SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bütün iştirakçılar üçün faydalı olan tədbir

Bütün iştirakçılar üçün faydalı olan tədbir

Tarix:

2-06-2025, 18:47

/ 175 dəfə oxundu.
Bütün iştirakçılar üçün faydalı olan tədbir

 
İyun ayının 2-də başlanmış və 3 gün davam edən Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının təqdim edilməsi ilə yanaşı, bu sahədə əməkdaşlığın gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Dünyanın aparıcı şirkətlərinin, müxtəlif dövlət və hökumət rəsmilərinin enerji məsələləri ilə bağlı müzakirəsinə imkan yaradan bu platforma yüksək statusa malikdir. Bakı Enerji Həftəsi həm də Azərbaycanı dünyaya qlobal işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanıdır.
Bakı Enerji Həftəsi regionun enerji sahəsində mühüm hadisəsi hesab edilir. Özündə 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u   "CaspianOil&Gas" və "CaspianPower" sərgiləri kimi 3 vacib tədbiri birləşdirən Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın enerji sənayesinin liderlərini bir araya toplaması, xüsusilə də açılış mərasimində Prezident İlham Əliyevin iştirakı Bakı Enerji Həftəsinin əhəmiyətliliyini təsdiq edir. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”.
“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Bu işgüzar tədbir nəticə etibarilə enerji sahəsində dövlət-özəl əməkdaşlığını gücləndirəcək, yeni ideyaların müzakirəsinə imkan yaradacaq. Həmçinin enerji sahəsində real və perspektivə hesablanan növbəti addımların atılması da mümkün olacaq. Bununla yanaşı, innovasiya və texnologiyaların təqdimatı baxımından da Bakı Enerji Həftəsi faydalı hesab edilməlidir.  Nəzərə almaq lazımdır ki, günümüzün ən vacib məqamlarından biri innovativ dəyişikliklərdir. Bu baxımdan Bakıda keçirilən tədbir həm də şirkətlər tərəfindən yeni innovasiyaların təqdim edilməsi və bu sahədə Dördüncü Sənaye İnqilabının nəticələrinin müzakirəsi istiqamətində mühüm töhfə olacaq.
Bu platforma Azərbaycanın enerji sahəsindəki potensialını nümayiş etdirməsinə də şərait yaradır. Dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələrin və təşkilatların cəlb edildiyi Bakı Enerji Həftəsi həm də ökəmizin enerji sahəsindəki üstünlüyünün bir növ təqdimatıdır. İqlim dəyişmələrinin yaratdığı fəsadlar, onların qarşısının alınması yolları, eləcə də "yaşıl enerji" kimi mövzular da Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə ediləcək. Beləliklə, bu regional və qlobal tədbirdən ölkəmiz, eləcə də iştirakçılar faydalana biləcəklər.
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 
 
 

Şərhlər

XƏBƏR LENTİ