SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MTN-nin idarə rəisi İH-nin müavinini şantaj edib?

MTN-nin idarə rəisi İH-nin müavinini şantaj edib?

Tarix:

25-09-2017, 00:18

/ 45 436 dəfə oxundu.
MTN-nin idarə rəisi İH-nin müavinini şantaj edib?

Milisin “drujinnik”likdən MTN-nin idarə rəisi vəzifəsinə gedən yol…
Əgər bir şəxs digərlərindən biraz düşüncəli fikirləşirsə çox vaxt el arasında həmin adama “çekist” deyirlər. Və yaxud da özünü “çekist” adlandıran şəxs çalışır ki, dostlarının ətrafında çox danışmasın, suala sualla cavab versin və başqalarının danışıqlarına diqqətlə qulaq asıb öz marağı naminə beynində, keçirəcəyi əməliyyat tədbirinin planını cızsın.
Ancaq özündən razı, özü haqda böyük fikirdə olan bəzi “çekist”lərin son iki ildə aqibətini ölkə ictimaiyyəti vasitəsi ilə biz də gördük.
Özündən çox razı, özü barədə yüksək fikirdə olan “çekist”lərdən biri də Sabunçu DTX-nin idarə rəisi Faiq Nuriyevdir.
Hətta Faiq Nuriyev dostlarının yanında tez-tez deyirdi ki, guya o əvəzolunmaz kadrdır. Və Sabunçu rayonunun Nardaran qəsəbəsində kəşfiyyat xarakterli tədbirlərin əksəriyyəti onun çiynindədir.
Bir sözlə bu şəxs özü haqqında Sabunçu rayonunda elə bir imic yaratmağa çalışıb ki, güya o Feliks Edmundoviç Dzerjinskinin davamçısıdır.
Ancaq gəlin biz bu davamçının keçmişinə və onun hüquq mühafizə orqanlarında başlayan ilk fəaliyyətinə ekskurs edək.
Bu şəxs 90 -cı illərin əvvəlində Nərimanov rayon sakini olaraq elə Nərimanov rayon milis idarəsində İctimai asayişin bərpasında “drujinnik” kimi işə cəlb olunub.
Sonra Faiq Nuriyev Namiq Abbasovun vaxtında MTN-də əməliyyat müvəkkli vəzifəsinə təyin olur.
Üstündən biraz vaxt keçəndən sonra Faiq Nuriyev Namiq Abbasov tərəfindən MTN-nin Masallı şöbəsinin rəisi vəzifəsinə göndərilir.
Bir müddət orda işləyəndən sonra yenə də Namiq Abbasov tərəfindən Bakıya MTN-nin Sabunçu rayon şöbəsinin rəisi vəzifəsinə gətirilir. Və hətta Namiq Abbasov postunu itirəndən sonra da Faiq Nuriyev Eldar Mahmudovun vaxtında MTN-nin Sabunçu rayon şöbəsinin rəisi vəzifəsində qalaraq xidmətini davam etdirir.
Bundan başqa Eldar Mahmudov MTN-nin nazir vəzifəsinə təyin olunan kimi Faiq Nuriyev MTN-də özü barəsində yeni mövzu yaradır.
Bu mövzu da ondan ibarət olur ki, onun Nərimanov milisində “drujinnik” işlədiyi vaxt Vaqif Novruzovun rəhbərliyi altında Eldar Mahmudov və Hilal Əsədovun da həmin idarədə xidmət etdikləri vaxta təsadüf edib. Və güya o “drujinnik” liyə cəlb olunan vaxtdan həmin şəxslərlə münasibəti olub. Eldar Mahmudov nazir vəzifəsindən azad olunandan sonra Sarı Məmmədov adlı iş adamı mətbuata üz tutaraq Faiq Nuriyev tərəfindən onun torpağının əlindən alınması barədə məlumat verir.
Sarı Məmmədov başına gələnlər barədə müsahibələrinin birində bildirir ki, Eldar Mahmudov MTN-nin içində bir “Qazax qrupu” yaradıb, o qrupun fəallarından biri də Faiq Nuriyevdir.
