SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

“KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Tarix:

14-06-2021, 11:14

/ 498 dəfə oxundu.
“KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Son vaxtlar bəzi banklar və bank olmayan kredit təşkilatları ilə ayrı-ayrı müştərilər arasında əmələ gələn narazılıqlar, məhz ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilməkdədir.
GundemXeber.Az-a istinadən bildiririk ki, belə bir olayların baş verməsində bir çox amillərin varlığı əsas rol oynayır. Yəni, bəzən adı çəkilən qurum əməkdaşlarının atdıqları addımlar, müştərilərə hiylə gəlmələri və s. tərəflərin üz-üzə gəlmələrinə səbəb olur. Bu da onu söyləməyə əsas verir ki, bank sektorundakı giley-narazılıqlar bu gün də artmaqda davam edir. Məsələn, bugünlərdə redaksiyamıza Gəncə şəhəri, Dəmir Yolunun altı, Şıxlinski küçəsi, ev-2 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Mehdiyeva Cəmilə Hüseyn qızı tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu xanım yazdığı şikayət ərizəsində qeyd edir: “Mən bir ay bundan öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ərizə ilə müraciət etmişdim. Buna səbəb, “Kapital Bank”ın Gəncə şəhər filialında adıma 2510 manat kreditə pul rəsmləşdirilsə də, mənə 2300 manat pul vermələri olmuşdur. Yəni, 2025-ci ilə qədər Gəncə filialına 5000 manat məbləğində pul ödəməliyəm. Ötən bir il ərzində kredit borcuma görə ödənişi həyata keçirirdim. Bu gün ayda cəmi 130 manat sosial müavinət alıram və başqa bir yerdən gəlirim olmadığından, hazırda “Kapital Bank”a olan kredit borcumu ödəyə bilmirəm. Ona görə də, köməklik göstərilməsi məqsədilə Mehriban xanım Əliyevaya ərizə ilə müraciət etmək qərarına gəldim. Yazdığım ərizəmə verilən cavabda problemin qaydaya salınması üçün məktubumun “Kapital Bank”ın Gəncə şəhər filialına göndərildiyi qeyd olunub. Elə ki, bir neçə gün bundan öncə Gəncə şəhər filialı müdirinin qəbulunda oldum, o halda o, məni olduqca kobud şəkildə qəbul etdi və “Sən Mehribana yazmısan, get problemini Mehriban da həll etsin. Mən bu qədər işçini verdiyimiz kreditlər hesabına saxlaya bilirəm. Get, sənə bir qəpik də olsun belə güzəşt olunmayacaq. Hara gedirsən get, otağı tərk et, pulu vaxtında ödə və çalış özünə problem açma” deyib, məni iş otağından alçadıcı vəziyyətdə qovdu. Belə bir münasibətdən sonra filialın müdirinə dedim ki, mən sənin evinə çörəyə gəlməmişəm. Bura dövlət şirkətidir, ona görə də dərdimizi deməyə gəlmişəm”. Hazırda 64 yaş həddində olan Cəmilə Mehdiyeva hara, kimə müraciət edəcəyini bilmir ki, belə bir dərddən qurtula bilsin.

Düzdür, hər müştəri qanunvericiliyin tələbinə görə banklardan və ya bank olmayan kredit təşkilatlarından kreditə pul götürüb müqavilə sənədini imzaladıqdan sonra, məhz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borclu olur. Amma, qeyd olunan qurumlarda çalışanların, ələlxüsus rəhbər şəxslərin müştərilərə qarşı qanundankənar formada davranış nümayiş etdirmələri heç cür yolverilməz haldır. Məsələn, “Kapital Bank”ın Gəncə şəhər filialı rəhbərinin 64 yaşlı Cəmilə Mehdiyeva “Sən Mehribana yazmısan, get problemini Mehriban da həll etsin” deməsi, heç bir əndazəyə sığmayan yanaşmadır. Çünki, ən azında filial rəhbəri belə bir yanaşmasını ortaya qoyan zaman dərk etməli idi ki, hörmətli Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir və hazırda ona qarşı ümumxalq məhəbbəti formalaşıb. Bundan əlavə o, ölkəmizin rəhbər şəxslərindəndir və dövlətimizi, xalqımızı təmsil etmək səlahiyyəti olan vəzifə sahibidir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən “Kapital Bank”ın Gəncə şəhər filialına rəhbərlik edən şəxsin belə bir münasibət bəsləməsinin kökündə nə durur? Deməli, belə bir münasibətin aşkara çıxarılmasına və əksəriyyətin bilmədiyi bir çox həqiqətlərin müəyyən olunmasına ciddi ehtiyac var.

Mövzu diqqətimizdədir.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