SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilib

Azərbaycan qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilib

Tarix:

1-03-2022, 13:04

/ 516 dəfə oxundu.
Azərbaycan qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilib

 
 
Dünyanın sosial-iqtisadi resursları sırasında yer alan turizm sənayesi, çağdaş dövrün ən dinamik və populyar hesab olunan sahələrindəndir. Turizmin tədqiq və təhlili göstərir ki, bu sahənin yerləşmə arealı və istifadə imkanları hər zaman əsas götürülür. Ölkəmizdə turizmin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır. Turist axınının artması, təbii olaraq ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir.
Bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf yolu seçən ölkəmiz, müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlərə inteqrasiya etməklə dünyanın ən aparıcı və inkişaf etmiş ölkələri ilə iqtisadi əlaqələrini genişləndirməyə başlayıb. Bu əlaqələrin inkişaf etdirilməsi fonunda əməkdaşlıq turizm sahəsindən də yan keçməyib. Bu sahədə atılmış ilk addım -1999-cu ildə “Turizm haqqında qanun” və 2002-ci ildə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizminin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafı üçün zəmin yaradıb. Son illər dövlət səviyyəsində bu sahənin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz müsbət təsirlərini göstərməkdədir. Ölkəmizdə turizmin müxtəlif növlərinin formalaşmasına, bu sahədə çalışan kadrların maarifləndirilməsinə dəstək olan “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması və 2011-ci ilin “Turizm ili” elan edilməsi, əlbəttə, turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb.
Sevindirici haldır ki, dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğının təzahürü olaraq ölkəmiz dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilib. Həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq son illərdə beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin təşkili, ümumiyyətlə, Azərbaycana turist axınının təşviq edilməsi nəticəsində turizm sektorunun daha çox gəlir gətirən sahəyə çevrilməsinə şərait yaradır. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir. 
Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Ölkə rəhbərliyi tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan yeni turizm istiqaməti kimi xarici ölkələrdə yaşayan səyahət həvəskarlarının da seçdiyi məkana çevrilib. 2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 2018-ci illə müqayisədə 11% - 3 milyon 170,4 min nəfərə qədər artmışdır. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olmuşlar.
Əgər dünyanı lərzəyə salan pandemiya baş verməsəydi, sözsüz ki, bu sahədə daha böyük irəliləyişlər müşahidə olunardı. Qarabağ, Şərqi Zəngəzur zonasında bu sahədə fəaliyyət bərpa olunduqdan sonra turizmdən gələn gəlirlər bir neçə dəfə artacaq. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, hava limanları tikilir. Yaxın illərdə bu zonalar turizm sahəsində önə çıxacaq. Çünki həmin ərazilərin olduqca əlverişli turizm potensialı var. Xüsusilə müalicəvi turizm sahəsini inkişaf etdirmək üçün çox gözəl imkanlar mövcuddur. Yaxın illərdə işğaldan azad olunmuş ərazilərin ölkə turizmində xüsusi yeri olacaq ki, bu da Azərbaycanda turizmdən gələn gəlirlərin artmasına səbəb olacaq.
 
 
Xöşbəxt Feyzullayeva,
Salyan Peşə Liseyinin müəllmi

Şərhlər

XƏBƏR LENTİ