Sarı Məmmədovun milyonluq torpağını mənimsəyib, onun yerində sabiq nazir Eldar Mahmudova villa tikirlərmiş. Xural.com-a verilən həmin müsahibədə səslənən fikirlər oxucularımızda maraq doğura biləcəyindən Sarı Məmmədovun müsahibəsinin yalnız cavablarından ibarət hissəsini ixtisarla təqdim edirik: “Mən 2004-cü ildə Nadir adlı şəxsdən onun özəl torpağını alqı-satqı yolu ilə almışam. … Bunu bilənlər yəqin ki, bilirlər və siz də bilərsiniz ki, yalnız özəl torpaq sahəsini alqı-satqı etmək olar, özəl olmayan torpaq sahəsini alqı-satqı etmək mümkün deyil. Biz də bu vətəndaşla danışdıq və notariusda alqı-satqı müqaviləsi bağlayaraq, ona istədiyi pulu ödədim və torpağı həmin adamdan aldım. Notariusdan da mənə alqı-satqı müqaviləsi verdilər… … Mənə məxsus torpağın bütün sənədləri mövcuddur və burada da heç bir qanun pozuntusu yoxdur. Bu proses başlayanda sahibi olduğum mülkün üstünə gedəndə məni ora buraxmadılar. 2006-cı ildə atam rəhmətə getdi və mənim də başım yas mərasimlərinə qarışdı. Həmin əraziyə də bu səbəbdən gec-gec gedirdim. Onlar da bildilər ki, başım bir az qarışıqdır … Gördüm ki, orada böyük bir villa tikilməyə başlayıb. Mənə dedilər ki, orada MTN generallarından birinə ev tikilir Mən ora gələndə böyük bir imarətin bünövrəsi qoyulmuşdu, yəni villa hələ tikilib başa çatdırılmamışdı. Ağacların soyqırımı davam edirdi. Mən gördüm ki, artıq bunlarla dil çatdıra bilmirəm. Bir nəfər mənə Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu İdarəsindən bildirdi ki, orada MTN generallarından birinə ev tikilir. Bəs, “bilirik sənin başqa yerin də var…” Dedim, “belə ola biməz axı? Necə yəni sənin başqa yerin var? Kim sizə ixtiyar verir ki, başqasına məxsus torpaq sahəsini mənimsəyəsiniz?” Gördü ki, əsəbiləşirəm, dedi, “mənlik deyil…” Mən də məcbur oldum – başqa nə edə bilərdim ki…- getdim Sabunçu rayon məhkəməsinə müraciət elədim ki, qanunsuz olaraq mənim torpaq sahəmdə tikinti aparılır. Sabunçu rayon məhkəməsinin qərarı ilə tikinti dayandırıldı. Faiq Nuriyev görəndə ki, tikinti dayandı, mənimlə görüşmək istədi. O, MTN-nin Sabunçu Rayon İdarəsinin rəisidir. Faiq məni İdarəyə dəvət elədi. Bizim onunla təxminən bir saat söhbətimiz oldu. Mən bütün bu sənədləri də özümlə götürmüşdüm və ona göstərdim. Dedim ki, torpaq zəbt eləmək, erməniyə yaraşar. Kişiyə başqasının torpağını zəbt eləmək yaraşmaz. Bu, mənim şəxsi mülkümdür. Sən bura necə girə bilirsən? 