SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bir elanlıq tender oyunu: ““Otkat”ı dəfələrlə görmüşük” - Tender komissiyasının keçmiş katibi

Bir elanlıq tender oyunu: ““Otkat”ı dəfələrlə görmüşük” - Tender komissiyasının keçmiş katibi

Tarix:

30-07-2020, 00:56

/ 1 220 dəfə oxundu.
Bir elanlıq tender oyunu: ““Otkat”ı dəfələrlə görmüşük” - Tender komissiyasının keçmiş katibi

Demək olar ki, hər gün hansısa dövlət qurumunun tender keçirməsi və hansısa şirkətin qalib olması haqqında rəsmi informasiyalar yayılır.

Amma tender nə vaxt keçirilib, qaliblər hansı şərtlərlə seçilib, seçildikdən sonra hansı işlər və necə icra olunub - bu barədə məlumat yoxdur. Məsələn, son olaraq bir neçə qurum tender nəticələrini açıqlayıb.

"Azergold" QSC-nin keçirdiyi tenderi fiziki şəxs Fikrət Xəlilov udub. QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsində çalışan işçilər üçün qidalanma xidmətlərinin satın alınması üçün Fikrət Xəlilova 304 min 816 manat ödəyəcək.

Fövqəladə Hallar Nazirliyinin Akademiyası da tender elan edib. Akademiya inzibati binanın şüşələrinin xüsusi dərmanla yuyulması və alkapon örtüklü fasadının yuyulması (qeyd olunur ki, 6 ildir yuyulmayıb) üçün tender keçirəcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tenderi isə ləğv edilib. Aqrar Xidmətlər Agentliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23.07.2020-ci il tarixli ASİMDX-15/01-5/1439P nömrəli məktubunu əsas götürülməklə “yerli qurumlar üçün dəftərxana və təsərrüfat mallarının satınalınması” tenderini ləğv edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus “Sumqayıt Bulvar” MMC ağac və kol bitkilərinin (1), eləcə də güllərin (2) satın alınmasına dair elan etdiyi açıq tenderlərə yekun vurub. Tenderlərin qalibləri müvafiq olaraq Murad Qiyas oğlu Həsənov və Nigar Rauf qızı Bağırova olub. Qaliblərə müvafiq olaraq 112 000 manat və 47 950 manat, ümumilikdə 159 950 manat ödəniləcək.

Tenderlərin şəffaf keçirilmədiyi barədə çox sayda iddialar var və ekspertlər dəfələrlə bununla bağlı iradlarını bildirib. Xüsusilə də tenderləri udan şirkətlərin qurum rəhbərlərinə yaxın olan şəxslərə aid olması bu prosesin qeyri-şəffaf aparılmasına işarədir. Yəni tender oyunu büdcəni talamağın daha bir yolu hesab olunur. Bəzən tenderlər sadəcə bir elandan ibarət olur ki, qurumlar da adətən bunu açıqlamaqla kifayətlənir.

Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da Cebhe.info-ya açıqlamasında tenderlərin şəffaf keçirilmədiyini deyib, bununla bağlı qanunun dəyişdirilməsinin vacib olduğunu bildirib:

““Dövlət satınalmaları haqqında” Qanun var. Bu qanun da 19 ildən çoxdur ki, var, amma çox bərbad bir qanundur. Dili, texnikası çətin, ziddiyyətli, başa düşülmür ki, qanunda nə yazılıb, tenderi necə keçirmək lazımdır. Bu illər ərzində də o qanuna əl gəzdirməyiblər. Bunları ona görə dəqiq bilirəm ki, 2004-2005-ci illərdə Mərkəzi Bankın tender komissiyasının katibi olmuşam. Mərkəzi Bankın dövlət satınalmalarının təşkil edilməsində birbaşa iştirak etmişəm. O zaman gördüm ki, bu qanunla istəsən belə, işləyə bilməyəcəksən. Yəni orada bir çox məqamlar aydın deyil. Çox qarışıq qanundur. Əslində hansısa dövlət qurumu o qanunla işləmək istəsə belə, öz fəaliyyətini normal təmin edə bilməyəcək. Buna görə də əksər dövlət qurumları bu qanunla işləmir. Həmin qanunda tələb var ki, hər il başlamazdan əvvəl hər bir dövlət qurumunun qarşıdakı il üçün nə alacağı, nəyin tenderini keçirəcəyi ilə bağlı planı olmalıdır. Bütün bunlar da dərc edilməlidir. Amma heç birində plan yoxdur. Heç birində biz bunu görməmişik. Əksəriyyətində heç tender elanını da görmürük. Ümumiyyətlə, açıq tenderlər elektron qaydada olmalıdır, kağız daşıyıcısında olmamalıdır. Amma əksəriyyət buna da riayət etmir. Ancaq sonda bilirik ki, belə bir tender keçirilib, qalib də filan şirkət, şəxs olub. Qanun əslində tələb edir ki, bütün əmlak, məhsul və digər lazım olan avadanlıqları tender üsulu ilə əldə edəsən. Bəzilərini isə ümumiyyətlə, əldə etmək olmur.

Məsələn, xidməti necə tender etmək olar? O işin keyfiyyətini bilmək olmur axı. Mal alanda qiymətə baxırsa, xidmətdə isə bunu bilmək olmur. Əksər qurumlar da bunu edə bilmirlər və ona görə də belə vəziyyət yaranıb. İlk növbədə qanundan başlamaq lazımdır. Əgər qanun özü baş-ayaqdırsa, bu, o deməkdir ki, bu qanuna əməl edən yoxdur. Ona görə də həmin qanunun dəyişməsini tələb edən də yoxdur. Əgər qanunla işləyən dövlət qurumları çox olsaydı, bu qanunu dəyişərdilər. Belə bir acınacaqlı vəziyyətdir”.

Ə.Həsənov qeyd edib ki, dövlət qurumları tenderi sırf pula görə edirlər:

“Ümumiyyətlə, tenderin keçirilməsi niyə lazımdır? Ona görə ki, “otkat” ( Qurum və ya şirkət idarəçisi tərəfindən hansısa məhsulun və ya xidmətin təmin edilməsi üçün aldığı rüşvətə “otkat” deyilir- red.) olmasın, şəffaf keçirilsin. Əgər orda şəffaflıq yoxdursa, deməli tenderlər elə pula görə keçirilir. Bu isə o deməkdir ki, tenderlərdə “otkat” halları mövcuddur və biz də bunu dəfələrlə görmüşük. Bəzən tenderin nəticələri açıqlananda görürük ki, bir neçə gün əvvəl yaranan şirkət hansısa dövlət qurumunun tenderini udub. Bu isə açıq şəkildə o deməkdir ki, həmin şirkəti elə özləri təsis ediblər”.

Şərhlər

XƏBƏR LENTİ