XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Chevrolet” şirkəti müştərisini “oyuna salıb” - "...pullarımı qaytarmır"

“Chevrolet” şirkəti müştərisini “oyuna salıb” - "...pullarımı qaytarmır"

“Chevrolet” şirkəti müştərisini “oyuna salıb” - "...pullarımı qaytarmır"
20-04-2017, 10:42

Son illər banklarla müştəriləri, bəzi şirkətlərlə ayrı–ayrı şəxslər arasında yaşanan qalmaqallar, uzanan məhkəmə çəkişmələri və s. nəinki əksər mətbu nəşrlərin, hətta televiziya kanallarının da gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir. Belə bir problemlər haqda az-çox araşdırmalar apardıqda o da bəlli olur ki, yaşanan olayların əmələ gəlməsində hansısa tərəfin birbaşa günahı olmur. Bəzən də elə hallar olur ki, bank tərəfi, yaxud da şirkətlər üzərinə düşən öhdəlik prinsipləri lazımınca yerinə yetirmədiyindən, son anda tərəflər arasında qarşıdurmalar da əmələ gəlir. Məsələn, bir neçə gün bundan öncə Goranboy rayonu Qazanbulaq qəsəbə sakini Kərimov Səbuhi Füzuli oğlu, ünvanladığı müraciətində qeyd edir ki, “mən 2015-ci ilin dekabr ayında “Chevrolet” şirkətindən 2265 manat ilkin ödəniş etməklə, hər ay da 370 manat ödəmək şərtilə üç il müddətinə, dövlət nömrə nişanı 99-AU-975 olan “AEVO” markalı nəqliyyat vasitəsini kreditə götürdüm. 2016-cı ilin noyabr ayına kimi müəyyən hallarda gecikmələr olsa da, üstüstə 2200 manat kredit pul da ödədim. Nəqliyyat vasitəsini kreditə götürdükdən sonra, onun nömrəsini almağa 300 manat xərcim də çıxdı. Ötən ilin başlanğıcından manatın devolvasiyaya uğraması, şəxsi həyatımda əmələ gələn müəyyən çətinliklər səbəbindən, aylıq kreditimi heç cür ödəyə bilmədim. Müəyyən gecikmələr əmələ gəldiyindən “Chevrolet” şirkətinin əməkdaşı Araz adlı şəxs mənə zəng edərək “kreditini ödəyə bilmirsənsə maşını gətir sataq və sənin pullarını qaytaraq” desə də, mən onun təklifinə razı olmadım. Qarşı tərəfin etdiyi telefon zəngindən sonra qohum-əqrəbadan pul axtarmağ başladım ki, gecikmiş kredit borclarımı ödəyə bilim. Təəssüflər olsun ki, həmin günlərdə az məbləğdə pul tapa bildim ki, bu da kecikmiş borclarımı ödəməyə imkan vermədi. Mənim qarşı tərəflə telefon danışığımdan bir neçə gün sonra, təqribən 15-20 gün bundan öncə Araz adlı şəxs bir neçə şəxslə, müvəqqəti yaşadığım Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ev-65, mən-54 ünvana gələrək, kreditə götürdüyüm “Chevrolet”i gecə saat 3-4 radələrində aparır. Onu da vurğulayım ki, nəqliyyat vasitəsinin aparılması üçün ortada hər hansı məhkəmə qərarı olmayıb. Belə bir addımın atılması da, olduqca ciddi qanun pozuntusu olur. Hətta əldə etdiyim şifahi məlumatlara görə, avtomobilimi aparan şəxslər çox keçmir ki, onu başqa bir şəxsə də satırlar. İndi şirəkətin əməkdaşı Araz adlı şəxs vaxtilə verdiyi vədinə əməl etmir və pullarımı da qaytarmır. İndi mən nə etməliyəm, onu bilmirəm? Belə olan halda üstüstə verdiyim 5165 manat pulum da batır. Axı, mən imkansız şəxsəm, bu gün güc-bəla ilə dolanışığımı birtəhər təmin edirəm”. Səbuhi Kərimovun ünvanladığı müraciətini əsas tutaraq, üç-dörd gün bundan öncə “Chevrolet” şirkətinin əməkdaşı Araz adlı şəxslə əlaqə saxladıq ki, problemlərin varlığına münasibətini öyrənə bilək. Düzdür, o, telefon zəngimizə cavab verdi və “mən şirkətdə işləyirəm, amma Səbuhi Kərimov adlı şəxsi tanımıram” dedi. Onun belə bir cavabı, bu gün də bizi düşündürməkdədir. Çünki, şikayətçi şəxsin bildirdiyinə görə o, dəfələrlə Araz adlı şəxslə danışıb və kredit ödənişləri, yaxud da digər məsələlərlə bağlı müzakirələr də aparıblar. Bu da onu söyləməyə əsas verir ki, qarşı tərəfin “mən şirkətdə işləyirəm, amma Səbuhi Kərimov adlı şəxsi tanımıram” cavabı, olduqca ciddi şübhələrə yol açır. Odur ki, bir mətbu orqan olaraq yaşanan problemin varlığını diqqətdə saxlayıb, müəyyən araşdırmalarımızı da aparacağıq. Çalışacağıq ki, növbəti saylarımızda daha ətraflı açıqlamalarla çıxış edək. Odur ki, bizi izləməyi unutmayın.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.