XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Elton Məmmədov dövlətdən oğurladığı milyonları necə qorumağa çalışır? - Ramiz Mehdiyevin “qara kassir”i

Elton Məmmədov dövlətdən oğurladığı milyonları necə qorumağa çalışır? - Ramiz Mehdiyevin “qara kassir”i

Elton Məmmədov dövlətdən oğurladığı milyonları necə qorumağa çalışır? - Ramiz Mehdiyevin “qara kassir”i
11-02-2021, 15:32

Vətən müharibəsindən sonra Azərbaycanda korrupsiya və məhz bu bataqlıq üzərindən milyonlar qazanaraq, oliqarxlaşmış keçmiş məmurlara qarşı mübarizə davam edir. Artıq keçmiş nazirlərdən həbs edilənlər, o cümlədən, istintaqa dəvət olunanlar var.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərov, “Baku Stell Comany” MMC-nin rəhbəri Rasim Məmmədov və sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilənlər arasındadır.

İstintaqa dəvət olunan keçmiş nazirlər və digərlər məmurlar da var. Misal üçün, bir neçə gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədov haqqında belə məlumat yayılmışdı.

Yaxın dövrlərdə daha ciddi proseslərin baş verəcəyi istisna olunmur. Belə demək mümkünsə, zamanın yetişdiyi, oliqarxlar üçün “əcəl zənginin” çalındığı artıq görünür.

Bu proseslərin fonunda nəzərlər Milli Elmlər Akademiyasına, ətrafında oliqarxlaşmış məmurların elm ocağı ətrafına toplanmasına yönəlir. Xüsusilə də, son dövrlər Azərbaycan elminin çətiri altına sığınan və “günəşi parlayan” Elton Məmmədov.

Sual olunur ki, Ziya Məmmədov istintaqa dəvət edilirsə, bəs Elton Məmmədov niyə kənarda qalır?

Keçmiş nəqliyyat nazirinin varidatı qədər qardaşı Elton Məmmədovun da əmlakı var və sirr deyil ki, qardaşlar uzun illər dövlət vəsaitinin mənimsənilməsi hesabına zənginləşiblər.

Hər kəsin bildiyi bu həqiqət Elton Məmmədovun istintaqdan kənarda qalması, elm ocağında “karyera pillələrini” sürətlə yüksəlməkdədir.

Əsas məqam da məhz budur. Elton Məmmədov AMEA-ya niyə gətirildi?

O, pensiya yaşında karyera yüksəlişini nəyə və kimə borcludur?

Hər şey Ramiz Mehdiyevin uzun illər tutduğu PA rəhbəri postundan çıxarılması və AMEA-ya rəhbər qoyulması ilə başlandı. Qoca akademik elm ocağına daxil olan kimi “islahat” adı altında təmizləmələrə start verdi. Ölkədə baş verənlər köklü islahatlar fonunda vəzifəsindən gedən Ramiz Mehdiyevin AMEA-da apardığı “islahatlar” həm yeni dövrlə ayaqlaşmaq cəhdi, həm də sanki “güc nümayişi” kimi görünürdü. Lakin o da məlumdur ki, akademikin “islahatları”nın altında keçmiş nazirləri, məmurları ətrafına toplamaq, vəzifədə olduğu dövrdə qurduğu biznes şəbəkəsini daha çox inkişaf etdirmək məqsədləri dayanır. Bu şəbəkədə isə Elton Məmmədovun adı və fəaliyyəti qırmızı xətlə keçir.

Keçmiş nazirin qardaşı, sabiq deputat Elton Məmmədov bir müddət öncə Ramiz Mehdiyevin qərarı ilə AMEA-nın İşlər İdarəsinin müdiri təyin olundu. Ardınca onun AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyinatı haqqında xəbərlər yayıldı. Reaksiya kifayət qədər sərt idi və bu təyinat dərhal AMEA tərəfindən təkzib edildi.

Elton Məmmədova AMEA-da xüsusi münasibətin olduğu isə sirr deyil və səbəbləri çox sadədir.

Ramiz Mehdiyevin “qara kassası”: elm cameəsində hər kəs Elton Məmmədovla bağlı bunu danışır. Onun AMEA-nın İşlər idarəsinin müdiri vəzifəsinə gətirilməsi də məhz “kassir” rolundan qaynaqlanır.

