SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda 1 saat intervalla işləyən avtobus... - ŞİKAYƏT

Bakıda 1 saat intervalla işləyən avtobus... - ŞİKAYƏT

Tarix:

18-05-2017, 11:45

/ 114 176 dəfə oxundu.
Bakıda 1 saat intervalla işləyən avtobus... - ŞİKAYƏT

Balaxanıda “2-ci mədən ərazisi” adlanan ərazinin sakinləri ictimai nəqliyyat problemindən şikayətçidir. Bu barədə redaksiyamıza müraciət edən sakinlər məlumat veriblər. Onların sözlərinə görə, illərdir ki, ictimai nəqliyyat problemi yaşayırlar. Sakinlər bununla bağlı dəfələrlə müvafiq qurumlara şikayət edib yardım ala bilməyincə, məsələni ictimailəşdirmək üçün musavat.com-a müraciət ediblər.

Öncə onu qeyd edək ki, “2-ci mədən ərazisi”inin bir çox problemləri barəsində daha öncə də mətbuat səhifələrində yazılar dərc olunub. Bu ərazidə əsasən məcburi köçkünlər və Qərbi Azərbaycandan gələnlər məskunlaşıblar. Ərazidə sovet dönəmində çoxsaylı neft quyuları qazılıb və hazırda onların istismar müddəti başa çatsa da, həmin quyular bu gün də təhlükə mənbəyidir. “2-ci mədən ərazisi”ndə əksər evlər isə məhz bu quyuların üzərində tikilib. Sakinlərin sözlərinə görə, “Sovetski” kimi tanınan məhəllədə ilk söküntülər başlayan zaman bu ərazinin də söküləcəyi xəbəri yayılıb. Hətta burada yaşayanların bəzilərinin mənzillərinin sahələri də ölçülüb. Lakin sonradan bu məsələ ilə maraqlanan olmayıb.

Sakinlər bildirirlər ki, əraziyə yalnız 54 nömrəli avtobus işləyir ki, onu da bir saat gözləmək məcburiyyətində qalırlar. Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün biz də qeyd olunan avtobusla “2-ci mədən ərazisi”nə yol aldıq. 8-ci kilometr bazarının qarşısında bir xeyli gözlədikdən sonra nəhayət, avtobus gəldi. Sürücüdən öyrəndik ki, avtobusun 1 saat intervalla işləməsinin səbəbi 54 nömrəli marşrut xətti üzrə yalnız bir maşının olmasıdır. Sürücü bildirdi ki, marşrutun yolu üzrə sərnişin sayı az olduğu üçün əlavə avtobus verilmir.

Sakinlər isə fərqli fikirdədirlər. Sakin Sənubər Həsənova aşağıdakıları bildirdi: “Axşam saat 8-dən sonra marşrut, ümumiyyətlə, işləmir. Avtobus kiçik tutumludur və çox narahatdır. Narahatlığına, kiçik olmasına birtəhər dözürük. Ancaq 1 saat intervalla işləməsi bizə çox maneə yaradır. Sürücü bildirir ki, cəmi bir avtobus var. O da dövr edib qayıdana qədər bir saat vaxt keçir. Təcili bir işimiz olduğu zaman məcburuq ki, 1 saat gözləyək. Küçələrdə yay aylarında istidən, qış aylarında isə soyuqdan zülm çəkirik. Bir neçə dəfə müvafiq qurumlara müraciət etmişik, ancaq problem öz həllini tapmayıb. Bizə deyirlər ki, ərazidə əlavə marşrut xəttinə ehtiyac yoxdur. Ancaq faktiki gözlə də görünür ki, burada evlər bir-birinin içərisində yerləşir. Hər evdə də ən azı 2 adam yaşayanda minlərlə insan edir. Düşünürük ki, problem həll olunmasa, Bakı Nəqliyyat Agentliyinin qarşısına gedib, orada aksiya keçirək”.

Şəhid ailəsi olduğunu bildirən və ərazidə yaşayan digər sakin Fərman Həsənov da qeyd etdi ki, bir avtobusun olması ona problemlər yaradır:

“Bir dəfə avtobusu nə qədər gözlədik, gəlib çıxmadı. Sonra öyrəndik ki, avtobus xarab olduğu üçün hələ bir neçə saat da işləməyəcək. Yəni bu kimi gülünc problemlər də olur. Hər halda, bununla bağlı bir tədbir görülsə, yaxşı olar”.

Ərazinin digər sakinləri də problem barəsində oxşar fikirləri bildirdilər.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev musavat.com-a bildirdi ki, əslində həmin istiqamət üzrə hərəkət edən əlavə marşrut xətti var:

“54 nömrəli ilə üst-üstə düşən 62 nömrəli marşrut xətti var. Sakinlər bizə müraciət etmişdilər ki, 62 nömrəli avtobusun keçmədiyi ərazilərdə əziyyət çəkirlər. Ona görə də biz sakinlərin rahatlığını təmin etmək məqsədilə 54 nömrəli marşrut xəttini açdıq. 62 nömrəli avtobus deyərdim ki, 99 faiz 54-ün yolunu gedir. Yalnız orada bir az məsafə var ki, yalnız 54 gedir. Həmin ərazidə isə sərnişin axını zəifdir. Məlum olduğu kimi, marşrut xətti verilən zaman sərnişin sıxlığı əsas götürülür. Bir məqamı da qeyd edim ki, bu yaxınlarda şəhər mərkəzindən başlayacaq marşrut xətlərinin optimallaşdırılması üzrə işlər aparılacaq. Bu işlərə üst-üstə düşən marşrut xətlərinin ləğvi, ehtiyac olan yerlərdə yeni marşrut xətlərinin açılması da daxildir. İslam Oyunlarından sonra bu işlər daha da sürətləndiriləcək və o zaman 54 nömrəli avtobusla bağlı problemlər də öz həllini tapacaq. Ancaq bir daha qeyd edim ki, 62 nömrəli avtobus da həmin yolun böyük hissəsini gedir. Sadəcə olaraq orada 500 metrə qədər məsafə var ki, 54 nömrəli də oradan keçir və bir nəqliyyat vasitəsi var”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