SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Milli Qurtuluşumuz Böyük Qələbəyə aparan yolun başlanğıcı oldu

Milli Qurtuluşumuz Böyük Qələbəyə aparan yolun başlanğıcı oldu

Tarix:

18-06-2021, 11:52

/ 771 dəfə oxundu.
Milli Qurtuluşumuz Böyük Qələbəyə aparan yolun başlanğıcı oldu

Tarix Azərbaycan xalqını dəfələrlə çətin, ağır sınaqlara çəkib. Yadelli işğalı, qonşu xəyanəti, soyqırımlar, faciələr yaşayıb Azərbaycanımız. Amma Azərbaycan xalqı tarixə elə bir bəxşiş etmişdir ki, nə zaman nə də məkan bu bəxşişin dəyərini dəyişə bilməmişdir. Böyük siyasətçi, yenilməz sərkərdə, əvəzsiz lider, bir millətin, bir xalqın xilaskarı olmaq missiyasını məharətlə yerinə yetirən Ulu Öndər Heydər Əliyev xalqımızın tarixə ən böyük bəxşişidir. Çünki, zamanın axınına qarşı durmağı və tarix yazmağı yalnız dahi şəxsiyyətlər bacarır.
Azərbaycan 70 illik əsarətdən sonra  yenidən məhv olmaq təhlükəsi ilə üz-üzə durduğu zaman məhz xalqın səsinə səs verən, çağırışına gələn yenə də Ümummilli Liderimiz, xalqın böyük oğlu  Heydər Əliyev oldu. 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük lider  siyasi vəziyyətin əlverişsiz olmasına baxmayaraq, müstəqil Azərbaycanın möhkəm və sağlam bünövrəsini yarada bildi. Məhz  bu möhkəm təməl bugünkü inkişafa və tərəqqiyə aparan yolun başlanğıcı oldu.
9 iyun 1993 cü il tarixində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi. 1997 ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etdi. Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu ÖndərHeydər Əliyevin Azərbaycanrəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli və obyektiv qiyməti əks etdirir. 
Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu  Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız  sevgisi.
Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, əsas istəklərinin yalnız hakimiyyəti əldə saxlamaq olması nəticəsində Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Dövlət əmlakının talan edilməsi, idarəçiliyə təcrübəsiz şəxslərin gətirilməsi, ölkədə qanunsuz silahlı dəstələrin aktivləşməsi torpaqlarımızın düşmən tərəfindən işğalına şərait yaratmaqla bərabər xalqla hakimiyyət arasında dərin böhrana yol açdı. İxtişaşalar, mitinqlər, özbaşınalıqların baş alıb gedirdi. Həmin dövrdəki Azərbaycan hakimiyyəti bugünkü Ermənistan hakimiyyəti ilə çox oxşardır. Çünki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. 
Çətin durumda olan Azərbaycan xalqı və xalqın dəyərli ziyalıları öz xilasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. AXC-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi. Hərbi məğlubiyyət daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər.
Belə bir məqamda Yeni Azərbaycan Partiyasının yaranmasına əngəl olmaq istəyənlər əslində Azərbaycan dövlətçiliyinə qarşı çıxırdılar. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər YAP-ın qurultayı Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. 
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi. Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.
Tarix beş istiqamətdə öyrənilir : Zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Bu beş istiqamətdə müasir Azərbaycan tarixinin hansı sahəsinə nəzər salsaq, orada Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu və izini görərik. Bizə dövlətçiliyimizi, müstəqilliyimizi qaytaran böyük lider eyni zamanda dilimizi, dinimizi, milli mənliyimizi, bayramlarımızı, bayrağımızı özümüzə qaytardı. Məhz o böyük şəxsiyyət sayəsində yaşadığımız  faciələrə düzgün hüquqi-siyasi qiymət verildi, tariximiz saxtalaşmaqdan xilas oldu. 
 “ Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq. ” deyərək sabahımıza dərin inam, ümid ifadə edən Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə əslində bugünkü qələbələrimizin və tariximizdə yeni bir dövrün əsasını qoymuş oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, məhz 15 iyun tarixində “Şuşa Bəyannaməsi” kimi tarixi bir müqavilənin imzalanması Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir.
Bir Füzuli sakini olaraq, 15 iyun-  Milli Qurtuluş günü kimi tarixi bir gündə ölkə başçısı cənab İlham Əliyevin rayonumuzda səfərdə olması, türk dünyasının böyük siyasətçilərindən olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması bizlərə böyük qürur və fəxr hissi bəxş etdi. Hazırda rayonumuzun işğaldan azad edilmiş ərazilərində aparılan geniş tikinti-quruculuq işləri, həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr, reallaşdırılan nəqliyyat infrastrukturu  Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanımızın gələcək  inkişafında rayonumuzun da xüsusi  yeri  olacağından xəbər verir.

Şərhlər

XƏBƏR LENTİ