XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İlham Əliyev bu qanuna dəyişiklik etdi

İlham Əliyev bu qanuna dəyişiklik etdi

İlham Əliyev bu qanuna dəyişiklik etdi
7-07-2020, 18:56

Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Qanuna dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

İndiyədək qüvvədə olan qanuna görə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilirdi. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilirdi. Bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar da daxil edilir.

Başqa sözlə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.