SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Pulu olmayan ailənin uşağı oxuya bilmir" - Ekspert

"Pulu olmayan ailənin uşağı oxuya bilmir" - Ekspert

Tarix:

6-04-2021, 18:13

/ 723 dəfə oxundu.
"Pulu olmayan ailənin uşağı oxuya bilmir" - Ekspert

Pandemiyanın başlamasından 1 ildən çox vaxt keçsə də, təhsilin epidemioloji şərtlərə uyğun şəkildə təşkili məsələsi hələ də cəmiyyətdə suallar doğurur.
Onlayn və distant təhsilin təşkili tədrisin keyfiyyətinə nə dərəcədə təsir göstərdiyi barədə Unikal.org-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bu sahədə mövcud vəziyyəti dəyərləndirib.
Ekspert hesab edir ki, pandemiya bütün dünyada təhsilalma və təhsilvermənin formatını dəyişdi: "Azərbaycanın pandemiyadan əvvəlki təhsil göstəricilərinə baxsaq, oxuma-yazma faizi, dərsliklərlə təmin olunma səviyyəsi və digər göstəricilərə görə ölkəmiz irəlidə olub. Pandemiya başladığı dönəmdə də təhsilin əlçatanlığının təmin edilməsi üçün müəyyən addımların şahidi olduq. Amma ölkəmizdə vəziyyət daha yaxşı olmalı idi. Koronavirus pandemiyası dünyada ümumilikdə 2 milyarda qədər insanın təhsil həyatına təsir etdi. 600 milyon insan isə təhsildən ümumiyyətlə kənarda qalıb. Düzdür, Azərbaycanda teledərslər və virtual dərslərlə bağlı addımlar atılıb. Amma pandemiya şəraitində təhsilin keyfiyyəti baxımından mənzərə arzuolunan deyil. Dövlətimiz hərbi sahədən sonra ən çox vəsaiti təhsilə yönəldir. Amma ayrılan vəsaitin həcminə görə yaranan gözləntilər özünü doğrultmadı. Biz 1 ildir ki, hansısa “Microsoft Teams”in üzərindəyik. Heç bir keyfiyyəti olmayan teledərsin üzərindəyik. Təhsilin keyfiyyəti ciddi şəkildə aşağı düşüb. Distant təhsil üçün alternativ resurslar yoxdur. Qiymətləndirmə vəsaitləri, elektron materiallar, alternativ dərsliklər yoxdur".
Kamran Əsədov bildirib ki, problem iki hissədən ibarətdir: "Birincisi, təhsil alanların lazımi alətlərinin olmamasıdır. Bu gün ölkənin 4447 orta məktəbində 1.6 milyon şagird var. Onların yalnız 65 faizinin alətlərlə təmin olunduğu görürük. Bəzi yerlərdə şagirdlərin internetə çıxışı, hətta kompüter, planşet və telefonu yoxdur. İkincisi, onlayn qaydada distant təhsillə bütün fənlər tədris edilə bilməz. Riyaziyyat, fizika, kimya, biologiya kimi texniki və təbiət elmlərinin onlayn tədrisi mümkün deyil.  Bu problemlərin fonunda biz hansısa lazımsız müsabiqələr və təlimlər keçiririk. Müəllimlərimiz alətlərdən istifadə edə bilirlərmi? Ola bilər ki, pandemiya dövründə bütün uşaqların təhsilə cəlbi texniki baxımdan mümkün deyil. Amma bütün uşaqlar üçün keyfiyyətli resursların yaradılması mümkündür. Təbii ki, ənənəvi və üzbəüz təhsilin yerini heç nə vermir. Pandemiya bir fürsət idi, dəyərləndirə bilmədik. Onsuz da Azərbaycan təhsilinin reytinqi dünyada aşağıdır. Bu gün ibtidai sinif şagirdləri normalda sürətli oxuda 35-40 söz oxumalı olduqları halda 4-5 söz oxuyurlar. Hərfləri tanımaqda çətinlik çəkirlər. Şagirdlər arasında heç bir diaqnostik yoxlamalar aparılmadı, mənimsənilmə səviyyəsi ölçülmədi. Bu gün bütün güc hazırlıq kurslarının və repititorların üzərinə düşüb. Pulu olan uşağına hazırlığa qoyur və oxudur, pulu olmayanın uşağı isə oxuya bilmir. Bütün bu problemlərin həlli üçün zaman-zaman xeyli təkliflər vermişik".

Şərhlər

XƏBƏR LENTİ