XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kompensasiyadan narazı qalan sakinlər Prezidentə müraciət etdi

Kompensasiyadan narazı qalan sakinlər Prezidentə müraciət etdi

Kompensasiyadan narazı qalan sakinlər Prezidentə müraciət etdi
25-08-2017, 16:13

Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı yaşayan sakinlər yaşadıqları mənzillərin yaxın zamanda sökülməsi haqqında bildiriş alıblar.

Sakinlərə mənzilləri üçün kompensasiya təklif olunub, lakin kompensasiya miqdarından qətiyyən narazı qalan ev sahibləri vasitəmizlə Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər.

Sözügedən məktubu sizə təqdim edirik:

“Azəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Cənab Prezident!

Sizə müraciət etməklə 32 ailənin son ümidi olan evimizlə əlaqədar yaranan problemin həlli ilə bağlı kömək istəyirik. Hazırda 32 ailə Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanındakı beşmərtəbəli binanın 4-cü və 5-ci mərtəbələrində yaşayırıq.

Bu ilin iyul ayında Nəsimi rayon İcra Hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri bizə bildirdilər ki, yaxın vaxtlarda yaşadığımız bina söküləcək və sökülərkən ədalətli şəkildə kompensasiya veriləcək. Lakin 22.08.2017-ci il tarixdə bizə bildiriş verilmiş və həmin bildirişdə 1 kvadrat metr üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi qeyd olunmuşdur. Xatırladaq ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılar 14-28 kvadratmetr, 2 otaqlılar isə 30-40 kvadratmetr arasında dəyişir.

Cənab Prezident, Sizə müraciət etməklə bildiririk ki, binada yaşayan ailələr kompensasiyanın məbləğindən razı deyil. Belə ki, yaşadığımız ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri-mümkündür. Yaşadığımız 28 may metrosu ətrafında, Keykab Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2500 manata satılır.

Sizdən xahiş edirik, dəfələrlə özünüzün də bəyan etdiyi kimi digər pilot layihələrdə olduğu kimi bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Qeyd edək ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir.

Dəfələrlə prezident seçkilərində Sizə səs vermiş, Sizin daxili və xarici siyasətinizi tam dəstəkləmişik. 2018-ci il Prezident Seçkilərində də Sizi növbəti illər üçün bir daha Azərbaycanın Prezidenti görmək istəyirik. Sizə arxalanırıq və son ümidimiz olan evimizin ədalətli prinsiplə qiymətləndiriləcəyinə inanırıq!

Hörmətlə, Bakı şəhəri, Səfərəliyeva küçəsi, ev 25 ünvanındakı binada yaşayan sakinlər adından”.

“Qaynarinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.