XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakıda işədüzəltmə adı ilə pul alan fırıldaqçı axtarılır - ŞİKAYƏT VAR

Bakıda işədüzəltmə adı ilə pul alan fırıldaqçı axtarılır - ŞİKAYƏT VAR

Bakıda işədüzəltmə adı ilə pul alan fırıldaqçı axtarılır - ŞİKAYƏT VAR
2-06-2017, 09:49

Bakıda onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadan məşğulluq firmalarından birinin təsisçisi Tahir Ağayev axtarılır.
Bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Ağayevlə bağlı AR Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi qaldırılıb. Lakin hələlik macərapərəst dələduz həbs olunmayıb. Qlobal maliyyə böhranı ilə əlaqədar olaraq ölkədə işsizliyin səviyyəsi artanda, Ağayev dərhal başa düşüb ki, o, yaxşı kapital toplaya bilər. Beləcə, şəhərin mərkəzində, Nəsimi rayonu ərazisində birgünlük firma açaraq müştəriləri cəlb etməyə başlayıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinə aprelin son bir neçə günü ərzində paytaxtın və Azərbaycanın müxtəlif regionlarının 10 sakini müraciət edib. Şikayətçilərin sözlərinə görə, Ağayev onların hər birindən 200-300 manat alaraq onları işə düzəltməyə söz verib. Lakin nəticədə zərərçəkənlər nə iş əldə edə biliblər, nə də pulu geri ala.
"Ağayevlə bağlı şikayətlərin sayı bir qədər çox oldu. Bu on nəfər polis idarəsinə cəmi bir neçə gün ərzində müraciət etdilər. Ərizələrdə bildirilirdi ki, Ağayev özünün "məşğulluq fəaliyyəti"nə 2016-cı ilin noyabr ayından başlayıb və bu ilin may ayına — onun fəaliyyəti haqqında polisə məlumat daxil olana qədər bu fəaliyyəti davam etdirib. Hazırda zərərçəkmişlərin verdiyi ünvanda sözügedən firma yoxdur, Ağayevin özü də yoxa çıxıb. O, polisin onu axtardığını bilib və gizlənib" – deyə polis bölməsindən bildiriblər. Bu barədə Sputnik Azərbaycan-a müsahibə verən Development services group məşğulluq şirkətinin təsisçisi Elnur Sadıqov deyib ki, son vaxtlar bu cür dələduzluq halları ilə tez-tez rastlaşır "Belə firmalar adamları uzun müddət aldada bilmir. İnsanlar aldandıqlarını başa düşən kimi, həmin firmaların təsisçiləri yoxa çıxırlar. Həmin dələduzların izinə düşmək çətin deyil. Əgər istək olsa, onları tez tapmaq və firmalarını da bağlamaq olar. Mən başa düşə bilmirəm ki, onlar necə sakitcə işləyə bilirlər? Bizim şirkət açıldığı gündən indiyə kimi keçən 15 il müddətində yalnız bir ünvanda fəaliyyət göstərir. Bu isə bizim öz işimizi vicdanla yerinə yetirdiyimizi göstərir" – deyə Sadıqov məşğulluq şirkətlərinin müştəri seçimi ilə bağlı meyarlarından danışarkən bildirib. Sadıqovun sözlərinə görə, məşğulluq sahəsindəki dələduzlar işə son dərəcə ehtiyacı olan və bunun üçün sonuncu qəpiyini gətirib verən insanların etibarından istifadə edirlər. Bu kələkbazları həmin adamlara iş tapıb-tapmamaq məsələsi narahat etmir.
"Misal üçün, ola bilər, müştəri dərhal iş əldə edə bilməsin. Amma şirkət ona istiqamət verir, bir aydan sonra işçiyə ehtiyac duyulacaq müəyyən sahə üzrə hazırlaşmağı tövsiyə edir. Mütəxəssislər təcrübəsi olan müştərilər üçün uğurlu olacaq ixtisasları proqnozlaşdıra bilirlər. Son beş ildə bizim müştərilərimiz arasında təkcə özünə iş axtaranlar deyil, yenidən ixtisaslaşmaq istəyən şəxslər də olub. Və məsələnin ən önəmli tərəflərindən biri də odur ki, peşəkar məşğulluq şirkətləri müştərilərdən yalnız ona iş tapdıqları təqdirdə pul alırlar" – deyə Sadıqov bildirib. Hazırda Azərbaycanın əmək bazarında 10-a qədər ciddi şirkət çalışır. Digər firmalar isə özlərinə ciddi görkəm verməyə cəhd edərək dələduzluqla məşğul olurlar. Sadıqovun sözlərinə görə, müşahidələr göstərir ki, yaxşı mütəxəssis, təhsilli, ciddi və dəqiq insanlar Azərbaycanda həmişə iş tapırlar. Şirkətlərə belə mütəxəssislər lazımdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.