XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azər Mehdiyev: “COVID-19 düzgün müalicə edilmir, oxşar virus bizdə 2017-ci ildə olub”

Azər Mehdiyev: “COVID-19 düzgün müalicə edilmir, oxşar virus bizdə 2017-ci ildə olub”

Azər Mehdiyev: “COVID-19 düzgün müalicə edilmir, oxşar virus bizdə 2017-ci ildə olub”
29-07-2020, 15:29

Terapevt, radioloq, tətbiqi kineziologiya mütəxəssisi Azər Mehdiyev hər gün koronavirus infeksiyasına bənzər simptomları olan xəstələrlə qarşılaşır. Ölkəmizdə bir çox həkimlərin effektivliyi sübut olunmamış dərmanları təyin etməklə bu xəstələri səhv müalicə etmələri onu qəzəbləndirir. O, həmçinin ərəb ölkələrində tüğyan edən və COVID-19-un ən yaxın qohumu olan Yaxın Şərq respirator sindromundan (MERS, dəvə qripi) da danışıb.

A.Mehdiyev müşahidələrini və gəldiyi nəticələri Media.Az-la bölüşüb.

Oxşar virus 2017-ci ildə Bakıda olub

Həkim söhbət əsnasında ölkəyə ərəb turistlərinin axın etdiyi 2017-ci ilin mayını xatırlatdı. Düz bir ay sonra, Bakıda mövcud koronavirusla oxşar klinik təzahürləri olan qeyri-adi qripin yayılması müşahidə edildi. A.Mehdiyevin sözlərinə görə, yeni infeksiya həm uşaqlara, həm də böyüklərə təsir edir, dərin öskürək və zəifliklə insanlara əziyyət verirdi. Həmin ilin avqust ayının sonunda isə xəstəliyin ikinci dalğası müşahidə edildi.

“Bir radioloq olaraq, o aylarda çoxları mənə yaxınlaşdı. Qeyri-adi hal ondan ibarət idi ki, hətta bir həftədən sonra xəstəlik bitmirdi, güclü antibiotiklər təyin etmək lazım gəlirdi, onlar da gözlənilən effekti vermirdi.

Əsas klinik əlamətlərdən biri ağciyərlərdə uçan bulud şəklində qeyri-adi lokal dəyişikliklərin rentgen təsviri idi. Mən 15 ildən artıq radioloq kimi işləməyimə baxmayaraq, ilk dəfə belə bir mənzərəni görürdüm. Yavaş başlayan qrip aylarla davam edirdi. Bəziləri, xüsusən də uşaqlar xəstəxanada reanimasiya şöbələrinə yerləşdirilməli olurdular. Sonra təsadüfən Dubayda yaşayan xəstələrimdən birindən “dəvə qripi” haqqında məlumat əldə etdim”, - deyə, A.Mehdiyev bildirib.

Bir tədbir görülmədi

Həkim bunun eynilə COVID-19-un “əmisi oğlu” olan Orta Şərq SARS-ı olduğunu vurğulayıb. Həmin xəstəlik yarasa ilə eyni mənbədən su içən təkhürgüclü dromedary-dəvələrdən insanlara ötürülür.

A.Mehdiyev 2017-ci ildə Azərbaycanda epidemiyanın baş verməməsi üçün xəstə vətəndaşlarda virusun olub-olmamasını yoxlamağı təklif etdiyini, amma heç kimin onun sözlərinə əhəmiyyət vermədiyini, virusoloji testlərin keçirilmədiyini dedi:

“2017-ci ildə oxşar virusun artıq Bakıda olması xəbərdarlıq idi. Lakin alimlər buna düzgün reaksiya verə bilmədilər. Ölkəmizin tibb xidmətinin həm mülki, həm də hərbi sektorlarında virusologiya və epidemiologiya sahəsində elmi-tədqiqat və təcrübi işlərin praktiki olaraq yoxluğunu böyük əminliklə deyə bilərəm. Onlar sadəcə mövcud deyillər. Tibb Universitetinin heç bir tələbəsi infeksionist həkim və ya epidemioloq olmaq arzusunda deyil”.

Antiviral dərmanlar və antibiotiklər

Həkim həmçinin, onun fikrincə, koronavirus xəstələrinin düzgün aparılmayan müalicəsindən də narahatlığını bildirib.

A.Mehdiyev may ayından bəri 112 nəfərin məsləhət almaq üçün ona müraciət etdiyini deyib. Hamısının “buzlu şüşə” sindromu olub. Bütün hallarda da iki və ya hətta üç preparatla güclü antibiotik müalicəsi aparılıb.

Həkim bununla bağlı bizə tipik tibbi təyinatı göstərdi:

“Azərbaycanda koronavirusla mübarizənin, demək olar ki, beşinci ayı başa çatmaq üzrədir. Klinikaların həkimləri isə bunu təyin etməyə davam edirlər. Məsuliyyətə cəlb olunmamaq üçün dama-dama dəftərdən qoparılmış vərəqdə, möhürsüz və tibbi müəssisənin adının olmadığı kağız üzərində yazılması da ayrı bir məsələdir.

