SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Dərsə gecikəndə, bizi ağacla vururdular” — siyasətçilərin MƏKTƏB XATİRƏLƏRİ

“Dərsə gecikəndə, bizi ağacla vururdular” — siyasətçilərin MƏKTƏB XATİRƏLƏRİ

Tarix:

15-09-2017, 17:24

/ 104 331 dəfə oxundu.
“Dərsə gecikəndə, bizi ağacla vururdular” — siyasətçilərin MƏKTƏB XATİRƏLƏRİ

Bu gün Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Minlərlə valideyn bu gün öz övladını ilk dəfə olaraq birinci sinfə yola salıb.
Bu günün əhəmiyyəti barədə bir neçə tanınmış dövlət və ictimaiyyət xadimi, deputat və siyasətçinin fikirlərini öyrəndik. Onlar ilk dəfə birinci sinfə getdikləri anlarla bağlı yadda qalan məqamları bizə danışıblar.
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov birinci sinfə getdiyi vaxtları yaxşı xatırladığını bildirib:
“İlk dəfə birinci sinfə getdiyim vaxtı çox yaxşı xatırlayıram. Ümumiyyətlə, orta məktəb illərinə çox qayıtmaq istərdim. Mənim ilk oxuduğum məktəb dörd illik olub. Sonra on illik məktəbə getmişəm. Mən birinci sinfə Bakıda, indiki Səbail rayonu ərazisindəki məktəbə getmişəm. Orta məktəb illərindən qarovulçu Səməd kişini tanıyıram. O, dərsə gecikənləri ağacla vururdu. Əgər elə imkan olsaydı, böyük məmnuniyyətlə o illərə geri qayıdardım”.
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir Pənah Hüseyn bu il nəvəsinin də birinci sinfə getdiyini deyib:
“Bu gün nəvəm də birinci sinfə gedir. Onu çox sevinə-sevinə məktəbə yola saldıq. Mən birinci sinfə 1964-cü ildə doğulduğum Sabirabad rayonunun Qaraqaşlı kəndindəki məktəbdə getmişəm. Birinci sinfə getməyimi də çox yaxşı xatırlayıram. Bizim qonşuluqda məndən bir yaş böyük qız var idi. Uşaq olanda o qız mənə deyirdi ki, məktəbdə uşaqları şkafın içərisinə salırlar və sairə. Biz də inanırdıq. Ancaq məktəbə gedəndən sonra öyrəndik ki, heç bu belə deyil imiş. Yəni, uşaqları şkafa salmırlar və şkafda da qorxulu nə isə yoxdur. Məktəblə bağlı xoş təəssüratlarım çoxdur”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov Bilik Günü münasibətilə bütün təhsil işçilərini və valideynləri təbrik edib.
M.Mərdanov ilk dəfə birinci sinfə getdiyi vaxtları yaxşı xatırlamadığını söyləyib:
“Sözün düzü mən birinci sinfə getdiyimi indi yaxşı xatırlamıram. Birinci sinfə necə getməyim xatirimdə deyil. Ancaq müəllimlərimi və məktəbi xatırlayıram. Mənə oxuyub-yazmağı öyrədən adamların hər biri yaxşı yadımda qalıb. Müəllimlərimin çoxu dünyadan köçüb. Allah rəhmət etsin, ruhları şad olsun! Müəllimlərə böyük hörmətim var. Fürsətdən istifadə edib Azərbaycanın bütün təhsil işçilərini, o cümlədən müəllimləri, Təhsil Nazirliyinin əməkdaşlarını ürəkdən təbrik edirəm, onlara möhkəm can sağlığı arzu edirəm. Arzum budur ki, təhsilin inkişafı yolunda əməllərini əsirgəməsinlər”.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə ilk dəfə birinci sinfə 1964-cü ildə getdiyini söyləyib:
“Evimizdə hər zaman məktəbə, təhsilə böyük hörmət atmosferi olub. Uşaqlıqdan eşidirdim ki, yaşım çatanda mən də məktəbə gedəcəm. Amma məktəbin nə olduğunu təsəvvür etmirdim. Uşaqlıqdan qardaş və bacımın dəftər-kitablarına baxırdım, qələmlə nə isə yazmağa çalışırdım. Sentyabrın 1-də məktəbə necə aparılmağım, necə sıraya düzülməyim və ilk sinif müəlliməm Xanım Ömərova ilə söhbətlərim indi də yadımdadır. Məktəbə getdiyim ilk gündən ona vurulmuşam. Hiss edirdim ki, məktəb mənim marağımdadır, mən onu xoşlayıram, məktəbə getmək istəyirəm. Elə o vaxtdan 10 il oxuduğum Mingəçevir şəhər orta məktəbini böyük həvəslə xatırlayıram. İndinin özündə də müəllimlərimlə sıx əlaqələrim var. Həyatda olan müəllimlərimlə indi də zəngləşirik. Məktəb təkcə mənim deyil, hər birimizin həyatında çox böyük rol oynayıb. Mənim 3-cü sinifdən 10-cu sinfə qədər olan orta məktəb gündəliklərim indiyədək qalır”.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov isə ilk dəfə birinci sinfə Şuşada yerləşən məktəbdə getdiyini bildirib:
“Mən birinci sinfə 60 il bundan öncə Şuşa şəhər orta məktəbində getmişəm. Hər bir uşağın məktəbə getmək arzusu olan kimi mənim də belə arzularım olub. İlk ibtidai sinif müəllimimi də yaxşı xatırlayıram. Allah ona rəhmət etsin, bu gün həyatda yoxdur. Mənə ilk dəfə qələm tutmağı, yazıb-oxumağı ibtidai sinif müəllimin öyrədib. Üzərimdə onların zəhməti böyükdür”.
B.Səfərov Bilik Günü münasibətilə bütün təhsil işçilərini valideyn və şagirdləri təbrik edib:
“Bütün təhsil işçilərinə və şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Azərbaycanda təhsilin inkişafında cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, təhsil nazirinin böyük əməyi var. Dövlətimizin təhsilə göstərdiyi böyük diqqət və qayğı Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndirilir. Mən Bilik Günü münasibətilə Azərbaycan xalqını, Prezidentimizi, Birinci xanımımızı təbrik edirəm. Məktəblərdə təhsil alan insanlara da uğurlu gələcək arzu edirəm”.

“Ölkə.Az”

Şərhlər

XƏBƏR LENTİ