SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hansısa Ruslan Bakı rayonlarından birində “hakimiyyət” olub…

Hansısa Ruslan Bakı rayonlarından birində “hakimiyyət” olub…

Tarix:

29-01-2018, 09:33

/ 1 358 dəfə oxundu.
Hansısa Ruslan Bakı rayonlarından birində “hakimiyyət” olub…

Oliqarxlar icra hakimiyyətlərinin məmurları vasitəsilə Bakının ən “yağlı” ərazilərini tutmaqda davam edirlər. Və əgər onlar əvvəllər öz qəsbkar əməllərinə heç olmasa “qanuni don” geyindirirdilərsə, indi elementar hüquq və ümumbəşəri normalara məhəl belə qoymur və daha qətiyyətlə hərəkət edirlər.
Xətai rayonundakı Turşu küçəsi 23/25-də yaşayan Şamil Abbasovun redaksiyaya müraciəti də məhz bu mövzudadır.
“Biz, qardaşım və anamla – Ramil Abbasov və Məhəbbət Abbasova ilə, necə deyərlər, bir parça torpaqda ümumi sahəsi 226 kv.metr olan üç kiçik ev tikmişik. Keçən ilin dekabrında Xətai Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları Elcan Əhmədov və Etibar Əhmədov gözlənilmədən bizə gəldilər. Məmurlar tələb etdilər ki, biz dərhal öz evlərimizi tərk edək, çünki bizim evlərimiz söküləcək və bu ərazidə dövlət sifarişinə uyğun olaraq, çoxmərtəbəli bina tikiləcək. Kompensasiya kimi bizə 180 min manat təklif etdilər. Üç evə görə!” – deyə Ş.Abbasov bildirib.

Sonra aydın olub ki, ərazidə tikintini “İnkişaf ADEC” şirkəti həyata keçirəcək, ancaq hansı əsasda o belə funksiyaları öz üzərinə götürüb və niyə buradakı evləri də elə o sökəcək, heç kim izah edə bilməyib. Məsələ aydındır: məhz bu dövlət sifarişinin yerinə yetirilməsi üçün heç bir tender keçirilməyib!
Bütün bunlar Abbasovlara şübhəli görünüb və onlar halal pulları və öz əlləri ilə tikdikləri evlərdən çıxmamağa qərar veriblər. Ancaq məmurların xəbərdarlığından heç bir ay keçməmiş, yeni il bayramlarından dərhal sonra bura RİH-in başqa əməkdaşları gəlib və 3 ailəni, sözün həqiqi mənasında, küçəyə atıblar: “Gün ərzində bizim evimizi yerlə-yeksan etdilər, hətta əşyalarımızı çıxarmağa belə imkan vermədilər. Biz hara müraciət edək, belə özbaşınalığa necə və nə ilə cavab verək?”.
Bu suala vəkil Elmar Sulyemanov son dərəcə aydın cavab verib: “Kiminsə şəxsi evinin sökülməsi yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər. Hətta əgər inşaatçı həqiqətən dövlət sifarişini icra edirsə… Ancaq göründüyü kimi, “İnkişaf ADEC” hər hansı tenderdə iştirak etməyib, deməli, onun hərəkətinin də dövlət sifarişi ilə əlaqəsi yoxdur”.
Saytın əməkdaşı Abbasovların evlərini sökməyə kimin sərəncam verdiyini aydınlaşdırmaq üçün Xətai RİH-in baş memarı Vadim Surxayevlə əlaqə saxlayıb.
Onun cavabı sitat gətirilməyə layiqdir: “Mən anlamıram, Abbasovlar ailəsi niyə virtualaz.org-a müraciət edir? Bəyəm sizin saytınız məhkəmə orqanıdır? Əgər Abbasovlar öz evlərinin icra hakimiyyəti tərəfindən sökülməsindən narazıdırlarsa, qoy məhkəməyə müraciət etsinlər. Redaksiyanın buna nə dəxli var?!”.
“Bəs Rayon İcra Hakimiyyəti niyə qanunun tələb etdiyi kimi, məhkəməyə müraciət etməyib və Abbasovların xüsusi mülklərini özbaşına söküb?” sualına cavabında baş memar qürurla bildirib: “Biz dövlət sifarişinə əsasən hərəkət edirik”.
Memar dövlət sifarişi, hətta “Ağ şəhər” dövlət layihəsi haqda təkrar danışaraq bildirib ki, bu layihə ilə əlaqədar Xətai rayonunda hər şey söküləcək və hər şey yenidən tikiləcək. Amma Vadim Surxayev bu “söküntü-tikinti” prosesində evlərini itirən vətəndaşların harada və necə yaşayacaqlarını, həmin “Ağ şəhər”də onlara ev verilib-verilməyəcəyini dəqiqləşdirməyib…
“Tikinti şirkətinin seçimi zamanı tender keçirilibmi?” sualına cavab olaraq bildirilib ki, “İnkişaf ADEC” MMC ölkənin inşaat bazarında 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçisi Ruslan Sadıxovdur.

Ancaq nə təsisçinin özü, nə də bu şirkətdən başqa kiminləsə əlaqə saxlamaq mümkün olmayıb.

Bu xəbəri aşağıdakı keçidlərdən istifadə edərək paylaşa bilərsiniz.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