XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur” – İnternet Forumunun prezidentindən ETİRAZ

"Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur” – İnternet Forumunun prezidentindən ETİRAZ

"Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur” – İnternet Forumunun prezidentindən ETİRAZ
18-12-2020, 12:53

"Ölkədə rəqəmsallaşmanın ən zəif getdiyi sahələrdən biri səhiyyə sistemidir”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, ölkə üzrə hələ də vahid bir tibbi platforma, bütün maraqlı tərəfləri özündə birləşdirən - Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur:

“Nə üçün COVID- 19-la mübarizədə səhiyyə sistemi effektiv fəaliyyət göstərə bilmir? Xəstəxanalarda boş yerlərə, dərmanların hərəkətinə ictimai nəzarəti necə təşkil etmək olar? Əlbəttə, bu sualların bir çox cavabları artıq sosial mediada gündəmə gətirilib. Düşünürəm ki, əsas səbəblərdən biri də səhiyyə sistemində rəqəmsallaşmanın olduqca ləng getməsidir. Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur. Hansı ki, hər bir xəstə haqqında müxtəlif tibb müəssisələrindən daxil olan məlumatlar burada cəmləşməliydi.

Belə bir sistem formalaşdırılsa, vətəndaşlar daha rahat, elektron formada həkim qəbuluna yazıla bilər, bütün tibb xidmətləri daha əlçatan ola bilərdi. Burada hər bir vətəndaş haqqında uzun illər toplanan informasiya əsasında həkimlər daha düzgün qərarlar verə bilərdi. Toplanan dataları analiz etməklə daha effektiv həllər təqdim etmək olardı.

Bu platformanın apteklərə inteqrasiyası ilə elektron reseptlər sistemini işə salmaq olar, xəstələrin bütün dinamikası izlənə bilərdi. Təəssüf ki, cavabdeh şəxslər uzun illər keçməsinə baxmayaraq bunu hazır etməyiblər. Səhiyyənin elektronlaşmasına ayrılan ictimai resursların əhəmiyyəti indiki çətin durumda gözə dəymir.

İctimai əhəmiyyət kəsb etməyən, mənasız e-xidmətlərin siyahısı isə SN saytında göz deşir. Təbii ki, bütün bunlara ilk növbədə Səhiyyə Nazirliyi və həmçinin TƏBİB cavabdehlik daşıyır”.

Ekspertin sözlərinə görə, bununla belə, ölkədə eGov sahəsində cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin də bu sahədə fəaliyyətini qənaətbəxş hesab etmək olmaz:

“Səhiyyə sistemində rəqəmsallaşmaya və e-xidmətlərə dövlət nəzarəti zəif təşkil olunub. Vətəndaşlar ən elementar tibbi məlumatları , pulsuz xidmətlər və dərmanları haqqında, hansı həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri və ictimai əhəmiyyət kəsb edən tibbi xidmətləri rəqəmsal formada əldə edə bilmirlər.

Xüsusən də indiki anda vətəndaşa COVID-19-la bağlı kömək ola biləcək, yoluxmuş vətəndaşlara düzgün qərarlar qəbul etməsi üçün yardımçı ola biləcək güvənli informasiyalar əlçatan deyil.

Əgər Vətəndaş Cəmiyyəti xəstəxanalarda boş yerlərə onlayn ictimai nəzarət edə bilmirsə, dərmanların hərəkətinə nəzarət imkanı yoxdursa bunun məsuliyyəti həm də eGov Mərkəzindədir.

Görəsən, indiki çətin dönəmdə neçə nəfər SN və TƏBİB-in elektron xidmətindən istifadə edib? VXSİ Dövlət Agentliyi səhiyyə xidmətlərini monitorinq edibmi?

Vətəndaş Cəmiyyəti üçün ictimai nəzarət imkanları yaradılmalıdır.

Tibb sahəsinin ən elementar, ən klassik xidməti olan xəstəxanalarda elektron növbə sistemi yoxdursa, buna həm də eGov Mərkəzi diqqət yetirməliydi.

Səhiyyə sahəsi bəlkə də, yeganə ictimai əhəmiyyət kəsb edən sahələrdən biridir ki, bir dəfə də olsun e-xidmətlərlə bağlı ictimai bir müzakirəyə rast gəlməmişəm”.

Ekspert hesab edir ki, eGov Mərkəzi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə səhiyyə sistemində mövcud informasiya resurslarının auditini aparmalı, inteqrasiya imkanları müəyyən olunmalıdır. Dərhal rəqəmsallaşmaya start verilməlidir:

“Ən elementar tibb xidmətləri tez bir zamanda rəqəmsallaşdırılmalı və məlumatlar əlçatan edilməlidir.

Əminəm ki, səhiyyə sistemində mövcud sistem və resursları rəqəmsallaşdırmaqla, dövlət nəzarətini gücləndirmək və ictimai nəzarət imkanları yaratmaqla COVID-19-la daha effektiv mübarizə aparmaq mümkün olacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.