XalqXəbər.Az

XalqXeber.Az » Sosial » “Azərsu”nun qanundan kənar şirkətlə işbirliyi – 768 min manatlıq müqavilənin izi ilə

“Azərsu”nun qanundan kənar şirkətlə işbirliyi – 768 min manatlıq müqavilənin izi ilə

“Azərsu”nun qanundan kənar şirkətlə işbirliyi – 768 min manatlıq müqavilənin izi ilə
15-02-2021, 13:23

Hələ ötən ilin yayında Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair müşavirə keçirəndə məlm oldu ki, bu sahədə ciddi probelmlər var. Reportyor.info xatırladır ki, Prezident sözgüdən müşavirədə müvafiq qurumları – “Azərsu” ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC-ni sərt tənqid edib.
“Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox”, – deyə ölkə başçısı bildirib.
Prezident əlavə edib ki, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib: “Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan”.
İlham Əliyev investisiya xərclərinə ciddi nəzarətin olmamasına da diqqət çəkib:
“İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir”.
Prezidentin bu çıxışında sonra diqqət aiddiyyəti qurumların fəaliyyətinə yönəlib. Xüsusilə, həmin qurumların investisiya xərclərinə nəzarət güclənib.
“Azərsu” ASC və Meliorasiya Və Su Təsərrüfatı ASC iri layihələr həyata keçirən qurumlardır. Bu qurumların elan etdikləri tenderləri araşdırdıqda ortada hansı məbləğdə pullarda söhbət getdiyi və Prezidentin xərclər üzərində xüsus olaraq dayanmasının səbəbləri aydın olur.

Təkcə “Azərsu”nun az əvvəl keçirdiyi tenderə diqqət etmək kifayətdir.
Təxminən bir həftə əvvəl sözügdən qurum “İRZS MOTORS” MMC ilə müqavilə bağlayıb. Maliyyə dəyəri 768 128 AZN olan müqavilədə “Azərsu”nun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələri və qurğuların yüksək təzyiqli yanacaq nasosu və yanacaq püskürücülərinin təmiri işlərinin və tələb olunan ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərinə görə, 1 ədəd Yanacaq nasosu – “CASE 580T” markalı buldozerin yüksək təzyiqli yanacaq nasosun gövdəsinin dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması, 12 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün klapan dəsti dəyişilməsi, 6 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilinin yanacaq püskürücüsün əsaslı təmir olunması, 8 ədəd yanacaq püskürücüləri – “İsuzu NPR8” markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması və 8 ədəd yanacaq püskürücüləri – “İsuzu NPR8” markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi – alınacaq.
Əvvəla, bu şirkət “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 il əvvəl yaranan bu şirkətin qanunda göstərilən təcrübəyə malik olması şübhəlidir. Qanunun 6.2.6. bəndinə görə, şirkətin 5 illik təcrübəsi olmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında isə qeyd edilir ki, adıçəkilən şirkət 8 yanvar 2020-ci il tarixdə qeydiyyata alınıb. Yəni, şirkət 1 ildir ki, fəaliyyət göstərir. Nizamnamə kapitalı 100 AZN olan şirkətin “İRZS MOTORS” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Zığ yolu 2, ev 36, mənzil 69-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Zeynalov Rüfət İsrafil oğludur.
Şirkət yaranandan bu müqaviləyə qədər övlət satınalmalarında iştirak etməyib. Açıq mənbələrdə də MMC və onun sahibi barədə hər hansı məlumat yoxdur. Dövlət qurumunun belə bir şirkətlə iri məbləğli müqavilə bağlaması şübhəli deyilmi? Bu sualın cavabı açıq qalır.

Reportyor.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.