SON DƏQİQƏ
XalqXeber.Az » Həqiqətləri ifşa edən prinsipial mövqe

Həqiqətləri ifşa edən prinsipial mövqe

Tarix:

30-03-2024, 16:00

/ 547 dəfə oxundu.
Həqiqətləri ifşa edən prinsipial mövqe

Saxta idealizmin qurbanı olan toplumlar tarixin müxtəlif dövrlərində səbəbsiz faciələr törətmişdir. Bəzi hallarda bu kütləvi xarakter almış və bəşəri faciələrə çevrilmişdir.Öz tarixi köklərini müxtəlif dövrlərə və dövlətçilik institutlarına bağlamağa çalışan, amma əsil həqiqət ortaya çıxdığından buna heç bir zaman nail olmayan erməni millətçiləri məhz öz qaniçən əməlləri ilə əslində bəşəriyyətin düşmənləri hesab edilə bilərlər. Onlar ağılasığmaz və saxta ideallara söykənən böyük dövlət yaratmaq xülyalarını məhz başqa xalqlara faciələr yaşatmaqla reallaşdırmaq niyyətində olmuşlar. Elə 1918-ci ildə etnik baxımdan erməni olmayan digər millətlərin, xüsusən Azərbaycan türklərinin başına gətirdikləri faciələrlə də bu saxla xəyallarını gerçəkləşdirmək istəmişlər. Bu baxımdan 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Həmin dövrdə insan qətlləri ilə kifayətlənməyən erməni cəlladları digər xalqların mədəniyyətlərinə qarşı da soyqırımı aktı törətməkdən çəkinməmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar.
         Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırımlar sırasında Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Bu hadisələr Sovetlər dönəmində pərdələnsə də sonradan həqiqət üzə çıxmış və erməni xislətinin iyrəncliyi, erməni qaniçənliyi rəsmi şəkildə sənədlərlə, dövlət sənədləri ilə təsdiqini tapmışdır.
  Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bundan bir müddət sonra həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Azərbaycan xalqı heç bir zaman erməni millətçilərinin bu xain və bəşəriyyətə qarşı yönəlmiş cinayətlərini unutmayacaq. Biz də hər addımda bu cinayət faktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda davam edəcəyik. İnanırıq ki, bir gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları da bu erməni cinayətlərini qəbul və etiraf edəcəkdir.
Gülşən Əzizova,
Salyan şəhər 5 saylı uşaq bağçasının müdiri

Şərhlər

XƏBƏR LENTİ