
O, bir günün içində Azərbaycanda və Rusiyada məşhurlaşdı. Heç özünün də ağlına gəlməzdi ki, taksi sürücüsü işləyən bir adam iki ölkənin telekanallarının baş xəbərinə çevrilər.
Onun həbs edilməsini əks etdirən əməliyyat kadrları və əli qandallı daxili işlər naziri Vladimir Kolokoltsevin hüzuruna gətirilməsinin görüntülənməsindən elə bir “şou” hazırlanmışdı ki, sanki adi bir cani yox, Bin Ladeni, yaxud da Əl Bağdadini yaxalamışdılar.
Söhbət 2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində onu qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalovdan gedir.
Onun həbsi elə bir vaxta təsadüf edirdi ki, Moskvadakı “Pokrovka” meyvə-tərəvəz bazasını bağlamışdılar, bazarda işləyən azərbaycanlıları sıxışdırırdılar.
Bir hadisənin ətrafında böyük ticarət mərkəzinin dağıdılması, azərbaycanlı əmək miqrantlarına qarşı hücumun başlanmasının məqsədi aydın idi.
Bunun arxasında Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan müəyyən dairələr dururdu ki, arzularına nail ola bilmədilər.
Elə Orxan özü də bu bazarda əvvəllər işləmiş, sonra taksi şoferi kimi çörək qazanmışdı. Əslən Şəmkirin Aşağı Seyfəli kəndindən olan O.Zeynalov artıq 6 ilə yaxındır ki, həbs həyatı yaşayır.
Bir müddət əvvəl onun Azərbaycana ekstradisiyası gündəmə gəlsə də, gerçəkləşmədi. Şəmkirdə ezamiyyətdə olarkən Orxanın ailəsinə baş çəkmək, onun vəziyyəti ilə maraqlanmaq qərarına gəldik...
Anası Yasəmən Zeynalovanın sözlərinə görə, sonuncu dəfə Novruz bayramında Orxanın yanında olublar: “Ay bala, bir iş idi ki, onun başına gəldi. Kim istəyərdi belə olsun? Uşaq 6 ildir Rusiya türmələrində qalıb. Orxan getmişdi ki, pul qazansın, özünə güzəran qursun, evlənib ailə-uşaq sahibi olsun, o boyda həngaməni çıxardılar, uşağımın ömründən 17 il kəsdilər. Siz o vaxt həmin hadisələri görmüşdünüz, bütün televiziyalar ondan danışırdı. Orxan elə bil ki, hansısa terror qruplaşmasının rəhbəriydi, əli qandallı gətirdilər, videoya zəkdilər. Mənim oğlumdan adam öldürən çıxmaz. Bu bayramda yanına getmişdik, iki gün Orxanla qaldıq, bayram sovqatı aparmışdıq. Belə vəziyyəti yaxşıdır, sağlamlığı yerindədir, saxlanma şəraitindən də narazılıq eləmədi. İmkan düşəndə yanına gedirik, 6 ildir Rusiya yollarında qalmışıq.
Sağ olsun Rusiyada yaşayan soydaşlarımız, onlar dəstək verirlər, Orxanın yanına gedib-gəlirlər, onu unutmurlar, sıxıntıda saxlamırlar, görüşməyə də heç bir qadağa yoxdur. Ancaq biz yaşlı adamlarıq, tez-tez yanına gedə bilmirik axı?!
Mən xəstə adamam, dərman-dava oluram, atası müəllim adamdır, işdən hər vaxt çıxa bilmir, elə maddi imkanımız da yoxdur ki, tez-tez Rusiyaya gedək.
Bizim bircə arzumuz var ki, onu Azərbaycana versinlər, burada cəzasının qalan hissəsini çəksin, sonra da balamın toyunu görüm, ondan sonra nə ola-ola".
Y.Zeynalova bildirir ki, 4 övladı var: “Orxan böyük oğlumdur, 1984-cü il təvəllüdlüdür, Abbaslı kənd məktəbində oxuyub, sonra hərbi xidmətə gedib.
Əsgərlikdən gələndən sonra Şəmkirdə fəhlə işlədi, mal-qara saxladı, gördü ki, kənddən dostları Moskvaya pul qazanmağa gedir, onlara qoşuldu.
Üç ildən çox idi ki, Moskvada işləyirdi, evə köməyi dəyirdi, axırda bu iş başına gəldi. Orxan idmanla məşğul olurdu, içki içmirdi. Mənə demişdi ki, ana, yayda gəlim, evlənəcəyəm.
