XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Spiker və müavinləri kim olacaq?

Spiker və müavinləri kim olacaq?

Spiker və müavinləri kim olacaq?
12-02-2020, 10:58

Dəyişiklik növbəsi Milli Məclis rəhbərliyinə çatdı...
Yeni parlamentin tərkibinin necə olacağı haqqında təsəvvürlər tam şəkildə özünü doğrultdu.

Hakim Yeni Azərbaycan Partiyası 75 mandatla parlament çoxluğunu, Vətəndaş Həmrəyliyi Partiyası isə 3 deputatla ana müxalifəti təşkil edir. Ötən çağırış Milli Məclisdən iki partiya sədri - Araz Əlizadə və Fərəc Quliyev istisna olmaqla, qalan siyasi təşkilatlar da bir mandatla kifayətlənməli oldular. ReAL Partiyası isə qurucu üzvü Erkin Qədirlinin 16 saylı Yasamal ikinci Seçki Dairəsindən deputat seçilməsi ilə parlamentdə ilk dəfə təmsil olunur.

Milli Məclisin qalan üzvləri hakimiyyəti dəstəkləyən bitərəflərdən ibarətdir ki, onların sıraları da xeyli yeniləndi, yeni simalar seçildi.

Parlamentin tərkibinin üçdə biri dəyişir, rəhbərlik necə?

Bundan sonra əsas maraq yeni Milli Məclisə kimlərin rəhbərlik edəcəyinə yönəlib. Məlumdur ki, 2005-ci ildən parlamentə sədrlik edən Oqtay Əsədov 45 saylı Abşeron Seçki Dairəsindən yenidən deputat seçilib. Spiker 22 günlük təbliğat-təşviqat kampaniyası zamanı özünü çox arxayın aparması ilə diqqət çəkdi, seçicilərlə bir dəfə də olsun, görüşmədi. Onun seçki kampaniyasını Yeni Azərbaycan Partiyasının (YAP) yerli şöbəsi apardı. Seçicilərin görüşünə də Oqtay müəllimin vəkilləri getdi. Bu günlərdə onun infarkt keçirməsi barədə xəbərlər yayılıb və spikerin yaxınları tərəfindən təkzib olunub. Bu və ya digər faktorları nəzərə alsaq, “Oqtay Əsədovun yenidən Milli Məclisə (MM) sədrlik edəcəkmi” sualına cavab axtarmazdan əvvəl təcrübədən çıxış edərək, hakimiyyətdə MM-in spikeri ilə bağlı mövcud olan qaydalara diqqət edək:

- Milli Məclisin sədri hakim çoxluğun – Yeni Azərbaycan Partiyasının nümayəndəsi olmalıdır;

- Qeyri-rəsmi proporsiyaya görə əslən Qərbi Azərbaycandan olan deputatlardan biri olmalıdır.

Şübhəsiz ki, bu dəfə də spiker YAP-ın deputat korpusundan bir nəfər olacaq. Amma onun regional mənsubiyyəti ilə bağlı mülahizə yürütmək bir qədər çətindir. Çünki müəyyənləşdirici əsas faktor hakimiyyətin elan etdiyi islahatlar kursudur və onun Milli Məclsin rəhbərliyinə hansı formada təsir göstərəcəyidir. Məlumdur ki, son aylarda hökumətdə ciddi struktur və kadr islahatları aparılıb. Növbədənkənar parlament seçkilərinin keçirilməsi də bu prosesin tərkib hissəsidir. Artıq məlumdur ki, parlamentin tərkibinin üçdə biri dəyişib. Təkcə hakim partiyanın 20 deputatı seçkilərə qatılmayıb, eyni zamanda hakimiyyəti dəstəkləyən bitərəflərin də siyahısına ciddi əl gəzdirilib. İndi qalıb yekun mərhələ - Milli Məclsin sədarətində kimlər əyləşəcək.

Oqtay Əsədov üç çağırış Milli Məclisə sədirlik edib. O, 15 ildə qanunverici hakimiyyətin rəhbəri olsa da, hakimiyyətin əsas fiqurlarından birinə çevrilə bilməyib. Bu müddətdə parlamentin nüfuzu aşağı düşüb, ölkənin idarəçiliyində rolu azalıb. Əlbəttə, bu təkcə Oqtay müəllimin şəxsiyyəti, xarakteri ilə bağlı deyil. Bura hakimiyyətin müəyyənləşdirdiyi seçki sistemindən tutmuş, mandat verilən şəxslərin cəmiyyətdəki mövqeyi, məmur oliqarxiyasının idaərçiliyə güclü təsir imkanları, habelə keçirilmiş iki referendumda parlamentin səlahiyyətlərinin azaldılması kimi mühüm faktorlar daxildir. Ötən üç seçki müddətdində hakimiyyətdə icraedici orqanın səlahiyyətləri hədsiz artırılıb, paralel olaraq qanunverici hakimiyyət zəiflədilib.

Oqtay Əsədovun şansı niyə azdır?

Bundan sonra necə olacaq? Əlbəttə, hazırki siyasi sistemdə parlamentin rolu dəyişməyəcək, islahatlar fonunda ancaq onun rəhbərliyi dəyişdirilə bilər. Bu ehtimalı gücləndirən bir neçə fakt və mülahizələr var. Əvvəla, Oqtay Əsədovun ailə üzvlərinin Rusiyadakı biznesi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narazılıq yaratdı və bu fakt onun reputasiyasını ciddi şəkildə zədələyib.

