SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR ?

DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR ?

Tarix:

1-02-2017, 22:22

/ 1 724 dəfə oxundu.
DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR ?

BİR QƏTNAMƏ ÜZRƏ 2 İCRA SƏNƏDİ VERİLİB ?
Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) Qarabağ əlilləri və şəhid ailələrinə qarşı ortalıq 150 milyon manatlıq sığorta dələduzluğu davam edir . Tanınmış futbolçu hissə - hissə qaytarmağa söz verdiyi 150 minə görə 8 il , Qarabağ qazisi 6 mini qaytarsa da 6 il iş alır , amma 150 milyonu yeyən , hətta məhkəmə qərarlarını da icra şöbələrinə və məhkəmələrə qanpulundan rüşvət verməklə icra etməyən şirkət məsuliyyətdən qıraqda qalır . Fikir verin , DSKŞ sədrinin 1-ci müavini A.Hacıyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNBP) idarə heyətinin üzvü Fəxriyar Cabbarova 19 yanvar 2017 tarixli 08/B-99/2 saylı məktubunda bu sətirlərin yazarına 6 ildir məhkəmə qərarı ilə ödəməyə borclu olduğu qanpulunu yeməsini necə əsaslandırır : “Ali Məhkəmə tərəfindən verilmiş icra sənədinə və Nəsimi icra şöbəsinin 11.07.2012 tarixli qərarına əsasən iddiaçıya çatası 500 manat pul məbləği Nəsimi rayon icra şöbəsinin depozit hesabına 09 avqust 2012-ci ildə ödənilmişdir . Binəqədi rayon icra şöbəsinin 27 fevral 2013 –cü il tarixli qərarına və Bakı Apellyasiya Məhkəməsinin (AM) 05 iyul 2011 tarixli qətnaməsinə əsasən qanunvericiliklə müəyyən olunmuş 915 manat sığorta məbləği Binəqədi icra şöbəsinin depozit hesabına ödənilmişdir . Belə ki , “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə 1997 –ci ildən 2007-ci ilədək müəyyən edilmiş 1100 manat sığorta məbləğinin 80 faizini təşkil edən 880 manat və 35 manat cərimə olmaqla ümumilikdə 915 manat icbri sığorta məbləği hesablanmışdır” . Baxın , tələbkar Qarabağ əlili olduğu halda , borclunun da , tələbkarın da hesabı Beynəlxalq Bankda olduğu halda borclu DSKŞ 2 ayrı icra şöbəsinin 2 ayrı bankda olan depozit hesablarına bir ildən və iki ildən sonra sığorta məbləğini ödədiyini bildirir . Bunun özü dələduzluğu çılpaqlığı ilə ortaya qoymur ? Bundan başqa , axı Ali Məhkəmə icra sənədi vermir ! Belə çıxır , bir iş üzrə 2 icra sənədi verilib ? Bundan yekə dələduzluq fikirləşmək ancaq bizim icra , sığorta – maliyyə reketlərinin ağlına (oxu: qarnına ) gələr . Biz hələ onu demirik ki , Bakı AM – in icra sənədi 06 avqust 2012 – ci ildə verildiyi halda Nəsimi icra şöbəsi bundan bir ay qabaq 11.07.2012 –də necə icra haqqında qərar qəbul edib , niyə icra işi Binəqədiyə göndərilib və 27.02.2013 – də daxil olan icra sənədi üzrə necə bundan bir ay qabaq 31.01.2013 tarixində bu şöbəyə ödəniş edilib ? Ona görə demirik ki , bütün bu faktlar dələduzluğun göstəriciləridir . Ən böyük dələduzluq faktını isə yenə də DSKŞ sədrinin 1-ci müavini A.Hacıyev 1997 –dən 2007 –yə kimi müəyyən edilmiş 1100 manatlıq sığorta məbləğinə əsasən hesablama aparmaları ilə ortaya qoyub !?? Birincisi , 2006 –cı ildən sığorta məbləği 11 min manat müəyyən olunubsa , necə 2007 – ci ilə kimi bundan on dəfə az məbləğ müəyyən edilə bilər ? İkincisi , atalarımız demiş ,ölünü öz xoşuna qoysan , kəfəni