SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Avtobusa minməyən deputat Novruzəli

Avtobusa minməyən deputat Novruzəli

Tarix:

12-11-2019, 18:04

/ 837 dəfə oxundu.
Avtobusa minməyən deputat Novruzəli

Milli Məclisin bitərəf deputatları siyahısında maraqlı bir ad var ki, onu hamınız eşitmiş olarsınız. Özü bitərəf olsa da, fəaliyyəti rəngarəng və çoxtərəflidir. Gəlin, əvvəl bəstələdiyi mahnılardan başlayaq, sonra keçək siyasi fəaliyyətinə. Mərhum İlhamə Quliyevanın dillərdə dolaşan mahnısı vardı – “Yaşın nə fərqi var”.

Bəhs etdiyimiz şəxs həmin mahnının bəstəkarı Novruz Aslandır. İxtisasca mühəndis olan Novruz Aslanın bəstələri də vaxtında xeyli populyarlıq qazanıb. Amma özünü bəstəkar saymadığını bildirir, “daha çox sevilən mahnıların müəllifi olaraq tanınmaq istəyirəm” deyir: “İlhamə xanımla birgə işimizin əvvəli də yaxşı oldu, sonu da. Beş musiqi diski, altı albom hazırladıq. “Yaşın nə fərqi var”, “Qaragilə”, “Bu şəhərdən gedə bilərsən” və başqa mahnıların bu gün də sevilməsində İlhamə xanımın da fədakarlığı oldu.”

Novruz Aslanın digər fəaliyyət sahəsi də tamam fərqlidir. O, 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. Dediyinə görə, bu iki fərqli fəaliyyət sahəsi heç vaxt onun işinə çətinlik yaratmayıb, əksinə, biri o birinə stimul verib. Deyəsən, bu stimul elə güclü olub ki, onu düz parlamentə qədər gətirib çıxarıb.

İndi gələk, onun pasport adı ilə apardığı 16 illik siyasi fəaliyyətinə. Novruzəli Aslanov siyasi baxışlarına görə bitərəfdir. Amma bioqrafik məlumatlarında qeyd edilir ki, o, 2005-ci ildə İsmayıllıdan deputatlığa namizədliyini irəli sürüb və o vaxtdan indiyədək Milli Məclisin deputatıdır. Bir müsahibədə jurnalist ona “bəstəkar mahnı mətnindəki ritmi tutduqdan sonra musiqi bəstələyir, bunu yaxşı bacarırsız, bəs həyatın necə, ritmini tuta bilirsiz?” sualını ünvanlayır. Deputatın cavabı belə olur: “Əlbəttə tuta bilirəm. Bu gün bunu bacarmadan yaşamaq, uğur qazanmaq mümkün deyil. İnsanın cəmiyyətdə bəlli öhdəlikləri, məsuliyyəti var. O, ailəsini, övladlarını dolandırmalı, balalarını cəmiyyət üçün yararlı insanlar kimi yetişdirməlidi. Bunları reallaşdırmaq üçün insan mütləq həyatın ritminə uyğunlaşmalıdı. XXI əsr çox mürəkkəbdi. Belə bir zamanda təbii ki, hamı həyatın ritmi ilə uyğunlaşa bilmir.”

Doğrudan da, buna həyatın ritminə uyğunlaşmaq deyərlər. Əliyevlər çətirinin altına girə bildinizsə, həyatın ritmi sizi ən azı 3 çağırış deputat kürsüsünə aparmağa yetəcək.

Yeri gəlmişkən, bu sözlər də ona aiddir: “Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm”… Bəli, bəli, bu sözləri bizim hörmətli Stalina oxşayan deputatımız intervyuda deyib. Lakin, Stalin bizim deputatdan daha sadə insan idi…

Novruzəli Aslanov deputat fəaliyyəti ilə bağlı tənqidi fikirlərə dözümsüzdür. Onun tənqidi fikirlərə görə jurnalist Ramin Dekonu məhkəməyə verməsini mətbuat nümayəndələri yaxşı xatırlamış olarlar. O vaxt İsmayıllı seçicilərinin deputatla bağlı şikayətlərini jurnalistin mətbuata çıxarması onu möhkəm qəzəbləndirmişdi. Deputat məhkəmə yolu ilə də olsa, hamıya sübut etməyə çalışır ki, seçiciləri ondan narazı ola bilməz. Amma deputatlar çox şey deyə bilər, hamı ölkənin problemlərini yaxşı bilir. İsmayıllı da Avropanın bir parçası deyil, həmin problemlərin yaşandığı rayonlardan biridir. Aslanov bir müsahibəsində “deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım” deyib. Görəsən, 14 illik fəaliyyəti dövründə Novruzəli müəllim düşünübmü, o parlamentdə deputat olmağın mənfi tərəfləri çoxdur, yoxsa deputat olmamağın?

https://storage.googleapis.com/qurium/azadliq.info/230116.html

Mənbə azadlıq.info

Şərhlər

XƏBƏR LENTİ