50 yerdə yeriniz var, gedin tikin də…” Hətta mən ona dedim ki, oturduğun kreslo, dövlət kreslosudur, mən ora daş atmaram. Amma nə vaxtsa, o kreslodan qalxanda qarşında məni görəcəksən. Mən bunu sənə bağışlamaram. Bu torpağı da sənə elə-belə verməyəcəyəm. Lap mən bu dünyadan köçsəm də, böyük nəslim-köküm var, övladlarım var, bunun hesabını-kitabını səndən alacaqlar. Faiq Nuriyev görəndə ki, mən onunla çox ciddi danışıram, dedi ki, “öz aramızda bunu sənə deyirəm, burada mənlik bir şey yoxdur. Mənə də tapşırıblar ki, bunu mən eləyim. Bu, nazirlik məsələdir…” Soruşdum ki, “necə yəni nazirlik məsələdir?” Dedi ki, bəs villa Eldar Mahmudova tikilir. …Yəqin ki, hamının bildiyi kimi, MTN-nin bütün idarələrində kameralar da var və yəqin ki, həmin görüş də qeydə alınıb. 2006-cı ilin axırları olardı. Əgər mənə inanmırlarsa, yalan dediyimi düşünürlərsə, yəqin ki, arxivləri var, götürüb oradan baxa bilərlər. Düz bir saat söhbətimiz olub. Niyə dəqiq vaxt yadımda qalıb? Çünki mən ora girəndə telefonu söndürmüşdüm, çıxanda da yandırdım. Ona görə də bir saat söhbətdə olduğumu dəqiq bilirəm. Həmin görüşdə mən ona çox şeyləri izah elədim. Dedim, bu hərəkətiniz, kişiliyə sığan hərəkət deyil. Bundan sonra başladı məni nazirlə qorxutmağa ki, başın ağrayacaq. Və mənə onu da dedi ki, “sənin maşınına silah atarlar, indi vəziyyət ayrı cürdür… Hətta yeməyinə narkotika atarlar, heç xəbərin də olmaz. Sonra da sənin qanını analizə verərlər, qanından narkotika çıxar…” Hələ onu da deyirdi ki, “iki nəfər üzünə adam qoyarlar ki, onlardan pul almısan, sonra da səni həbs etdirərlər”. Bax, belə məni qorxudurdu. Mən də bütün sizə dediklərimi 2008-ci ildə nazir Eldar Mahmudova yazaraq şəxsən müraciət elədik. Hiss eləyirdim. Mənim dalımca maşınlar gedib-gəlirdi. Hara gedib-gəldiyimi nəzarət edirdilər. …Faiq Nuriyev kabinetində məni qorxutmağa çalışdı. Mən də ona dedim ki, bu işdən əl çəkməyəcəyəm. Hətta dedim ki, burada heç olmasa halallıq olmalıdır. Ya mənim torpağımın pulunu nazirdən al gətir, ya da həmin torpaqda nə qədər xərc çəkmisinizsə, mən onu ödəyim. O da dedi ki, “ora çox əziyyət çəkmişəm… 100 min manat xərc çəkmişəm…” Mən də dedim ki, qoy oranın birinci mərtəbəsinə 5 min manat xərcin çıxsın, nəyi hesablayıb bu qədər deyirsən? Dedi, “sənədlərinə xərcim gedib…” Dedim, axı ortada heç bir sənəd yoxdur? Dedi, vermişəm, çıxacaq… Dedim, axı MTN-dən heç kəs pul almaz axı, niyə bu qədər xərcin çıxır? Sonra ad dedi ki, mən də rəhbərliyi razı salmağa çalışıram ki, bəlkə bunu başqa yerdə eləyək? Nə isə, mən razılaşdım. Fikirləşdim ki, əgər sənəd verəcəksə, torpağımın yanında boş sahə var idi, onun da sənədlərini verər, heç olmasa, ziyana düşmərəm. Belə də qərara gəldik və mən 200 min manat dəyərində olan torpaq sahəmi təcili 80 min manata sata bildim. Bilirsiniz axı, tələsik nəyisə satmaq istəyəndə dəyərindən nə qədər az pul verirlər. Həmin 80 mini götürüb, Faiqin yanına gəldim. Telefonla əlaqə saxladım, gördüm götürmür, Sabunçuya, idarəyə gəldim. İşçilərindən biri dedi ki, orada yoxdur. Sonra bir də zəng vurdum, telefona cavab verməyəndə, bir başqa əməkdaşından öyrəndim ki, Faiq Nuriyev kabinetindədir. İdarəyə girdim və qapıda oturana dedim ki, bura idarədir və hər yanda da kamera var. Yəqin ki, dediklərimi onun özü də eşidir. Dedim, qanundan, Allahdan qorxmursa, bir gün bunların da vaxtı gələcək. Bu cür əməllərin hesab-kitabı var. Baxın, o torpağın da, indiyədək çəkdiyim xərclərin də pulunu mən Faiq Nuriyevdən alacam. İnşallah, elə bilirəm ki, həmin gün gəlib. Həmin gün gəlib”.
