XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihə qəbul olundu

Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihə qəbul olundu

Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihə qəbul olundu
18-12-2020, 12:57

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.