XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hadi Rəcəblinin və ailə üzvlərinin biznesi - YENİ SİYAHI

Hadi Rəcəblinin və ailə üzvlərinin biznesi - YENİ SİYAHI

Hadi Rəcəblinin və ailə üzvlərinin biznesi - YENİ SİYAHI
14-06-2020, 12:46

Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qızı Ülviyyə Tahirli TOURMEDİST Məhdud Məsuliyyətli Cəmiyyətini 2016-cı ilin avqustunda qeydiyyatdan keçirib. Qeydiyyat sənədlərinə görə təsisatın qanuni təmsilçisi onun əri İlham Heybət oğlu Tahirlidir.

Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.

C.Həsənli qeyd edib ki, H.Rəcəbli qızının yeni şirkətinin təmtəraqlı təqdimatını onun qeydiyyata alınmasından 3 ay əvvəl Central Park Oteldə təşkil etmişdi.
"Tourinvest" MMC səhiyyə və turizm sektorunu bir araya gətirir, bağlantıları Türkiyə və Qazaxıstana qədər uzanır. Qısa müddət ərzində beynəlxalq biznes şəbəkəsinə çevrilən TOURMEDİST-in Amerika, İsrail, İngiltərə, Hindistan, Cənubi Koreya və Yaponiyada 400-dən artıq klinikaya çıxışı var.
2016-cı ildə eyni adla İstanbulda qeydiyyatdan keçən TOURMEDİST SAĞLIK HİZMETLERİ EĞİTİM TURİZM MEDİKAL ÜRÜNLER VE DANIŞMANLIK LTD. şirkətinə isə Rəcəblilər ailəsinin türkiyəli ortağı Osman Toker rəhbərlik edir. İstanbul Ticaret Odasında təsdiq edilmiş qeydiyyat sənədlərinə görə İstanbulun Zeytunburnu Çırpıcıyolu 5/3G/C ünvanında yerləşən şirkət müalicə və cərrahiyyə klinikalarında sahib olmaq, tibbi alət, cihaz və avadanlıqların satışını təşkil etmək hüququna malikdir.

Tourmedist səhiyyə turizmi şəbəkəsinə daxil olan 3-cü mərkəz isə 2016-cı il avqustun 27-də Qazaxıstanda açılıb. Paytaxt Nur-Sultanın Esil rayonu, Kurqaldjinskoe 8 ünvanında TOURMEDIST TOO (ТОВАРИЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "TOURMEDIST") hüquqi adı ilə qeydiyyata alınmış şirkətə də Osman Toker rəhbərlik edir. 2018-ci il maliyyə hesabatına görə Qazaxıstandakı şirkətin dövriyyəsi 362.880 dollar təşkil edib.

Osman Tokerle Hadı Rəcəblinin ailə üzvlərinin

ortaqlığı təkcə sağlıq turizmi sahəsi ilə məhdudlaşmır, o həm də sabiq deputatın qızına məxsus olan və ötən ilin fevralında qeydiyyatdan keçmiş "ATOMİYUM" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

ATOMYUM da TOURMEDİST kimi beynəlxalq biznes şəbəkəsidir, Coworking (birgə iş) mərkəzlərinə sahibdir. Fəqan Tahirli beynəlxalq şəbəkənin Azərbaycandakı mərkəzini təsis edib. Bakının Zərifə Əliyeva küçəsi 55 ünvanında yerləşən "Yeni Həyat" Plazadakı 250 kvadrat metr sahəsi olan biznes mərkəzi deputatın nəvəsinə məxsusdur.

Fəqan Tahirli 2017-2018-ci ildə illik təhsil haqqı 13 min dollar olan Londonun Koventry Universitetində magistratura təhsili alıb.

Biznes şəbəkəsinə aid https://atomyum.com/ saytından məlum olur ki, şəbəkənin Azərbaycandan başqa daha iki ölkədə - Belçikada (Leuvensesteenweg 49, 1932 Zaventem, Brussels) və ABŞ-da (4701 Patrick Henry Dr Building 25, Santa Clara, CA 95054, USA) da icarəyə təklif olunmuş iş mərkəzləri var.

Hadı Rəcəblinin kürəkəninə gəlincə, İlham Tahirli Kapitalbankın Nağd vəsaitlərin idarə edilməsi departamentinin müdiridir, "Qlobal Humanitar" qeyri-hökumət təşkilatının rəhbəridir. Onun rəhbəri olduğu QHT Hadı Rəcəblinin dəstəyilə Lənkəranın bir neçə kəndinə su xətləri çəkilməsi layihəsi hesabına Yaponiyanın Azərbaycandakı səfirliyindən külli-miqdarda vəsait alıb. Məsələn, 2018-ci ildə sabiq deputatın kürəkəni Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Tükəncil kəndinə içməli su xəttinin çəkilməsi adı altında 89,131 dollar qrant alıb.

2017-ci ildə isə Yaponiya hökuməti tərəfindən Rəcəblinin kürəkəninə aid təşkilata 83,213 dollar qrant (Günəhir kəndinə su xətti çəkilməsi) üçün ayrılıb. Layihələr uzaq məsafədən bulaq sularının xətlərlə kəndlərə gətirilməsini nəzərdə tutsa da, deputatın kürəkəni artezian quyuları hesabına onu icra edib. Yəni yaponları aldadıb.

Hadı Rəcəblinin indiyədək bəlli olan ailə şirkətləri:

1. "VRS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi keçmiş deputatın gəlini SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.

VRS – Vüsal (Rəcəbli) Səidə adları və soyadının abbreviaturasıdır.

2. "MOBA3” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.

3. "VRS CONSULTİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Qanuni təmsilçisi CÜLYETTA HƏSƏNOVA ƏNVƏR qızıdır.

4. "VR SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - təsisçisi RƏCƏBLİ VÜSAL HADI oğludur.

5. "K.E.T.S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi RƏCƏBLİ TURAL HADI oğludur.

6. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ – Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

7. "MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

8. "KAVERSON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

9. "APTUST” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

10. "ŞERİF-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

11. "VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Qanuni təmsilçisi Hadı Rəcəblinin yaxın qohumu Şadil Xəzail oğlu Rəcəblidir.
Hadi Rəcəblinin və ailə üzvlərinin biznesi - YENİ SİYAHI








XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.