yırtar . Borclu özbaşına qanpulu məbləğini onqat həcmdə azaldırsa , bəs icra şöbələri , Konstitusiya , qanun nədən yanadır ? Elə qanpuluna ortaq olmağa ? Prokurorluq , fikrimizcə , dələduzluq faktına görə borclu DSKŞ –ya cinayət işi qaldırmağa borcludur . Di gəl , hansısa saxta məlumata görə anında araşdırma başladan prokurorluq 6 ildir davam edən dələduzluqla bağlı tədbir görmək istəmir . DSKŞ sədrinin 1-ci müavini A.Hacıyevin MBNP –yə guya tələbkarın icbari sığorta məbləğindən narazı qalaraq 8800 manat yeni iddia tələbi irəli sürməsi və bu tələbin 09.04.2013 tarixli qərardadla təmin edilməməsi barədə “donos”u isə həyasız saxtalıqdan özgə bir şey deyil . Tələbkar icra şöbələrinin qanpuluna uyub vəzifələrini icra etməməsindən bezib , özü MPM –in 230 –cu maddəsinə uyğun olaraq 05.07.2011 tarixli qətnaməyə izah verilməsinə ərizə verib . Qətnaməni çıxaran hakim Sevda Hüseynova (hazırda Ali Məhkəmənin hakimidir ) borclunun qanpulundan verdiyi rüşvətlə izahdan imtina edərək məbləği göstərməyib ki , guya qətnamə icra olunub . Siz dələduzluğa baxın : borclu tələbkara bir qəpik qanpulu borcu ödəmədən məhkəməyə borcunu ödədiyini bildirir !(???) Binəqədi məhkəməsinin hakimi Abbas Rzayev isə 05.03.2013 tarixli qərarla icra məmuru Tural Süleymanovun icraata xitam vermə barədə təqdimatını rədd edib ki , sığorta məbləği 11 min manatdır ! Bu qərarı Bakı AM 07.11.2013 tarixli və Ali Məhkəmə 13.03.2014 tarixli qərarlarla qüvvədə saxlayaraq borclu DSKŞ –nın şikayətini təmin etməyiblər .Yəni məbləğin 11 min manat olması məhkəmə aktı ilə təsbit olunub . Konstitusiya Məhkəməsi də 28.01.2014 tarixli mübahisə oluna bilməz qərarla məbləğin 2006 – cı ildə müəyyən edilən məbləğdən az ola bilməzliyini təsbit edib . Bu qərarın qəbul edilməsi iclasında Maliyyə Nazirliyinin , borclu DSKŞ –nın məsul şəxsləri iştirak etsə də , yenə də 3 ildir borclu məbləği qarnına uyğun müəyyən edib icradan da yayınır . Fikir verin , Binəqədi icra şöbəsinin icra məmuru Tural Süleymanov DSKŞ –nın rüşvətilə 05.03.2013 tarixli məhkəmə qərarında məbləğin 11 min manat olmasının göstərilməsinə baxmayaraq 2014 – cü ildə Bakı AM -ə izah üçün ərizə verib . Bu dələduzluq deyil ? İcra şöbələrinin indiyədək icra sənədini icra etdirməməsi , hesabındakı onqat az məbləğdə pulu belə tələbkarın hesabına keçirməməsi , icra sənədinin icra edilməməsinə görə dəyən ziyanın ödənilməsi barədə iddiaya baxılmasına qadağa qoymaları mütəşəkkil dələduzluqdan soraq verir . Hələ üstəlik MBNP –yə yalan məlumatlarla borcunu ödəməyəcəyini açıqlaması DSKŞ rəsmilərinin qanpulundan harınlaşmasını ortaya qoyur . Elə bil sığorta , qan pulu dövlətin yox , bunların atalarının puludur !(??)
Prezidentin məmurları növbəti dəfə xalqa xidmət etməyə səsləməsi , rüşvətxorluğa son qoymalarını tələb etməsindən deyəsən DSKŞ , icra şöbələri nəticə çıxarmır . Hələ ki , əlil və şəhid ailələrinin 150 milyonluq qanpulu məbləği korrupsioner məmurların rüşvət predmetidir . Haçansa , burunlarından gətirərlər , inşallah ...
Məğrur Bədəlsoy
xalqxeber.az olaraq adları çəkilən vəzifəli şəxslərin fikirlərinə yer verməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