XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yanan qadının hekayəsi: Həkim qərar verəcək ki, harası kəsilsin, harası qalsın…

Yanan qadının hekayəsi: Həkim qərar verəcək ki, harası kəsilsin, harası qalsın…

Yanan qadının hekayəsi: Həkim qərar verəcək ki, harası kəsilsin, harası qalsın…
21-06-2020, 20:35

“Kiçik qızı yanmış anasına yaxın getməyə qorxur”

İndi Mingəçevirdə anasının yanında yaşayan 27 yaşlı Röyalə Nuriyeva keçən ilin dekabrında Ağdamın Quzanlı qəsəbəsindəki evində ağır yanıq xəsarətləri alıb. Anası Zülfiyyə İbadova qızını həyatda saxlamaq üçün mübarizə aparır.

“Ayaqlarının ətindən götürüb qollarına yamayıblar”

Yanğın zamanı Röyalə Nuriyevanın üç övladı - 8 yaşlı oğlu, 6 yaşlı böyük qızı, onda 1 yaşı yenicə tamam olmuş kiçik qızı və həyat yoldaşı da evdə olub. Amma təkcə qadın yanıb. Evə gecədən qaz dolubmuş. Röyalə Nuriyeva işığı yandıran kimi alova bürünüb. Od içində özünü çölə atıb, sonradan ərinin səsini eşitdiyindən, uşaqlarının da yandığını düşünərək, geri qayıdıb. Beləcə, daha böyük xəsarət alıb. Bütün bunları anası Zülfiyyə İbadova danışır. Ağzı yandığına görə Röyalə Nuriyevanın özü danışa bilmir, nəsə demək istəyəndə bir növ pıçıldayır.

“Çox pis gündədi. Bakıda 5 saylı xəstəxanada yatırdı. Çürümə getdi, hər iki qolundan əməliyyat keçirdi. Ayaqlarının ətindən götürüb qollarına yamayıblar. O da simlə dayanır. Ağzı yanıb, dırnaqları tökülüb. İndi-indi başında tük əmələ gəlir. Yaxın günlərdə əməliyyat olunacaq. Həkim bir az gözləyir ki, dəqiq qərar versin: harası kəsilsin, harası qalsın”, - ana danışır.

“Ayaqyoluna qolundan tutub aparırıq”

Röyalə Nuriyeva xəstəxanadan çıxandan sonra birbaşa Mingəçevirə - valideynlərinin yanına yollanıb. Çünki Quzanlıdakı ev yararsız vəziyyətdədir.

“Balaları da mənim yanımdadır. Özüm də şəkər xəstəsiyəm. Güclə baxıram. Qızım dörd ay gəzə bilmədi. Yananda həkimlərin ümidi yox idi ki, onu Kürdəmirə qədər çatdıra bilərik. Dörd ay onun altına qab aparmışam. Elə indi də ayaqyoluna qolundan tutub aparırıq. Xəstəxanada neçə dəfə atası çimizdirib onu”, - ananın kədərini anlamaq çətin deyil.

Röyalə xanımın hər əlində üç barmağı qatlanmır. Qalan barmaqları ilə əlindəki çay stəkanını tutmağa çalışır. Həm də baxışlarından hiss etmək olur ki, necə dözülməz ağrılar keçirir.

Qadının həyat yoldaşı fəhlədir. Hələ də Quzanlıda işləyir, öz atasının yanında qalır. Zülfiyyə İbadovanın dediyinə görə, yanan evə yerli icra strukturundan gəlib iki pəncərə, bir qapı qoyublar. Amma yenə də orada yaşamaq mümkün deyil.

“Bu aylar ərzində kiçik qızı bir dəfə də anasına yaxın getməyib”, - Zülfiyyə İbadova deyir.

“Ana, qorxma, sağalacaqsan”

“Bu aylar ərzində kiçik qızı bir dəfə də anasına yaxın getməyib”, - Zülfiyyə İbadova deyir. Uşaq yanıqlara görə anasının sifətindən qorxur. Sanki səsini tanıyır, “Yağmur, Yağmur” ifadəsinə boylanır, doğmalıq hiss edir, amma anaya yaxınlaşmaqdan çəkinir.

“Oğlu da bir həftə anasından uzaq gəzdi. Nə qədər desək də, gəlib yanında oturmadı. Amma bircə böyük qızı anasına yaxın getdi. Dedi ki, ana, qorxma, sağalacaqsan”, - uşaqların nənəsi kövrəlir.

Zülfiyyə xanım deyir ki, nəvələrinin qayğısına qalmaq ona çox xoşdur. Amma çox sıxıntı yaşayırlar: “Sosial yardım vermirlər Röyaləyə. Balalarıma kömək eləmək lazımdı. Nəvələrimi uşaq evinə verəsi deyiləm ki...”

“Kimə deyim dərdimi?”

Zülfiyyə İbadova danışır ki, evə yalnız məcburi köçkünlərə çörəkpulu kimi verilən 60 manat gəlir. Həyat yoldaşı xəstədir, heç biri işləyə bilmir.

“Qazananım yoxdur. Mən birinə çörək bişirirəm, birinə döşək sırıyıram. Yüküm də artıb. Xəstə qızıma baxmalıyam, müalicə elətdirməliyəm, onun uşaqlarını saxlamalıyam. Evlərdə yemək bişirmək də təklif eləyirlər, amma bu boyda külfəti qoyub, gedib o işi görə bilmirəm”.

Qarşıdan Röyalə xanımın növbəti əməliyyatı gəlir. Ana yenə pul dərdi çəkir. Xatırlayır ki, qızı yananda doğulduğu Ağdamın Saybalı kəndinin camaatı çox kömək etmişdi. Az qala hamı pul yığmışdı:

“10 min manatdan çox xərc çıxdı. Həyat yoldaşım hamam-tualeti təmir etmək üçün kredit götürmüşdü, o da müalicəyə getdi. Özüm də müalicə olunmalıyam, amma pul yoxdu. O vaxt dövlət orqanlarından hansındansa - icra hakimiyyəti idi, ya “Qaçqınkom”dan idi, gətirib 1000 manat vermişdilər. Hamısını üst-üstə qoyub, birinci əməliyyata verdik. Kimə deyim dərdimi? Hesab kartı açdırmışıq. Heç olmasa, uşağın ağzını-burnunı əməliyyat elətdirim, camaat içinə çıxa bilsin. Bir həftədir açılıb, cəmi 170 manat yığılıb”.

Ananın dərdi böyükdür. Danışır, ağlayır, yenə danışır. Deyir ki, onsuz nə qədər əməliyyat edilsə də, qızı heç vaxt qayıdıb əvvəlki kimi olmayacaq. İndi onun Röyaləsi tamam başqa adama çevrilib: “Göstərim sizə əvvəlki şəkillərini?..”

O vaxt dövlət orqanlarından hansındansa - icra hakimiyyəti idi, ya “Qaçqınkom”dan idi, gətirib 1000 manat vermişdilər.
O vaxt dövlət orqanlarından hansındansa - icra hakimiyyəti idi, ya “Qaçqınkom”dan idi, gətirib 1000 manat vermişdilər.

Mənbə: Meydan TV

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.