SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bəzi deputatlar kreslolarını oğullarına vermək istəyir

Bəzi deputatlar kreslolarını oğullarına vermək istəyir

Tarix:

13-12-2019, 13:15

/ 776 dəfə oxundu.
Bəzi deputatlar kreslolarını oğullarına vermək istəyir

Ekspertlər bildirir ki, Azərbaycan qanunlarına görə, sabiq deputatların və hazırkı məmurların övladlarının belə hüququ var, amma...
9 fevral növbədənkənar parlament seçkilərində kənarda qalmaq ehtimalı yüksək olan bəzi yaşlı deputatların yeni yaranmış vəziyyətdən “çıxış yolu” kimi seçkidə bu dəfə özlərinin deyil, oğullarının namizədliyini irəli sürüb deputat mandatı əldə etməyi planlaşdırdıqları barədə xəbərlər yayılır. Yeni parlament barədə daha çox səslənən fikirlər qanunverici orqanın əsasən gənclərdən formalaşacağı ilə bağlıdır.

Təbii ki, bu fikirlər də çox yaşlı olan deputatların yeni parlamentdə təmsil olunma şansını azaldır. Məsələn, 79 saylı İmişli seçki dairəsindən namizədliyi Ümid Partiyası Ali Məclisi tərəfindən irəli sürülən jurnalist Bakir Həsənbəyli sosial şəbəkədəki statusunda yazıb ki, uzun illərdir bu dairədən YAP-ın təmsilçisi iş adamı Əsabil Qasımov olub. Ölkədə bir nəfər belə tapılmaz ki, ötən 9 il müddətində Əsabil Qasımovun MM-də hansısa problemlə bağlı bir çıxışını xatırlasın, Əsabil Qasımov bu dəfə oğlu-"Karat Holding"in icraçı direktoru Taleh Qasımovun namizədliyi ilə əlaqədar fəaliyyətə başlayıb.

B.Həsənbəyli yazıb ki, Ə.Qasımov öz yaxınları vasitəsilə müxalif düşərgənin adamlarına “nə istəyirsiniz edim, ancaq Talehin namizədliyinə mane olmayın” mesajları göndərir.

Daha bir neçə yaşlı və imkanlı deputatın öz yerinə övladını deputat etməyə çalışdığı barədə xəbərlər var.

Ekspertlər isə bildirir ki, Azərbaycan qanunlarına görə, sabiq deputatların və hazırkı məmurların övladlarının seçki prosesində iştirakının qarşısını yalnız qanunla müəyyən olunmuş qadağalar ala bilər. Yəni onların məhz kiminsə övladları olduqlarına görə seçkidə iştirakı əngəllənə bilməz. Ancaq belə bir istək atalarının nüfuzu və maddi imkanlarına güvənərək həyata keçirilirsə, təbii ki, bu yolverilməzdir və ölkədə aparılan islahatlara kölgə salır.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, bütün Azərbaycan vətəndaşlarının deputat olmaq iddiası ola bilər, bu normal haldır. Əgər ölkədə qanuni, ədalətli və demokratik seçkilər olacaqsa, bu, problem deyil: “Lakin müşkül odur ki, bunu iddia edən şəxslər təyinatlı seçkilərə vərdiş etmişlərdir. Biz belə fəsadlı düşüncələrin ortaya çıxmaması üçün iki iş görməliyik. İlk növbədə demokratik seçki ənənəsini yaratmalı, sonra isə ”qeyri-adekvat" deputatların övladlarını cəmiyyətə tanıtmalıyıq".

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə öncə qeyd etdi ki, gənclərin ölkənin siyasi həyatında fəal iştirakını birmənalı şəkildə dəstəkləsə də, yaş həddini intellekt, çevik zəka, bacarıq, məsuliyyət, işgüzarlıq baxımından ölçü vahidi hesab edir: “Ölçü sadaladığım keyfiyyətlərin özüdür, yaş yox. Parlament seçkilərinə bu və ya digər səbəblərdən qatılmaq imkanı olmayan, yaxud iştirakı mənsub olduğu siyasi düşərgə tərəfindən məqbul hesab edilməyən şəxslərin öz övladlarını deputat kürsüsündə görmək arzusuna gəldikdə isə, övladları bu adı daşımağa layiq olduqları halda bu niyyətə normal yanaşıram. Əks təqdirdə, belə fəaliyyəti cəmiyyətə, dövlətə daha çox fayda verə biləcək insanlara maneə yaratmaq, parlament seçkilərinin ciddiliyini şübhə altına almaq cəhdi kimi qiymətləndirirəm.

Amma bütün bunlar, sadəcə, müxtəlif şayiələrdən qaynaqlanan, təsdiqini tapmayan ehtimallardır. Ortalıqda konkret fakt olduqda daha konkret münasibət bildirmək olar".

Şərhlər

XƏBƏR LENTİ