri bəllidir. Türkiyənin Prezidenti yeni bir kabinetlə ölkəmizə gəldi. Ötən gün demək olar ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq şurasının iclası olub. 
 
Aysel Mənsimova - politoloq 

Şərhlər

XƏBƏR LENTİ