SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu diplomlar nəyə yarayır: Tələblər fərqli, məzunlar pərişan - PROBLEM

Bu diplomlar nəyə yarayır: Tələblər fərqli, məzunlar pərişan - PROBLEM

Tarix:

23-06-2021, 09:47

/ 564 dəfə oxundu.
Bu diplomlar nəyə yarayır: Tələblər fərqli, məzunlar pərişan - PROBLEM

"Təhsil Nazirliyi yanında İctimai Şuranın iyunun 23-nə nəzərdə tutulan növbəti iclasında Şura üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərliyi arasında xarici diplomların tanınması məsələlərinə dair dinləmələr nəzərdə tutulub” - Nadir İsrafilov

“Yalnız attestatla istədiyin ixtisasa qəbul ol”. Hər il ölkəmizdə universitetlərə qəbul imtahanı keçirilərkən bu cür elanların sayı artır. Lakin çox vaxt Azərbaycan universitetlərinə qəbul ola bilməyən və yaxud sadəcə xaricdə təhsil almaq istəyən və bunun üçün xarici ölkələrin universitetlərinə müraciət edənlər təhsillərini başa vurub ölkəyə geri döndüklərində diplomları tanınmır.

Problemi AYNA-ya şərh edən Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini, təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin 2003-cü ildə verdiyi qərar var: “Təkcə attestatla deyil, ümumiyyətlə, xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınıb-tanınmaması məsələsi zaman-zaman müzakirə olunur və bu günün özündə də bu kimi hallar gündəm olaraq qalmaqda davam edir - baxmayaraq ki, hələ 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib. Bu qərarı tətbiq etmək məqsədilə 2007-ci ildə Təhsil Nazirliyində müvafiq əmr imzalanıb. Bu əmrlə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirliyin aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor da yaradılıb”.

Həmsöhbətimiz bildirib ki, buna baxmayaraq, hələ də diplomların tanınması ilə bağlı məsələ problemli olaraq qalmaqdadır: “İstər xarici universitet diplomlarının ölkəmizdə, istərsə də Azərbaycan universitetlərinin diplomlarının xaricdə tanınması hələ də təhsil sahəsində başlıca problemlərdən biri olaraq qalmaqdadır. 1997-ci ilin aprelində dövlətimiz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb. Konvensiyanın icrası Təhsil Nazirliyinə həvalə olunub. Baxmayaraq ki, 1999-cu ildə ali təhsil sistemlərinin bir-birinə yaxınlaşdırılması və uyğunlaşdırılması, Avropada ortaq təhsil məkanının yaradılması məqsədilə Boloniya Bəyannaməsi imzalanıb, 2005-ci ildən Azərbaycan da bu prosesə qoşulub”.

“Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bu sistemin elementlərindən hələlik kredit sisteminə önəm verilir. Diplomların qarşılıqlı tanınmaması ucbatından Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamil etmək olar”, - deyə İsrafilov vurğulayıb.

Ekspertin sözlərinə görə, bu məsələdə başlıca səbəblərdən biri dünyanın ayrı-ayrı ölkələrində problemə fərqli yanaşmanın tətbiq edilməsidir: “Hansısa ölkə ilkin bazaya - attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Bu məsələdə ixtisaslara, onlara olan tələbata da diqqət yetirilir”.

“Xaricdə alınmış istənilən diplomun Azərbaycanda tanınması üçün Təhsil Nazirlyində nostrifikasiyadan keçmək tələb olunduğu kimi, başqa ölkələrə iş üçün gedən məzunlarımızın müvafiq işlə təmin olunması üçün də həmin ölkənin müvafiq qurumunda nostrifaksiyadan keçmək tələbi var. Bəzilərində vəkillik, həkimlik diplomu ayrıca imtahan edilərək tanınır. Diplomların tanınmasında kredit uyğunluğu da istisnalıq təşkil etmir. Məsələ ondadır ki, xaricdə təhsil alan hər bir şəxs Azərbaycana qayıtdıqda ölkə ərazisində ali təhsil sənədini tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir. Çünki qanunla xaricdə təhsil alan şəxsin diplomu Azərbaycan ərazisində tanınmırsa (nostrifikasiya olunmayıbsa), həmin şəxsin diplomu keçərsiz sayılır. Bu da həmin şəxsin ölkə ərazisində iş tapmasında böyük çətinlik yaradır”, - deyə sədr müavini qeyd edib.

İsrafilov hesab edir ki, mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir: “Bu məqsədlə Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib. Hesab edirəm ki, ölkə başçısının “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bu sahədə olan bir çox mövcud məsələlərin, o cümlədən də xaricdə təhsilini yaxın vaxtlarda bitirəcək və yaxud hazırda təhsilini bitirən şəxslərin Azərbaycanda diplomlarının tanınması zamanı qarşıya çıxan problemləri həll etməkdə və müvafiq prosedurları nizama salmaqda yeni və mühüm mərhələ olacaq”.

“Bildiyim qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə tanınma üzrə edilən son müraciətlərin statistikasına əsasən, müraciətlərin mənfi qərarla yekunlaşmasının başlıca səbəbləri içərisində əsasən tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması, qeyri-ənənəvi təhsil formasında təhsil alması kimi amillər göstərilib. Onu da qeyd edim ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın iyunun 23-də keçirilməsi planlaşdırılan növbəti iclasında Şura üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərliyi arasında xarici diplomların tanınması məsələlərinə dair dinləmələr nəzərdə tutulub”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Şərhlər

XƏBƏR LENTİ