SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüs

Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüs

Tarix:

30-03-2024, 17:31

/ 602 dəfə oxundu.
Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə  çatdırılmasına xidmət edən təşəbbüs


31 mart - Azərbaycanlıların Soyqırımı Günü bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən sayılır. Yüz dörd il əvvəl, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bu cinayətin təşkilində və icrasında əsas məqsəd Azərbaycan dövlətinin yaranmasının qarşısını almaq, bölgəni müsəlman-türk əhalidən təmizləmək olmuşdur. 1918-ci ilin mart qırğınından bizləri ayıran 106 il tariximizin hər bir səhifəsini təkrar-təkrar vərəqləməyə, baş verənlərin əsl mahiyyətini dərindən təhlil etməyə geniş imkanlar yaradıb.
Tarix təsdiqləyir ki, bu soyqırımı da əvvəlcədən düşünülmüş, planlı şəkildə hazırlanmış və qəddarlıqla həyata keçirilmişdir. Reallıq budur ki, etnik təmizləmə siyasətini açıq, gizli həyata keçirən, bir əsrdə günahsız azərbaycanlıların qətli ilə nəticələnən neçə-neçə soyqırımı törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin müəllifləridir. Bunu görməzdən gələn dünya dövlətləri unutdular ki, cinayətkara dəstək olmaqla özlərinə qarşı da inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququ arxa plana keçirirlər.Qonşu dövlətlərə qarşı himayədarlarının dəstəyi əsasında əsassız torpaq iddiası ilə çıxış edən və buna nail olan işğalçı Ermənistan nə zamansa həqiqətlərin qarşısında aciz duruma düşəcəyini, diz çökəcəyini çox yaxşı bilirdi və bu, 44 günlük Vətən müharibəsində baş verdi.
Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə rus imperiyasının havadarlığı ilə törədilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli idi. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması yaddan çıxmayıb. Tarixə qısa baxış fonunda bu reallıq təsdiqlənir ki, Cənubi Qafqaz müxtəlif etnik tərkiblərə malikdir. Bu bölgədə Ermənistan yeganə cəmiyyətdir ki, etnik dözümsüzlük zəminində yekcins, monodövlətə malikdir. İşğalçılığı, terrorçuluğu və soyqırımları dövlət səviyyəsinin əsas tərkib hissəsinə çevirən Ermənistan mənfur niyyətlərinə nail olmaq üçün ən alçaq əməllərə əl atmaqdan belə çəkinmir.
1998–ci il martın 26–da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi–hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.
Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.Son olaraq bildirim ki, hər birimiz Ulu öndərin dediyi kimi, azərbaycanlı olmağımızla qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməliyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
 Mənfur düşmənin nə qədər qəddar olduğu Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi zamanı bu faciənin davamı kimi qəbul olunan Gəncə, Bərdə, Tərtər hadisələrində bir daha isbatlandı. Ermənilərin cinayətkar əməllərinə göz yuman dünya dövlətləri 44 günlük İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərlə ölkəmizin yüksək hərbi-texniki imkanlarını görməklə yanaşı, bu həqiqətin də təsdiqləndiyinin şahidi oldular ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas amillərdir.

Bəhram Bağırov,
Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi.

Şərhlər

XƏBƏR LENTİ