XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » MİLYONLARLA DOLLARLIQ FIRILDAQ, CİNAYƏT İŞİ, ƏDALƏTSİZ HƏBS... - İş adamı Prezidentdən kömək istəyir

MİLYONLARLA DOLLARLIQ FIRILDAQ, CİNAYƏT İŞİ, ƏDALƏTSİZ HƏBS... - İş adamı Prezidentdən kömək istəyir

MİLYONLARLA DOLLARLIQ FIRILDAQ, CİNAYƏT İŞİ, ƏDALƏTSİZ HƏBS... - İş adamı Prezidentdən kömək istəyir
4-09-2020, 10:42

Atam Kərimov İslam Sadıx oğlu məhkəmələrin ədalətsiz hökmü ilə təqsiri olmadan həbsdə saxlanılır. Onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirib borc bataqlığına salıblar, üstəlik həbsə ataraq milyonlarla dollar tələb edirlər”.

Bunu “AzPolitika.info”-ya müraciətində Bakı sakini Cavidan Kərimov bildirib.

O, atasının başına gələnləri media vasitəsi ilə işıqlandırmaqla məhkəmələrdə baş alıb gedən özbaşınalıqlara ictimai diqqəti çəkmək istəyir. Eyni zamanda, ölkə rəhbərliyinin, hüquq-mühafizə orqanlarının bu məsələnin ədalətli araşdırılmasına nail olacağına ümid bəsləyir.

Cavidan Kərimovun təqdim etdiyi sənədlərdən görünür ki, atası İslam Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.07.2020-ci il tarixli qərarı ilə onun barəsində təyin olunmuş cəza müddəti daha 1 il artırılaraq 7 ilə çatdırılıb. Məhkəmə zərərçəkənin mülki iddiasını təmin edərək onun qarşı tərəfə 2.5 milyon dollar ödəməsinə dair qərar çıxarıb. Bu qərardan kassasiya şikayəti verilib.

Bəs İslam Kərimov niyə həbs edilib, ikinci instansiya məhkəməsində onun cəzası niyə ağırlaşdırılıb və o, niyə özünü təqsirsiz, verilən məhkəmə hökmlərini isəədalətsiz sayır?

İslam Kərimov məhkəməyə verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş kimi tanınmış Xəqani Qədirovla onun yaxını Atif Novruzov vasitəsi ilə tanış olub. Atif Novruzov Xəqani Qədirovu ona neft mütəxəssisi kimi təqdim edib. X. Qədirov İslam Kərimovu Əfqanistanda kiçik həcmli neftayırma zavodu tikməyə həvəsləndirib və qısa müddət ərzində milyonlar qazanacağına söz verib.

Xəqani Qədirov 7-8 il Əfqanıstanda çalışdığını, bu ölkənin yanacaq bazarını yaxşı tanıdığını, bir neçə ölkədə xırda neftayırma zavodları tikdiyini bildirib. Eyni zamanda, Rusiya və Azərbaycanda neft avadanlıqlarının quraşdırılması ilə məşğul olduğunu deyib.

O, İslam Kərimovu bu biznesin perspektivinə inandırıb, bildirib ki, zavodlar qurularsa, neftin hər tonundan 450 dollar qazana bilərlər. Belə razılıq əldə olunub ki, ilk növbədə işəƏfqanıstanda başlasınlar. İslam Kərimov ona hər ay 3-4 min dollar əmək haqqı təklif edib.

Xəqani Qədirov bununla razılaşıb, eyni zamanda təklif edib ki, zavodların tikintisi üçün Azərbaycandan işçi qüvvəsi aparılsın. Bunun üçünsə o, formal da olsa zavodun səhmdarlarından biri olmalıdır.

Və zavod fəaliyyətə başlayandan sonrakı 1 il ərzində biznesə qoyulmuş xərclər çıxsa, gəlirin 25 %-i ona qalmalıdır. Beləliklə, tikiləcək zavodun səhmlərinin 50 %-i Əfqanıstan vətəndaşının, 50 %-i isə İslam Kərimovun olub. İslam Kərimov öz payının 25 %-ini Xəqani Qədirova yuxarıda qeyd olunan şərtlər əsasında hədiyyə kimi verib.

İslam Kərimov ifadəsində daha sonra qeyd edib ki, ciddi çətinliklərdən sonra zavodu işə salmağa nail olublar. Bu zaman ortaya yeni sual çıxıb: Müəssisəni xammalla necə təmin edəcəklər?

X. Qədirov ona bildirib ki, inandığı, etibar etdiyi əfqan əsilli şəriki vasitəsilə bu problemi qısa müddətdə həll edəcəklər. Beləliklə X.Qədirovun təklifi ilə faizlə götürülən vəsait hesabına 15 min ton xam neft alınaraq istehsala başlayıblar. Əsl problemlər də bundan sonra ortaya çıxıb. Məlum olub ki, zavodda quraşdırılan avadanlıqlar həddindən artıq köhnə olduğuna görə, emal olunan neftdən aşağı keyfiyyətli dizel və mazut yanacağı alınır. Bu məhsulsa yerli bazarda satılmır.

2016-cı ilin oktyabr ayında məcbur olub istehsalı dayandırıblar. Bundan sonra X. Qədirov bildirib ki, Əfqanistanda faizlə götürülmüş borclar tələb edilir, vəziyyətdən çıxmaq üçün addımlar atmaq lazımdır.

