SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Tarix:

23-05-2018, 09:11

/ 4 314 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyətində Fidumə Hüseynova hökmranlığı

Artıq bir aydan çoxdur ki, Bakı Şəhər İcra Hakimiyyəti postu boşdur. Şəhərə kimin rəhbərlik edəcəyi isə hələ ki kimsəyə məlum deyil. Belə ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi oldu. Onun əvvəlki vəzifəsi, yəni Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postu isə hələ də boş qalıb.
Yeni hökumətin formalaşması nəticəsində boş qalan postların demək olar ki, hamısına təyinat oldu. Ancaq nədənsə BŞİH-ə başçı təyinatı gecikir. Hazırda Bakı Şəhər İcra Hakimiyyətində icra başçısının birinci müavini vəzifəsi də boşdur. Öncə qeyd edək ki, ümumilikdə isə BŞİH rəhbərliyində 3 vəzifə var – başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan bu günə qədər onun da yerinə təyinat olmayıb.
Hazırda BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova başçının səlahiyyətlərini icra edir. O, 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışır. Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yəni idarəçilik sahəsində Fidumə Hüseynovanın hələ 2003-cü ildən təcrübəsi var. Fidumə Hüseynovanın BŞİH-ə başçı təyin olunacağı ilə bağlı mətbuatda bir sıra versiyalar irəli sürülsə də bu faktı bir çox ekspertlər real saymırlar.
“Yeni Müsavat”a danışan ekspert Fərhad Mehdiyev bildirib ki, Bakı şəhərində rayon icra başçılarının səlahiyyətləri də kifayət qədər genişdir: “Bakı Şəhər İcra Hakimiyyəti təbii ki, təkbaşına bütün şəhər ərazisinə məsuliyyət daşımır. BŞHİ-in başçısı ilə yanaşı, rayon icra hakimiyyətlərinin rəhbərləri də peşəkar olmalı, şəhərsalmanı bilməlidirlər. Sözsüz ki, onların hamısı bu peşəkarlığa malik deyillər. Görülən işlərə də nəzər saldıqda bunu başa düşmək olur. Şəxsən mən Yasamal rayonunda yaşayıram və orada müşahidə etmişəm ki, yaşıllıqlar necə məhv edilib, hündür binalar hansı formada tikilir. Ən böyük məsələlərdən biri də elə yaşıllıqların məhv edilməsi məsələsidir. İş adamları hansısa iş görən zaman onların qarşısında ən böyük problem şəhərsalma qaydalarıdır. Belə ki, burada yaşıllıqların salınması, müəyyən hündürlüklərin nəzərə alınması, ümumi istifadə olunan yerlərin geniş olması tələbidir. Lakin bu qaydalara çox zaman riayət olunmur. Demək olar ki, hər bir rayonda bu kimi hallara rast gəlirik. Ciddi nöqsan odur ki, bizdə bələdiyyələrin səlahiyyətləri azdır. Əhaliyə xidmət göstərən əsas qurumlar isə rayon icra hakimiyyətləridir. Abadlıq işlərinə gəlincə, bu işlər bizdə nəzərə alınmır. Biz Avropanın hər hansı bir paytaxt şəhərini götürüb Bakı ilə müqayisələr aparsaq, hər şeyi açıq şəkildə görəcəyik. Şəhərdə abadlıq işlərinin necə aparılması hər kəsə məlumdur. Hesab edirəm ki, BŞİH-ə təyinat artıq olmalıdır. Təyinat olmasa da şəhərdə ümumi işlər gedir. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi, rayon icra hakimiyyətlərinin işləməsi ilə bağlıdır. Yalnız şəhərsalma, planlama istiqamətində BŞİH-in müstəsna səlahiyyəti var. Bu isə hər gün görülən işlər deyil. Ona görə də təyinatın gecikməsi şəhər idarəçiliyində ciddi hiss olunmur”.
Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalardan indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Digər versiyaya görə, Abutalıbovun yerini “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub. Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.
Yeni yaradılmasına baxmayaraq, “AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