Ramiz Mehdiyevin həm də qonşusu olan Elton Məmmədovun akademikin karantin vaxtı nəvəsinə keçirdiyi qalmaqallı toy mərasimində iştirak etməsi, daha sonra bunu müdafiə edənlər arasında yer alması da təsadüfi deyildi.

Görünən odur ki, oliqarxlar elm ocağını da maxinasiyalar yuvasına çeviriblər.

Ramiz Mehdiyevin “qara kassiri” olan Elton Məmmədovun mövcud variadatına nəzər yetirdikdə də, onun niyə hələ də istintaqa dəvət edilmədiyi sualı yenidən aktuallaşır.

Heçnə sirr deyil, açıq mənbələrdə belə məlumatlar kifayət qədərdir.

Bakı Beynəlxalq Avtovağzalı: “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa edilən avtovağzal Elton Məmmədovun nəzarətində olub. Bu “səlahiyyəti” ona həmin vaxt nazir olan qardaşı Ziya Məmmədov vermişdi.

Məlumatlara görə, dövlət sifarişi ilə inşa olunan avtovağzalın tikintisi Məmmədovların ailə şirkəti olan “ZQAN Holdinq” (sonradan adı “Qarant” olaraq dəyişdirildi, iddialara görə, buna səbəb də maxinasiyaların gizlədilməsidir) tərəfindən aparılıb.

Tikintinin baş podratçısı “Bakı XXI Əsr” MMC adlı şirkəti olub. Bu şirkətin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilərindən biri Elton Məmmədovdur. Avtovağzal kompleksinin inşasının 100 milyon dollara başa gəldiyi və tikinti zamanı külli miqdarda “yeyinti”nin olduğu haqda məlumatlar mətbuatda yayılıb.

Hətta, Elton Məmmədovun rəhbərlik etdiyi şirkətlərin sorağının bir müddət öncə Donetskdən - separatçıların arasından gəldiyinə dair də məlumatlar var.

Bu gün cəmiyyətdə haqlı olaraq suallar yaranır: bu qədər milyonların qaynağı haradır, yaxud deputat və nazir maaşı ilə belə bir biznes şəbəkəsi qurmaq mümkündürmü?

Bu, yalnız korrupsiya, dövlət vəsaitini mənimsənilməsi hesabına mümkündür və bunun belə olduğu heç də sirr deyil.

Elton Məmmədov nazir qardaşı kimi tanınmaqla yanaşı, qudurğan məmur övladının atası kimi də tanınır. Onun harınlamış oğlu Aynar Məmmədov. Bu cavan oğlanın adını "google" axtarış sisteminə daxil etsəniz, aşağıdakı məlumatlarla yanaşı çıxacaq:

- “Lamborghini Avendator LP700-4”;

- “BMW”;

- “Mercedes CLS 63”;

- “Grand Cherokee”;

- “Ferrari”;

- “Maserati”;

Bunlar Aynar Məmmədovun bəlli olan maşınlarının markalarıdır və ümumi qiyməti milyonlarla dollar dəyərində hesablanır.

Bir neçə il öncə bu haqda mediada məlumat yayılanda Məmmədovlar ailəsi israrla təkzib edirdi. Lakin faktlar Aynar Məmmədovun sosial şəbəkə hesablarında, eləcə də qarışdığı qalmaqallı hadisələrdə açıq şəkildə əksini tapırdı.

Elton Məmmədovun oğlu təkcə gənc yaşında “şah balası” kimi yaşaması ilə tanınmır, bu gəncin adı həm də qalmaqalla yanaşı çəkilir. Dosyesində avtoxüliqanlıqdan tutmuş, jurnalist döydürməsi və restoranda davaya qədər nə desən tapa bilərsiniz.

Bu dosye təkcə Aynar Məmmədovun ədabaz həyatının yox, həm də atası Elton Məmmədovun üstündə “oturduğu” sərvətin haradan, necə əldə etdiyinin, dövlət vəsaitlərinin talanmasından tutmuş, həyata keçirdikləri müxtəlif maxinasiyalara, hətta bu gün Ramiz Mehdiyevin “qara kassası” olmasına qədər hər şeyin sənəd-sübutudur. Jurnalist olaraq biz deyilənləri yazıb təqdim edirik, gerisini araşdırın ölçü götürmək isə müvafiq dövlət qurumlarına qalmış...
Demokrat.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.