SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Korrupsioner məmurların başları ağrıyacaq... - Yeni dönəm gəlir...

Korrupsioner məmurların başları ağrıyacaq... - Yeni dönəm gəlir...

Tarix:

7-11-2020, 10:28

/ 1 020 dəfə oxundu.
Korrupsioner məmurların başları ağrıyacaq... - Yeni dönəm gəlir...

Artıq uzun illərdir ki, korrupsiya Azərbaycanda ölkə həyatının bütün sahələrində kök salmış, cəmiyyəti ciddi şəkildə narahat edən bəlaya çevrilib. Ötən müddəst ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib.

Bundan əlavə, əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin(ASAN) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb. Bütün bunlara rəğmən, Azərbaycanda korrupsiyanın səviyyəsi cəmiyyəti narahat edəcək səviyyədə qalmaqda davam edir.

Beynəlxalq Şəffaflıq Təşkilatının 2019-cu ildə açıqladığı Korrupsiyanı Qavrama İndeksində (KQİ) Azərbaycanın mövqeyində ciddi geriləmə müşahidə olunub. Təşkilatın 180 ölkədə apadığı qiymətləndirmələrin yekunu olaraq, Azərbaycan 2018-ci ildəki mövqeyindən 30 pillə geriləməklə 152-ci yeri tutub. 2018-ci ildə Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi.

Onu da qeyd edək ki, 2019-cu ildə Azərbaycanda xeyli sayda yüksək vəzifəli dövlət məmuru fəaliyyətində yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub. 2020-ci ildə də davam etdirilən bu proses zamanı 6 rayon icra hakimiyyətinin başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs olunublar. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən alınıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən daha təsirli addımların atılması istənilir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə vəziyyəti, atılan addımlar, əldə olunan nəticələr və gözləntilərlə bağlı tanınmış hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovla danışdıq. Onunla müsahibəni diqqətinizə təqdim edirik:

- Əkrəm bəy, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin effektivliyini qiymətləndirin, zəhmət olmasa - mübarizə hərtərəfli və ölkədə mövcud korrupsiyalaşma səviyyəsinə uyğundurmu?

- Ölkədə korrupsiyanın səviyyəsi çox yüksəkdir. Demək olar ki, onun bürümədiyi sahə yoxdur. Əksər sahələrdə sistemli xarakter daşıyır. Bu baxımdan onunla mübarizə hərtərəfli və mövcud səviyyəyə uyğun deyil. Sistem halını almış bəla ilə də sistemli mübarizə aparmaq lazımdır. Bizdə isə mübarizə aparılsa da, pərakəndə xarakter daşıyır. Həm də bu məsələdə mübarizə aparanların kimliyi də həlledici amillərdən biridir. Məlum olduğu kimi, onların əhəmiyyətli hissəsi korrupsiya mexanizminin tərkib hissəsidir. Düzdür, son illər, hətta deyərdim ki, son aylar ərzində onların xeyli hissəsi vəzifədən kənarlaşdırılır. Bu da gələcəyə ümidləri artırır. Xüsusən də işğalçı düşmən üzərində qələbədən sonra yerli işğalçılarla mübarizənin güclənməsi qaçılmaz olacaq. Əvvəla, ona görə ki, mübarizənin başında duran Prezidentin reytinqi fantastik dərəcədə yüksəkdir. Digər tərəfdən, qalib xalq da məmurlara qarşı daha tələbkar olacaq. Məzlumluq sindromu artıq sınır!

- Azərbaycanda uzun illərdir korrupsiyaya qarşı mübarizə məqsədilə addımlar atılır. Müvafiq qanunverici baza yaradılıb, dövlət proqramları qəbul olunub, icra edilib. Sizcə, cəmiyyəti qane edəcək nəticənin əldə olunmamasında ən böyük problemlər haradadır: qanunvericilikdə, yoxsa onun tətbiqində?

- İlk növbədə qanunvericilikdə. Korrupsiya ilə əsasən kim məşğul olur? Məmurlar. Onlar korrupsiya ilə aşkar məşğul olurlar? Əlbəttə, yox, bunu gizli edirlər. Deməli, məmurların cinayətlərini müəyyən etmək üçün ilk növbədə onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır. Başqa sözlə, məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır.

Digər tərəfdən, dövlət büdcəsinin icrası üzərində ictimai nəzarətin qanunverici təminatı olmalıdır. Hər bir dövlət qurumu (hərbi və təhlükəsizlik sahələri istisna olmaqla) xərclərini gündəlik əsasda onlayn rejimdə saytında dərc etməlidir: Hamı üçün aşkar olsun ki, xalqın pulları hara gedir.

