SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ərəb Dövlətləri Liqası: Azərbaycan üçün önəmli platforma

Ərəb Dövlətləri Liqası: Azərbaycan üçün önəmli platforma

Tarix:

4-11-2022, 11:11

/ 469 dəfə oxundu.
Ərəb Dövlətləri Liqası: Azərbaycan üçün önəmli platforma

 
İlham Əliyev: “Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq”
 
Bu həftə Azərbaycanda regional və beynəlxalq miqyaslı mühüm siyasi hadisələrlə zənginliyi ilə seçilir. Belə ki, Soçi sammitindən dərhal sonra Prezident İlham Əliyev Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində iştirak edəcəyi həmin ölkəyə səfər edib.
Belə bir gərgin gündəmin mövcudluğunun daha bir reallığı var - Azərbaycan istər bütövlükdə böyük dünya siyasətində, istərsə də ərəb ölkələri ilə regional ikitərəfli və çoxtərəfli münasibətlərdə balanslaşdırılmış xarici siyasət yürüdür, habelə bu xüsusda Prezident İlham Əliyev liderliyi faktorunun da daim diqqət mərkəzində olduğunu isbatlayır. O cümlədən, ölkəmizin Cənubi Qafqaz regionunun lider dövləti olması da sözügedən sammitin təşkilatçıları tərəfindən nəzərə alınır. Beləliklə, ən qlobal və dünyəvi əhəmiyyətli məsələlərin müzakirələrində Azərbaycanın da yerinin və rolunun diqqətə alınması artıq öz əhəmiyyətini sübut etməkdədir.
Digər tərəfdən, ƏDL-nın sammitində iştirakın əhəmiyyəti daha bir amilə söykənir, yəni bu təşkilat həm də geniş bir platformadır. Orada iştirak növbəti imkanları təqdim edir – ölkələrdə yaşanan problemlərin müştərək müzakirələrlə həll edilməsi, qarşılıqlı yardımlaşma, habelə yeni ideya və təkliflərin irəli sürülməsi və s.
Azərbaycan Prezidenti: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır”
Sammitdə çıxış edən dövlətimizin başçısı bir sıra əhəmiyyətli məqamlara toxunaraq vurğulayıb ki, Əlcəzair də zamanında ağır sınaqlardan keçib və bu ölkənin xalqına qarşı amansız soyqırımı siyasətləri törədilib. Prezident İlham Əliyev xüsusilə, əsl həqiqəti gizlədərək yalanları təbliğ edən, son vaxtlar açıq-aşkar Azərbaycan əleyhinə siyasət aparan, üstəlik Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan xalqına qarşı qətliamlar törətmiş Ermənistana dəstək göstərən Fransanın dövlət rəhbərliyinə də ismarıc yollayıb. SİTAT: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
Ölkə rəhbəri: “2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır”
Dövlətimizin rəhbəri çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən, bu siyasətin 44 günlük Vətən müharibəsində məhv edilməsindən, eləcə də müharibənin iki ildir ki, başa çatmasına baxmayaraq ermənilərin hələ də sülh prosesinə mane olmasından, mina və s. təxribatlarından danışıb və xatırladıb ki, bu gün həmin Ermənistana vaxtilə Əlcəzair xalqına qarşı amansızcasına qətliamlar törətmiş Fransa dəstək göstərir. Ancaq buna baxmayaraq, Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb, üstəlik öz daxili resursları hesabına. SİTAT: “Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq”.
Dövlət başçısı: “Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk”
Azərbaycan Prezidenti xatırladıb ki, o ƏDL-nın sammitində Qoşulmama Hərəkatının sədri kimi iştirak edir, lakin, eyni zamanda, ölkəmizin Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. SİTAT: “Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”.
“Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”, deyə Prezident İlham Əliyev qeyd edib.
Beləliklə, fakt budur ki, Azərbaycan belə bir mühüm beynəlxalq təşkilatın önəmli tədbirlərində də təmsil olunmaqla dünyaya öz mesajını göndərmək imkanını əldə edir və bu platforma eyni zamanda, yeni partnoyrların, etibarlı tərəfdaşların da cəlb olunmasına öz münbit təsirlərini göstərəcək.
 
 
Rövşən RƏSULOV –siyasi icmalçı

Şərhlər

XƏBƏR LENTİ