XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Xuraman Muradova: Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub

Xuraman Muradova: Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub

Xuraman Muradova: Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub
26-03-2021, 22:23

Xeyirxahlıq nəciblik, mərhəmət, şəfqət və alicənablıq deyil, xeyirxahlıq hər şeydən birinci mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər.
Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: “Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun” - deyib əleyhüssəlam: “Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın”.
Əgər birinci halda xeyirxahlıq bir nəticə, nəcib sosial akt kimi təbliğ olunursa, ikinci nöqteyinəzər daha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi saxlanclarından xəbər verir, təvazökarlıq, alicənablıq kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq, etika və nəzakət normalarını təşviq edir.
Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Məşhur ispan dramaturqu Migel de Servantesin bu barədə fikri daha çox diqqət çəkir: “Xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir”.
Deyirlər yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər. Stresslərin, müharibə ocaqlarının, qan-qadanın artdığı bir dünyada  cəmiyyətin öz yolunu sabit tutaraq irəliləməsi çox çətin bir prossesə dönür. İqtisadi və sosial problemlərlə yüklənmiş insanlar özlərinin gündəlik qayğıları ilə o qədər yüklənir və yorulurlar ki, başqalarınn dərdini görüb-eşitməyə gücləri qalmır. İnsanların arasında hələ də bütün bu çətinliklərə baxmayaraq özündə güc tapıb ömrünü başqalarına həsr edən şəxsləri görəndə sevinir, sözün yaxşı mənasında təəccüblənirsən. Bu gün sizə Milana Hospitalın rəhbəri Xuraman xanım Muradovadan söhbət açmaq istəyirəm. Xuraman xanım artıq uzun illərdir xeyriyyəçiliklə məşğuldur. Etdiyi işləri eşidəndə qürur duymamaq mümkün deyil. Və əmin olursan ki, xeyir iş görmək üçün böyük sərvət, böyük imkanlar gərək deyil, sadəcə istəmək və insana sevgi yetərlidir. Həqiqətən də son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Xuraman Muradova xeyriyyəçilik mövzusunda, bu sahənin indiki vəziyyəti, Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin inkişaf perspektivləri barədə fikirlərini Xalqxeber.Az-a bölüşüb.
-    Xuraman xanım, Xeyriyyəçilik nədir?
-    Xüsusilə qeyd edim ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan, Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərindən xeyriyyəçilikdir. Məhz, bu gün ölkəmizdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paterkalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir “sənaye”yə çevrilməsini müşahidə edirik.
Xeyriyyəçilik termini insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə assosiasiya yaradır. 
Bununla da, xeyriyyəçilik işlərinin dairəsi konkret, özü də bir qayda olaraq, əhalinin sosial baxımdan zəif təbəqələrini təmsil edən insanlara – əlillərə, yetimlərə, qocalara və başqalarına bu və ya digər şəkildə kömək göstərilməsi ilə məhdudlaşır. Bu mənada xeyriyyəçilik anlayışının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, zəiflərə və ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır.
Bununla bərabər, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Bu fəaliyyət həm fiziki, həm də hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Həmin yardımı alanlar da həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik hesab edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir.
-    Xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələri vardır. Xeyriyyəçilik üçün əlverişli şərait yaradılması istiqamətində hansı işlər görülməlidir?
-    Cəmiyyətdə xeyriyyəçiliyin və könüllülüyün, necə deyərlər, müsbət imicinin yaradılması üçün kütləvi informasiya vasitələrinin də böyük imkanları vardır. Lakin təəssüf ki, bizim mətbu və elektron KİV-lər, xeyriyyəçilik işlərini  az işıqlandırır, az müzakirə edirlər, xeyriyyəçilik mövzusuna həsr olunmuş maraqlı mövzular yoxdur.
Lakin əgər biz öz uşaqlarımıza və gənclərə xeyriyyəçilik fəaliyyəti “zövqü” aşılaya bilsək, onları xeyirxahlıq, həssaslıq, cəmiyyətin rifahına təmənnasız xidmət etməyə hazırlıq ruhunda tərbiyə edə bilsək, filantropiyanın möhkəm mənəvi-mədəni təməlinin formalaşmasında daha böyük səmərə əldə edərik. Buna isə, ilk növbədə, böyüməkdə olan nəsli praktik xeyriyyəçiliyə və könüllü ictimai-faydalı işlərə geniş cəlb etmək yolu ilə nail olmaq mümkündür. Ümumiyyətlə, xeyriyyəçilik gərgin və məsuliyyətli əmək deməkdir və ona uşaq yaşlarından öyrəşmək lazımdır. 
-    Sizcə, xeyriyyəçilik fəaliyyətinin ictimai əhəmiyyəti nədədir?
-    Müasir cəmiyyətdə xeyriyyəçiliyin rolunu dərindən dərk etmək üçün bunu əsas götürmək lazımdır ki, o, nemətlərin və resursların indiki anda dəstəklənməyə ən çox ehtiyacı olan müəyyən fərdlərin, sosial qrupların və sahələrin xeyrinə yenidən bölüşdürülməsinin nadir mexanizmidir. Xeyriyyəçilik, təbii ki, əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. xeyriyyəçilik, ehtiyacı olanlara kömək etməyə hazır olmaq keyfiyyətləri xalqımıza əsrlər boyu xas olmuşdur. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və bir sıra başqa şəxslərin adları isə Azərbaycanda filantropiyanın tarixinə qızıl hərflərlə yazılmışdır. Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuşdur və indi də belədir. İslamın da, digər dünya dinlərinin də təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri məhz bu mənəvi prinsiplərdir. 
- Siz xeyriyyəçiliklə məşğul olanlara və ya məşğul olmağa hazırlaşanlara nə arzu edərdiniz?
- Mən bu insanlara onların xeyirxah təşəbbüslərində uğur diləmək istəyirəm. Qoy onlar daha cəsarətli və inadkar olsunlar, çətinliklərdən qorxmasınlar.
Yadda saxlasınlar ki, “xeyriyyəçilik” sözünün arxasında müəyyən səbəblərə görə, müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş canlı insanların problemləri dayanır.
Öz fəaliyyətsizliyinə vaxt və vəsait çatışmazlığı ilə haqq qazandırmaq lazım deyil. Bəzən sizin adi insani diqqətiniz və iştirakınız şəxsi ianəyə, şəxsi töhfəyə çevrilə bilər. Sizin xeyirxah əməlləriniz hökmən bizim həyatımızda yaxşılığın “sayının” artmasına gətirib çıxaracaqdır. Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.