SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çin Karqo” şirkətində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

“Çin Karqo” şirkətində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Tarix:

24-02-2023, 12:00

/ 847 dəfə oxundu.
“Çin Karqo” şirkətində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 31 il zaman məsafəsi ayırır. Ölkənin bütün şəhər və rayonlarında Xocalı faciəsi ilə bağlı anım mərasimləri keçirilir.
Bu gün “Çin Karqo” şirkətinin konfrans zalında Xocalı Soyqırımına həsr olunmuş yığıncaq keçirilib.
Şirkətdən Xalqxeber.Az-a verilən məlumata görə, “Çin Karqo”-nun rəhbəri Şamil Heydərov tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şamil Heydərov sözünə davam edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Artıq 3 ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şərhlər

XƏBƏR LENTİ