İkincisi, üç dəfə spiker olan şəxsin dördüncü dəfə bu postda saxlanılması islahatlar kursunun prinsiplərinə uyğun gəlmir. Məntiqlə hakimiyyət icra qurumunda ciddi dəyişikliyə gedibsə, Milli Məclisin vitrininə də yeni simaların çıxarılmasında maraqlı ola bilər. Bu prosesə artıq start verilib. Vitse-spiker Bahar Muradova deputatlığa namizədliyini irəli sürməyib. Hökumətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri postunu tutan Hicran Hüseynova isə əskinə, seçkilərə qatılıb. Mətbuatın mülahizələrinə görə, xanım Hüseynova Milli Məclis sədrinin müavini, Bahar Muradova isə onun hökumətdəki postunu tuta bilər.

Daha bir vitse-spiker Valeh Ələsgərov da Prezident tərəfindən Ələt İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun rəhbəri vəzifəsinə təyin edildiyindən o da parlament seçkilərinə qatılmayıb. Beləliklə, Milli Məclisin hazırki rəhbərliyindən yalnız spiker Oqtay Əsədov və birinci vitse-spiker Ziyafət Əsgərov parlament sistemində təmsilçiliyə iddialıdırlar.

Oqtay müəllimin şanslarının zəif olmasından bəhs etdik, birinci vitse-spikerin həmin posta qalıb-qalmayacağı barədə isə mülahizələr söyləmək bir qədər çətindir. Z.Əsgərov siyasətdə ardıcıl mövqeyə sahibdir, hakimiyyətin alternativlərinə, onu tənqid edən Qərb dairələrinə qarşı sərt fikirləri ilə məşhurdur. İndiki dönəmdə onun dəyişdirilməsi o qədər də ağlabatan görünmür.

Şanslı namizədlər

Mövcud şərtlərə görə, parlament rəhbərliyinin sədr və iki müavini YAP-dan, daha bir müavin isə bitərəflərdən təşkil olunur. İdarəçilikdə gender balansının təmin olunmasına görə, vitse-spikerlərdən biri mütləq qadın millət vəkili olmalıdır. Ehtimal etmək olar ki, həmin postu Hicran Hüseynova tuta bilər. Bitərəflərin namizədinə gəlincə, onların ən şanslı nümayəndəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevdir. Onun həm daxildə, həm də xaricdəki fəaliyyəti ilə bağlı cəmiyyətdə müsbət rəylər mövcuddur. Siyasi partiya üzvü olmasa da, siyasi cəhətdən kifayət qədər hazırlıqlıdır, beynəlxalq təşkilatda uğurlar qazanan, ölkəni xaricdə yaxşı təmsil edən azsaylı hakimiyyət nümayəndələrindən biridir.
Bəs YAP-ın siyahısında Oqtay Əsədovu əvəz etməyə ən şanslı namizəd kim ola bilər? Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, əslən Qərbi Azərbaycandan olan Əli Hüseynli digər həmkarlarından daha şanslı görünür. O, uzunmüddətli parlament fəaliyyətində daha çox müxalifətə və hakimiyyəti tənqid edən Qərb strukurlarına qarşı kəskin mövqeyi ilə fərqlənib. Paralel olaraq, Ə.Hüseynli Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığını açıq təbliğ edən şəxsdir. Komitə sədrinin siyasi karyerasında önə çıxan bu iki məqam gələcək spiker kimi onun şanslarını artırır. Hakimiyyətin Qərblə konfrantasiya mərhələsinə keçməsilə yanaşı Rusiya ilə əlaqələrini dərinləşdirməsi də Əli Hüseynli kimi şəxslərin karyera yüksəlişinə əlavə stimul sayıla bilər.

Nəticə...

Nəticə olaraq qeyd etmək olar ki, 9 fevralda Milli Məclisin hansı səbəbdən buraxılmasına tamamilə aydınlıq gəldi. İndiki mürəkkəb siyasi şəraitdə hakimiyyətin belə mühüm addım atması təsadüfi deyil və bir sıra gələcək planlarla bağlıdır. Onların başında cəmiyyətdən dəstəyi artırmaq, siyasi rəqabət imkanlarını yüksəltmək və risklərdən sığortalanmaq durur. Hakimiyyət strateqləri fərqindədirlər ki, dünyada və regionda cərəyan edən proseslərin Azərbaycanın daxili siyasi vəziyyətinə təsiri getdikcə artır. Müəyyən faktorlara görə cəmiyyət xarici və daxildəki alternativ çağırışlara daha həssasdır. Bu tendensiyanı önləmək üçün hakimiyyətdə ciddi kadr və struktur dəyişiklikləri aparılır. Cəmiyyətə mesaj verilir ki, yenilikləri, dəyişiklikləri kənardan və daxildəki başqa qüvvələrdən yox, məhz ondan gözləsin. Bu çağırışlara cavab vermək üçün hökumətlə bərabər Milli Məclisin tərkibinin üçdə biri yenilənir, çox güman, rəhbərliyi də əsaslı şəkildə dəyişdiriləcək.

AzPolitika.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.