Onun təklifi ilə eyni mənbələrdən təkrar faizlə borc götürülərək zavodu yenidən işə salıblar. Bu zaman artıq müəssisənin borcları 3 milyon manata çatıb. Bir müddət sonra X. Qədirov yenidən İslam Kərimovla əlaqə saxlayaraq işlərin qaydasında olmadığını, borcların günü-gündən artdığını bildirib. O, zavoddakı səhmləri sataraq vəziyyətdən çıxmağı təklif edib. Bu zaman Xəqani Qədirov ölkədən çıxışına məhdudiyyət olduğunu bildirib, İslam Kərimov Xəqani Qədirova təklif edib ki, bacısı oğlu Orxan Quliyevin adına etibarnamə versin, onun vasitəsi ilə problemi yoluna qoyacaq.

O, zavoddakı payını iş adamı Hüseynov Tofiq Əli oğluna təklif edib. Razılaşmaya görə, səhmlərin qarşılığında T. Hüseynov 5 milyon dollar ödəməyi öhdəsinə götürüb. İslam Kərimov ifadəsində göstərib ki, Tofiq Hüseynov səhmlərin qarşılığında verməli olduğu vəsaiti ödəməkdən imtina edib.

O, məhkəmədə bildirib ki, həmin vəsaiti Moskvada çeçen əsilli Timur adlı şəxsə verib. İddia edib ki, həmin şəxs İslam Kərimovun ona borclu olduğunu və bu vəsaitin ona çatmalı olduğunu deyib. Birinci instansiya məhkəməsində məlum olub ki, T. Hüseynov bu kimi dələduzluq əməlləri ilə məşğul olduğuna görə həbsdə yatıb və bu faktı hakimlərdən gizlədib.

Prosesin üçüncü mərhələsinə gəldikdə, Xəqani Qədirov İslam Kərimov, Orxan Quliyev və Tofiq Hüseynov barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı İdarəsinə şikayət edib. O, ərizəsində adıçəkilən şəxslərin cəzalandırılmasını, 3 milyon dollar vəsaitin alınaraq ona verilməsini, habelə maddi zərərin ödənilməsinin İslam Kərimova məxsus, İraqın Süleymaniyyə şəhərində yerləşən “KİMT Company for General Trading Ltd” şirkətindəki 55 faiz payına yönəldilməsini tələb edib. Bununla yanaşı Tofiq Hüseynov barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini istəyib.

İslam Kərimov hüquq-mühafizə orqanlarının rəhbərlərinə yazdığı məktublarda barəsində verilən məhkəmə qərarlarını ədalətsiz, sifarişli və absurd sayır. O, müraciətlərinin birində yazır: “Mən Xəqani Qədirovu ayda 3 min dollar əməkhaqqı ödəməklə işə götürmüşəm. Şirkətin 10 milyon dollar dəyərindəki nizamnamə kapitalının 50 faizi mənə, qalan 50 faizi isəƏfqanıstan vətəndaşlarına məxsus olub. Mən özümə məxsus payın 25 faizini müəyyən şərtlər daxilində Xəqani Qədirova hədiyyə kimi vermişəm. O, bu müddət ərzində zavodun inşasına və s. xərclərə bir manat da olsun öz vəsaitini istifadə etməyib. Buna baxmayaraq, apellyasiya instansiyası absurd olaraq hesab edib ki, guya mən Xəqani Qədirova 2.5 milyon dollar zərər vurmuşam. Halbuki, həmin payı mən geri almaqla, onu sataraq zavodun borclarının qaytarılmasına yönəltmişəm. Mənim bu hərəkətimdən Xəqani Qədirova hər-hansı ziyan dəyməyib. Mülki Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan onu qaytarmağa borcludur. Bu zaman hədiyyə verənin onun geri alması hədiyyə alana vurulmuş zərər kimi qiymətləndirilə bilməz...
Bütün bunlara baxmayaraq, ibtidai istintaqı aparan orqan və birinci məhkəmə instansiyası Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsinin dispoziyasını - yəni “etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda zərər vurma” olduğu kimi işə köçürüblər...”

İslam Kərimov qanunvericiliyə istinad edərək daha bir mühüm fakta diqqət çəkib: “Cinayət işinin materiallarından aydın olur ki, mən CM-nin 302, 178.3.2-ci maddələri ilə ehtimal olunan cinayət əməlini Əfqanıstan Respublikasının ərazisində törətmişəm. CM-nin 12.1-ci maddəsinə görə, ölkə vətəndaşları Respublikanın hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Respublika, həm dəərazisində törədildiyi ölkənin qanunvericiliyi ilə cinayət əməli hesab olunursa, cinayət törətmiş sayılırlar. İndiki halda bununla bağlı hər hansı sorğu verilərərk araşdırma aparılmayıb”.

İslam Kərimov prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun qanunsuz qərarı ilə həbsdə saxlanıldığını yazır: “Mən bədbəxt adamam, evimi, maşınlarımı satıb, bankdan kredit götürüb 4 milyon dollar düzəldərək X. Qədirova verdim ki, Əfqanıstanda zavod tikim. Amma məlum oldu ki, o, məni aldadıb, onun köhnə avadanlıqlarla tikdiyi zavod rentabelli işləmədi və nəticədə mən müflis oldum. Hələ üstəlik məndən 2.5 milyon dollar tələb edir və məhkəmə heç bir əsası olmadığı halda bu iddianı təmin edir...

Cənab Prezident, Sizdən çox xahiş edirəm, bu işi nəzarətə götürün, mənə qarşı qurulmuş bu məkrli, heç bir çərçivəyə sığmayan oyunun ifşasına yardımçı olun, mənim ümidim yalnız sizsiniz!”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.