Bütün hallarda antibiotiklər, askorbin turşusu, antiviral dərmanlar, parasetamol və aspirin, həmçinin flukonazol, D vitamini və hər cür bioloji aktiv əlavələr təyin edilib. Xəstədən diaqnoz barədə soruşuram, məlum olur ki, heç bir həkim təyin edə bilmir. Bu həkimlər bəs nəyi müalicə edirlər? Əgər ümumi soyuqdəymədirsə, onda antibiotiklər nəyə lazımdır? Askorbin turşusu və digər vitaminlərin burada nə işi var? Bu qədər sistem qoymaq həvəsi haradandır? Əgər COVID-19-u müalicə edirsinizsə, bu, tamamilə səhv sxemdir.

Xəstəliyin hətta yüngül formaları kökündən fərqli müalicə tələb edir. Bizdə viruslu sətəlcəmi müalicə edə bilmirlər. Rusiyanın COVID-19 üçün bağlanmış bir sıra aparıcı klinikalarında müalicə kimi antiviral dərmanlardan tamamilə imtina edilməsinə baxmayaraq, bir sıra klinikalarımızın rəhbərləri dərman şirkətləri tərəfindən təklif olunan bəzi yeni dərmanlara ümid bağlamaqda davam edir.

Halbuki antiviral dərmanlar və antibiotiklərlə COVID-19-un müalicəsinin səmərəsiz olduğuna əmin olan güclü və inkişaf etmiş elm sahibi ölkələr xəstəliyi kifayət qədər sadə və əlverişli dərmanlarla uğurlu şəkildə müalicə etməyi öyrəniblər. Doğrudanmı, bizim virusumuz digər ölkələrdə olan həmqardaşlarından o qədər fərqlənir ki, karantin artıq beş aydır davam edir?

“Arbidol” tipli antiviral dərman işləmir. Ola bilsin, kiminsə xoşuna gəlməsin, amma bu, sadəcə satılmalı olan bir məhsuldur. Əgər o, qripi müalicə edirdisə, daha peyvənd nəyə lazım idi? Antibiotiklər də kömək etmir. Onlar virusa qarşı gücsüzdürlər”, - deyə, A.Mehdiyev bildirib.

Koronavirus necə müalicə olunur?

Həkimin sözlərinə görə, virusla deyil, onun səbəb olduğu xarakterik ağırlaşmalarla mübarizə aparmaq lazımdır:

“Əgər kompüter tomoqrafiyası diaqnozu təsdiqləyibsə, “ksarelta” (və ya “elikvis”), “veroşpiron” və “kolxisin” qəbul etmək lazımdır. Onlar kompleks şəkildə, ağciyərlər də daxil olmaqla, mikrodamarların divarlarını qorumaq üçün hazırlanıb. Məsələn, bütün bu müddət ərzində koronavirus xəstələrinin bu sxemə əsasən müalicə edildiyi Moskva Dövlət Universitetinin klinikasında yüz faiz sağalma qeydə alınıb. Xəstəliyin profilaktik tədbiri olaraq sizə “askorutin” qəbul etməyi məsləhət görürəm. Bu preparat mikrodamarların divarlarını möhkəmlədərək, potensial yoluxma zamanı virusun onları zədələnməsindən qoruyur. Yəni ağciyərlər daxildən qorunacaq.

Virus insan orqanizmində 8-10 gün – müdafiə qüvvələri tərəfindən məhv edilənədək qalır. Lakin bu müddət ərzində o, autoimmun prosesləri - xroniki iltihab proseslərini tətikləyir. Hədəf orqanının – ağciyərin kiçik damarlarının qaz mübadiləsinin baş verdiyi, oksigenin qana keçdiyi alveol səviyyəsində mikrotrombozu baş verir. Bu mikroskopik damarlar səviyyəsində mikrotromboz meydana gəlir, qaz mübadiləsi pozulur və ağciyərlərdə “buzlu şüşə” görünür. Məhz buna görə, müalicə mikrodamarların qorunmasına yönəldilməlidir”.

Sonda həkim oxuculara heç bir şəkildə təlaşa düşməməyi tövsiyə edib.

“Virus təhlükəlidir, lakin poliomielit, hepatit və ya QİÇS qədər yox. Hamımız bu xəstəliyi keçirəcəyik. Hamımız!!! Yalnız bundan sonra virusun təhlükəliliyi keçəcək, çünki kollektiv immunitet yaranacaq. Ancaq hələlik məntiqli karantin lazımdır. Bunun kimi virusların profilaktikası yoxdur. Sadəcə, sağlam olmaq və sağlam həyat tərzi keçirmək lazımdır”, - deyə, Azər Mehdiyev sözlərini yekunlaşdırıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.