Başqa misal: dövlət vəsaiti hesabına güzəştli kreditləşdirmə şəffaf deyil. Hər bir sahədə. Mərkəzi Bankın kreditləri də, ipoteka kreditləri də, sahibkarlara güzəştli kreditlər də və s. qeyri-şəffaf şəraitdə verilir. Qanunla nəzərdə tutmaq lazımdır ki, belə kreditlər də kredit verən qurumların saytlarında tam açıqlanmalıdır. Amma əlbəttə, qanunvericiliyin icrasında da xeyli problem var. Məsələn, “Dövlət satınalmaları haqqında” Qanun var, amma ona əməl edən dövlət qurumlarını barmaqla göstərmək olar. Məsələn, hər il üzrə potensial satınalmaların planı qabaqcadan dərc olunmalıdır. Demək olar ki, əməl edən yoxdur. Digər misal: açıq tenderlər elektron qaydada hökumət portalında keçirilməlidir. Amma buna çox nadir hallarda rast gəlmək olar.

- Korrupsiyaya qarşı mübarizəni daha effektiv etmək üçün hansı sahələrdə addımların atılmasına ilk növbədə ehtiyac var?

- Dediyim kimi, ilk növbədə məmurların gəlir və xərclərinin bəyan edilməsi, dövlət büdcəsinin icrasına ictimai nəzarətin təmin edilməsi, dövlət satınalmalarının və dövlət vəsaiti hesabına kreditlərin şəffaflaşdırılması. Digər tərəfdən, məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Əvvəl-axır hər şeyə qiymət verən məhkəmələrdir. Onlar da korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, mübarizə səmərəli olmayacaq. Təəssüf ki, məhkəmə sistemi də Prezidentin təşəbbüslərini əngəlləyir. Məsələn, ötən ilin aprel ayında dövlət başçısı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Onun bəzi müddəaları hələ də icra olunmayıb. Misal üçün, fərmanda nəzərdə tutulan “məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması” təmin olunmalı idi. Amma edilməyib. Niyə? Çünki məhkəmə icraatının qeyri-obyektivliyində maraqlı olanlara bu, sərf etmir. Fərmanda “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması tapşırılmışdı. Burada məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Yəni əhali, vəkillər, digər maraqlı şəxslər oxşar işlər üzrə əvvəlki məhkəmə qərarlarını rahatlıqla tapmaq imkanına malik olmalıdır ki, məhkəmələr vahid təcrübədən kənarlaşa bilməsin. Amma belə axtarış sistemi hələ də yaradılmayıb. Əksər məhkəmələr, ümumiyyətlə, qərarlarını dərc etmir. Pis-yaxşı, yalnız Ali Məhkəmə dərc edir, amma onun da axtarış sistemi çox səmərəsizdir: yalnız özünün müəyyən etdiyi sözlər üzrə axtarış vermək olur. Məsələn, mən istəsəm ki, Ali Məhkəmənin bütün qərarları üzrə “qəzet” sözünü axtarışa verim (mətbuatla bağlı qərarları təhlil etmək üçün), heç nə çıxmayacaq.

- Bir neçə il əvvəl monitorinq yolu ilə ən çox korrupsiyalaşmış sahələr açıqlanırdı. Son illərdə buna rast gəlinmir. Sizcə, hazırda ən çox korrupsiyalaşmış sahələr hansılardır?

- Harada pul çoxdursa, ilk növbədə korrupsiya da orada daha çoxdur. Bu, bütün dünyada belədir. Deməli, ilk növbədə maliyyə sahəsidir: dövlət satınalmaları, dövlət büdcəsinin icrası, vergi, gömrük, bank və s. İkinci yerdə hüquq-mühafizə və məhkəmə sistemidir. Çünki bütün özbaşınalıqları muzd müqabilində ört-basdır edir. Üçüncü yerdə isə müvafiq lisenziya və icazə verən qurumlardır. Məsələn, tikintiyə və s.

- Son zamanlar müxtəlif ranqlı vəzifəli şəxslərin səs-küylü həbslərini korrupsiyanın qarşısının alınması baxımdan effektiv tədbirlər kimi qiymətləndirirsinizmi?

- Bəli, bu tədbirlər effektivdir. O mənada ki, korrupsionerlərdə əminlik hissini sarsıdır. Amma bu, sistemli tədbir deyil, çünki daimi və hərtərəfli deyil. Mübarizə ictimai nəzarətə söykənməli və sistemli olmalıdır. Təsadüfi deyil ki, Prezidentimiz də dəfələrlə ictimai nəzarətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

- Son illərdə müşahidə etdiyimiz bir proses var: Korrupsiya ittihamı ilə həbs olunan şəxslərin böyük əksəriyyəti vaxtından əvvəl azadlığa buraxılır. Bu, digər məmurlarda “tutulsam da tezliklə azadlığa çıxacam” kimi arxayınçılıq yaradırmı, sizcə? Bunun qarşısını almaq üçün qanunvericilikdə cəza tədbirlərini sərtləşdirməyə, yoxsa mövcud qanunlara tam əməl etməyə ehtiyac var?

- Bəli, bu, mənfi haldır. Mən hesab edirəm ki, dövlət məmurlarının maaşı xeyli artırılmalı, amma korrupsiyaya görə ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir. Yəni hər ikisi eyni vaxtda tətbiq olunmalıdır ki, lazımi effekt əldə etmək mümkün olsun.

QEYD: Müsahibə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqat və rəy sorğusu aparılması” layihəsi çərçivəsində hazırlanıb.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