Hə, burda Feliks Edmundoviçin dedikləri yadıma düşür: ““Çekist”in soyuq ağlı, isti ürəyi, təmiz əlləri olmalıdır”
Görəsən özü barədə yüksək fikirdə olan Faiq Nuriyev SSRİ-nin baş “çekist”inin 100 il bundan əvvəl dediyi sözlərə əməl edibmi?
Daxil olan məlumata görə təhlükəsizlik orqanlarında xidmət etdiyi dövrdə buraxdığı sonuncu səhvə görə Faiq Nuriyev Sabunçu rayon İH-nin başçısı Adil Vəliyevin göstərişi ilə rayonu tərk etməli olub.
Mənbənin verdiyi məlumata görə Faiq Nuriyev Sabunçu rayonunda ələ keçirtdiyi torpaqları uşaqlıq dostu, əslən Ağdam rayonundan olan makler Asif tərəfindən satışa çıxarıb.
Ancaq Adil Vəliyev onun ələ keçirdiyi torpaq sahələrinin satılmasına imkan verməyib və torpaqlar ondan geri alınıb.
Çıxılmaz vəziyyətdə qalan Faiq Nuriyev hətta çıxış yolu kimi Qubadlının icra başçısı Malik İsaqovdan xahiş edib ki, sonuncu Adil Vəliyevə zəng edib onun xahişini etsin.
Ancaq Adil Vəliyev Malik İsaqova “yox” cavabı verərək telefonun dəstəyini asıb.
Bu məlumatı dəqiqləşdirmək üçün araşdırma apardıq və Faiq Nuriyevin yaxın ətrafı ilə görüşməyə nail olduq.
Yaxın ətrafından bildiriblər ki, Adil Vəliyev Faiq Nuriyevi Sabunçu İH-nin müavini Arzu Məmmədovaya görə cəzalandırıb.
Faiq Nuriyev Arzu Məmmədova barəsində kompromat material əldə edəndən sonra onu bəzi şəxsi işlər istiqamətində Adil Vəliyevə qarşı işləməyə məcbur edir.
Arzu Məmmədova Adil Vəliyevin kadrı olduğu üçün əvvəlcə razılaşmır, ancaq sonradan onun barəsində olan kompromat materialın üzə çıxmasından ehtiyat edərək Faiq Nuriyevə razılıq verir.
Bu işdən xəbər tutan Adil Vəliyev Faiq Nuriyev barəsində DTX-ya təqdimat göndərir. Faiq Nuriyev tutduğu vəzifədən azad olunaraq DTX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsinə təyin olur.
Ancaq bunu eşidən Adil Vəliyev bərk qəzəblənərək Faiq Nuriyevin daha ağır cəzaya, dərhal təqaüdə göndərilməsinə nail olur.
Təbii ki, Arzu xanım Məmmədova da tutduğu vəzifəsi ilə vidalaşmalı (bu ilin yayında) olur.
Xatırlatma üçün bildirək ki, təhsil sektorunda çalışan 30 yaşlı Arzu Fikrət qızı Məmmədova 2014-cü ildə Sabunçu rayon icra hakimiyyəti başçısının müavini təyin edilmişdi.
Araşdırmamız davam edir.
Gələn yazımızda 17 il əvvəl Faiq Nuriyev tərəfindən Namiq Abbasovun xidməti otağının stolunun üstündə qalan 1500 dollar barədə oxucularmıza məlumat verəcəyik .

Yazıda adları keçən hər bir şəxsin fikrini dərc etməyə hazırıq .

QAFQAZXEBER.AZ

Şərhlər

XƏBƏR LENTİ