
Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərinın inkişafının göstəricisidir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də uzunmüddətli strateji tərəfdaşlığa zəmin olacaqdır. Azərbaycanla Afrika ölkələri arasında münasibətlər yeni mərhələdədir.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisaulu həmkarı Umaro Moktar Sissoko Embalo ilə mətbuata bəyanatında bildirdiyi kimi, " Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik".
Fevralın 27-də Bakıda hər iki ölkənin prezidentlərinin rəhbərləri arasında təkbətək və lanç əsnasında geniş tərkibdə görüşləri olub. Qeyd edilib ki, Qvineya-Bisau prezidentinin səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Mətbuata bəyanatında Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Qvineya-Bisau və Azərbaycanın iki dost ölkə və amallarının ümumi olduğunu bildirib. Bir sıra vacib məsələlər üzrə əminliyin olduğunu söyləyən Prezident Umaru Sisoku Embalo bildirib: “BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük”.
Onu da bildirək ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır.
Tufan Məmmədov – iqtisadçı ekspert