SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş hakim dələduza çevriləndə... - LƏTİF NƏBİYEV PULLARI NAZİR MÜAVİNİNƏ VERDİYİNİ İDDİA EDİR

Keçmiş hakim dələduza çevriləndə... - LƏTİF NƏBİYEV PULLARI NAZİR MÜAVİNİNƏ VERDİYİNİ İDDİA EDİR

Tarix:

16-06-2021, 10:14

/ 641 dəfə oxundu.
Keçmiş hakim dələduza çevriləndə... - LƏTİF NƏBİYEV PULLARI NAZİR MÜAVİNİNƏ VERDİYİNİ İDDİA EDİR

Uzun illər Bakı Apellyasiya Məhkəməsinin, Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev özü bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilir.

Lətif Nəbiyev elə hakim işlədiyi dövrdə də rüşvət almaqda və ədalətsiz hökmlər çıxarmaqda ittiham olunmuşdu. 2003-cü ildə Ali Məhkəmənin kollegiyası onun barəsində intizam tədbiri görüb, baxdığı işlərdə çoxsaylı qanun pozuntuları aşkar edildiyinə görə rəsmən irad bildirib. 2008-ci ildə isə Lətif Nəbiyev rüşvət aldığı üçün Prezident İlham Əliyevin sərəncamı ilə onun hakim statusuna vaxtından əvvəl xitam verilmişdi.

Qohum və tanışlarını torpaq sahəsi almaq, birgə biznes qurmaq adıyla aldadıb onların pulunu mənimsəməkdə ittiham olunan keçmiş hakim əvvəl qətiyyən özünü təqsirli bilmir, heç kimdən pul almadığını deyirdi. Amma ötən məhkəmə iclaslarından birində uzaq qohumu Azad İbrahimovdan pul aldığını təsdiqləyib. (“Azadlıq” radiosu)

İbrahimov sabiq hakimin işində iki zərərçəkmişdən biridir. Xarici ölkədə işləyən İbrahimov Bakıda dəniz kənarında və Xətai rayonu ərazisində torpaq sahəsi almaqdan ötrü Nəbiyevə ümumilikdə 250 min dollar pul verdiyini deyir. Onun sözlərinə görə, həmin dövrdə Nəbiyev hələ hakim vəzifəsində çalışırdı.

“Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var. Lətif mənə deyirdi ki, narahat olma”- deyə Azad İbrahimov bildirir.

Azad İbrahimov deyir ki, Lətif Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunub.

Sabiq hakim isə məhkəmədə deyib ki, İbrahimovdan alınan pulu hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini vəzifəsində çalışan Əli Abdullayevə verib. Onun sözlərinə görə, həmin dövrdə Abdullayev Dövlət Əmlak Komitəsində işləyirdi: "Məndən tələb olunan pullar Əli Abdullayevdədir...".

Nəbiyevin işində ikinci zərərçəkmiş isə Rüstəm Abdullayevdir. O, məhkəmədə dindirilərkən deyib ki, keçmiş hakim onu Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı işlərin görülməsinə pul yatırıb qazanc götürmək adıyla aldadılıb. Onun özü və qohumlarından 2012-ci ilin iyunundan başlayaraq bir neçə dəfəyə ümumilikdə 60 min dollara yaxın pul alınıb.

Zərərçəkmiş deyir ki, aldadıldığını başa düşəndə Nəbiyevdən pulunu tələb etməyə başlayıb. Hər dəfə də bir bəhanə eşidib: "Gah deyirdi ki, bu gün-sabah "Akkord" şirkətindən 200 min manat pul alacaq, mənim pulumu da, əlavə qazancı da verəcək. 2017-ci ilin martında sevincək dedi ki, "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə xanımla qohum olur, qızının nişanı olacaq. Kəbirə xanım yaxın günlərdə ona böyük tikinti layihələri verəcək, yaxşı pul qazanacağıq, hər şey super olacaq".

Zərərçəkmiş vurğulayıb ki, Nəbiyev sonradan ona evini satıb borcunu ödəyəcəyini vəd etsə də, yerinə yetirməyib. Bu üzdən ondan şikayətçi olub.

Sabiq hakimə ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İstintaq və məhkəmə dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