XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...

İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...

İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
4-09-2020, 10:55

"Azsığorta” ASC-nin işdən çıxarılan əməkdaşı şirkəti məhkəməyə verərək 50 min manatdan çox pul tələb edib.

“Qafqazinfo”ya müraciət edən Seymur Babayev bildirib ki, 2016-cı ildən başlayaraq “Azsığorta”nın Şirvan Muğan filialının satış nümayəndəsi vəzifəsində işləyib: “2020-ci ilin yanvarında guya müqavilələri elektron informasiya sisteminə vaxtlı-vaxtında yerləşdirmədiyimə görə işdən çıxarıldım. Amma mənimlə şirkət arasında olan işəgötürmə müqaviləsində əmək öhdəliklərimdə müqavilələrin sistemə vurulması haqda heç bir şərt, bənd yoxdur. Bu, mənim öhdəliyimdə olan məsələ olmayıb. Müqavilələr ofisdə sistemə vurulurdu. Mən isə satış mütəxəssisi kimi müştəri cəlb edirdim”.

S.Babayev iddia edib ki, şirkətin dediyi nöqsanlara görə işdən azad edilməsi onun pandemiya dövründə heç bir yerdə iş tapa bilməməsinə səbəb olub: “2019-cu ilin son aylarında “Azsığorta”nın Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov mənim barəmdə qeyri-qanuni yoxlamalara başladı. Qorxutmaq, qanunsuz etiraf almaq, törətmədiyim əmələ görə cəzalandırmaq məqsədilə Çingiz Məhərrəmov mənə güclü psixi iztirablar verirdi. Bundan başqa barəmdə toplanılan və aparılan yoxlama sənədləri ilə tanış olmağıma şərait yaradılmadı. Sonda əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğum vəzifədən azad edildim. Əmrin məzmununda “əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə” işdən çıxarılmağım qeyd olunub”.

S.Babayev əmrin ləğvi üçün məhkəməyə üz tutub, Yasamal rayon Məhkəməsi onun şikayətini təmin etməyib: “Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Amma hakim Xəyalə Cəmilova indidən işə qərəzli yanaşır, proseslərdə “Azsığorta”nın tərəfini saxlayır, mənim çıxış etməyimə imkan vermir. Buna görə də sonuncu iclasda çıxışımı yarımçıq kəsdiyi üçün işə başqa hakimin baxması barədə məhkəmə sədrinə etiraz verdik. Mənim barəmdəki əsassız əmrin ləğv edilməsi, işə bərpa olunmağım, məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqı və vurulmuş mənəvi zərərin əvəzi kimi 50 000 ödənilməsini tələb edirəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.