XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Balalamayın” deyən alimə sərt reaksiya: - “Elm adamına, elmin adına yaraşmır”

“Balalamayın” deyən alimə sərt reaksiya: - “Elm adamına, elmin adına yaraşmır”

“Balalamayın” deyən alimə sərt reaksiya: - “Elm adamına, elmin adına yaraşmır”
3-11-2017, 16:19

Dinşünas, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin əhalinin sosial vəziyyəti ilə bağlı “Facebook” səhifəsində yazdığı fikirlər insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Onun “maaş azdır, işin yoxdur, balalama” fikri sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Alimin yazdığı statusu olduğu kimi təqdim edirik:
“Hamı deyir maaş azdır, ya da iş yoxdur. Biri də demir ki, bəsdir evlənib balaladıq. Maaş azdırsa, ya da iş yoxdursa, onda evlənmə balalama də. Ol subay, kef elə özün üçün. Hökümət sənin üçün nə etsin ki, dinc durmursan? Toydan pul yığmaq istəyirsən deyə evlənirsən. Sonra da o pul qurtarır, başlayırsan ona-buna atmağa, nə var ki, balaların var, arvad acdır. Tək insana azca pul da çatır. Heç pul olmasa da dolanar. Vay o gündən ki, cütləşdi. Onda heç nə çatmır. Nə qədər pul qazanırsan, az olur”.

Fəlsəfə elmləri doktoru fikirlərinin etiraza səbəb olduğunu gördükdən sonra cavab olaraq ikinci statusu yazıb. O, əvvəlki fikirlərinə bir az da geniş izah verib:
“Doğmamaq söhbətinin davamı. “Doğun” deyənlər bu iddianı yalnız bir deyimlə əsaslandırmağa çalışırlar. Güya Allah ruzini yetirəndir. Ancaq bu deyim məhz elə o Allahın qoyduğu səbəb-nəticə qanununun pozulması deməkdir. Çünki düşünün: ətrafda nə baş verirsə, onun səbəbi var. Səbəbsiz heç nə oluşmur. Örnək üçün, kitabı yazmamısansa, o dərc edilməz, maşını sürməsən o getməz və s. İndi necə olur ki, Allah hər şeyi bu səbəb-nəticə ilə oluşdurur, təkcə doğumu bu qaydadan xaric edir? Bu imkansız şeydir. Hər şey kimi, doğum məsələsi də həmən səbəb nəticəyə bağlıdır. Əgər sən peşə sahibi deyilsənsə, yüksək bilik əldə etməmisən, heç nəyi bacarmırsan, sənin dolanışığın heç vaxt yaxşı olmayacaq. Bu səbəb-nəticə qanununa ziddir. Deməli bu kimi insan evlənsə, onun uşaqları heç vaxt ağ gün görməyəcəklər, çörəyə möhtac olacaqlar. Bu da o deməkdir ki, “Allah ruzini verəcək” deyimi boş və mənasız kəlmədən başqa bir şey deyil”.
Mövzu ilə bağlı “Azəri Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlının mövqeyini öyrəndik. Tənzilə Rüstəmxanlı belə bir açıqlamanın ziyalı adama yaraşmadığını bildirdi:
“Belə ifadələr işlətmək, yəni əgər işiniz-gücünüz yoxdursa, şəraitiniz yoxdursa, evlənməyin, uşaq dünyaya gətirməyin demək bu bir millətə ediləcək ən böyük pisliklərdən biridir. Necə yəni, evlənməyin, uşaq dünyaya gətirməyin? Onun əvəzinə, işsizlik, sosial vəziyyətlə, əhalinin ehtiyacları ilə bağlı danışa bilərdi. Bu problemlərin aradan qaldırılması ilə bağlı fikirlər səsləndirə bilərdi. Sosial vəziyyətin yaxşılaşdırılması üçün alim olaraq, bir ziyalı olaraq təkliflər irəli sürə bilərdi. Yoxsa vəziyyət yaxşı deyilsə, problemlər varsa, imkanınız yoxdursa, bundan ötrü evlənməyin, uşaq dünyaya gətirməyin kimi fikirlər nə alimə, nə də ziyalıya yaraşır”.

İqtisadçı ekspert Natiq Cəfərlinin mövqeyi də fərqli olmadı. O da hesab edir ki, elm adamı belə yanlış fikirlər səsləndirmək yerinə, problemlərin həlli üçün təkliflər irəli sürə bilər:
“Elm adamının belə bir yanaşma ortaya qoyması təəccüblüdür. Çünki dünya təcrübəsi göstərir ki, yaşama səviyyəsi aşağı olan ölkələrdə doğuş həddi yüksəkdir. İnkişaf etmiş ölkələrdə, xüsusən də Avropa ölkələrində doğuşun sayı getdikcə azalır. Yəni müqayisəsi kökündən səhvdir. Bu elmi yanaşma olsaydı, bir elm adamı kimi yanaşsaydı bu faktları bilərək belə bir açıqlama verməzdi. Azərbaycanda doğum səviyyəsi digər inkişaf etmiş ölkələrlə müqayisədə yüksək olsa da, elə də böyük artım yoxdur. Ailəyə 2-4 arası uşaq düşür. Düzdür, bu göstərici qonşu ölkələrdən, Türkiyə xaric, xüsusən də keçmiş MBD ölkələrinin bir çoxundan yüksəkdir, ancaq orta sayılacaq bir səviyyədədir. Ciddi bir əhali artımının olduğunu da söyləmək mümkün deyil. Əksinə bir müddət sonra əhalinin qocalılıq yaşının artdığını nəzərə alsaq bu səviyyədə olan doğuş bir müddətdən sonra problem yarada bilər. Ona görə də elmi yanaşsaq iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə doğuşun səviyyəsinin daha yüksək olduğunu görərik. Ən əsası ailə qurmağın, uşaq dünyaya gətirməyin problem olduğunu deyən elm adamı bunun çıxış yollarını göstərməlidir. Nəyə görə Azərbaycan kimi geniş imkanları olan bir ölkədə əhali kasıb yaşamalıdır? Nəyə görə ailə qurmaqda, uşaq dünyaya gətirməkdə problem yaşamalıdır? Bu problemlərin həlli yollarını göstərməli və sübut etməli idi. Təəssüf ki, belə bir yanaşma görmədik. Əksinə incidici, aşağılayıcı bir açıqlama oldu ki, bu da elm adamına, elmin özünün adına yaraşmayan bir hərəkət idi”.
PrimeTime.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.