Amma bu hadisə oldu, uşağımın arzusu yarımçıq qaldı. Ağıllı-kamallı uşaqdır, indi də türmədə namaz qılır. Deyir ki, ana, ancaq ibadətlə təskinlik tapa bilirəm. Allah özü ona yol açsın, cavanlığına bağışlasın".
Y.Zeynalova bildirir ki, oğlu Lipetsk həbsxanasındadır, onun Azərbaycana ekstradisiyası ilə bağlı ombudsman Elmira Süleymanovaya iki dəfə məktub yazıblar: “Bizə cavab gəldi ki, sənədləri Ədliyyə Nazirliyinə göndərilib, bu işlə onlar məşğuldurlar. Bizim ümidimiz yalnız prezident İlham Əliyevə və xanım Mehriban Əliyevayadır.
Ümidimizi itirməmişik, inanırıq ki, Azərbaycan dövləti Rusiya dövləti ilə danışıqlar aparıb, onun qaytarılması ilə bağlı razılıq əldə edəcək. Orxan cəzasının qalanını burada çəkmək istəyir".
Orxanın atası Zahid və anası Yasəmən Zeynalovalar prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinə də qəzetimiz vasitəsi ilə müraciət etdilər: “Orxanın 11 ili qalıb, bizim də ömrümüzdən gedir, yaşlı insanlarıq, həyatın işini bilmək olmur, axşam başımı qoyub yatdım, səhər hez bəlkə durmadım. Heç olmasa Azərbaycana gətirilsə, bir az ürəyimiz təskinlik tapar. Hər gün gözüm yoldadır ki, bəlkə bir xəbər çıxar.
Biz dövlətimizə güvənirik, prezidentimizə arxalanmışıq ki, Orxanın işi ilə bağlı addım atılacaq, ekstradisiyası müvafiq orqanlar tərəfindən Rusiya ilə razılaşdırılacaq.
Mən bir ana kimi üzümü Mehriban xanıma tuturam, o, həmişə bizim arxa-dayağımız olub, hər bir insana əlindən gələni kömək edir.
Xahiş edirəm, Orxanımın toyunu görməyi mənə nəsib eləsin, gətirək Azərbaycandakı həbsxanaya, orada evləndirək".
Orxanın atasının sözlərinə görə, dövlət hər şeyi bilir, lazımi addımlar da atılacaq, hər hansı şikayət etməyə ehtiyac görmürlər, oğlunun qaytarılması üçün qanuni prosedura uyğun olaraq zaman gözlənilməlidir.
Dövlətlər adətən öz ölkələrinin məhkəmələrinin nüfuzunun qayğısına qaldıqlarına görə, ekstradisiya prosesinin məhkumun öz cəzasının müəyyən hissəsini çəkdikdən sonra reallaşmasına icazə verir.
Rusiya, ümumiyyətlə, Orxan Zeynalovu qaytarmaqdan imtina da edə bilər. Bu ilk növbədə Azərbaycan tərəfin müraciəti və Rusiyanın bu müraciətə münasibətindən asılıdır.
Bir neçə il qabaq isə həmyerlimizin hüquqlarını Apelyasiya Məhkəməsində müdafiə etmiş vəkil Abasmirzə Abdullayev bildirmişdi ki, təzminatın ödənəcəyi təqdirdə O.Zeynalovun Azərbaycana ekstradisiyası baş tuta bilər: “Orxan Zeynalov məhkəmənin qərarı ilə 3 milyon rubl təzminat ödəməlidir. Bu təzminat ödənilmədiyi müddətdə onun Azərbaycana ekstradisiyası mümkün olmayacaq”.
Vəkilin sözlərinə görə, borcu özü ödəyə bilməsə belə, Azərbaycan rəsmilərindən hər hansı bir şəxs onun əvəzinə ödənilməsi üçün zamin dura, yaxud birbaşa həmin təzminatı ödəyə bilər.
Vəkil qeyd etmişdi ki, Rusiya tərəfi Orxanın orada həbsdə saxlanmasında maraqlı deyil. Çünki xarici ölkə vətəndaşının qidalandırılması və saxlanılması əlavə vəsait tələb edir.
Zeynalovlar ailəsi Azərbaycan dövlətinin rəhbərliyinə sığınaraq bir gün müjdə eşidəcəklərini hər səhər yuxudan duranda intizarla gözləyirlər...
“Yeni Müsavat”