Dərman bazarında əməlli-başlı xaos yaranıb.Bu sahədə vəziyyət getdikcə gərginləşir.Dərman preparatlarının qiymətləri bahalaşır.Bəzi preparatlar tapılmır.Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət, həm də aşağı üçün hədd qoyulur.Azərbaycanda isə dərman monopoliyadadır.Dərmanları gətirən xüsusi qruplar onu qəsdən baha qiymətə satırlar.Ekspertlər hesab edir ki, dərman bazarında yaranmış vəziyyət dərmanın monopoliyada olması ilə bağlıdır.Yəni, bu sahədə azad rəqabət yoxdur.
Xatırladaq ki, Tarif (qiymət) Şurasına dərmanların qiymətinə nəzarət sahəsinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişiklik edib. Yeni qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.Yeni qaydalar isə, gündən-günə bahalaşan dərman qiymətlərini daha da artırdı.Bəzi apteklər bir neçə günlüyə bağlandı, yaxud dərmanlar satışdan yığışdırıldı, satılan dərmanlar isə daha baha qiymətlərlə satışa çıxarıldı.Məsələn, əvvəl xeyli dərman firmaları fəaliyyət göstərirdi və Azərbaycana gələn dərman preparatlarının bir neçə analoqu olurdu.Bu da rəqabət yaradırdı, nəticədə qiymətlər ucuzlaşmağa doğru gedirdi.Amma firmaların çoxu Tarif Şurasının müdaxiləsindən sonra bağlandı.Bəziləri müflis oldu, bəziləri isə yaranmış rəqabət mühiti ilə işləməyin mümkün olmadığını görüb fəaliyyətini dayandırdı.Nəticədə belə bir vəziyyət yarandı.
Əldə etdiyimiz məlumata görə artıq dərman bazarında monopoliya aradan götürülüb.Yəni ölkəyə dərman idxalı sərbəst şəkildə həyata keçirilə bilər.Belə olan təqdirdə nə dərmanların qiymətində bahalaşma, nə də dərman qıtlığı omamalıdır.Amma hazırda bunun əksi yaşanır.Şübhəsiz ki, bu vəziyyətə müdaxilə edən və yaradan inhisarçılar var. Belə ki, ayrı-ayrı monopoliyaya nəzarət edən şirkətlər dərman bazarına diktə edirlər.
Qeyd edək ki, hazırda Azərbaycan İranla müştərək farmakoloji zavod açır.Mütəxəssislər bu zavodun fəaliyyətində hansısa uğurların əldə olunmasına inanmırlar. Onların fikrincə, həmin zavodun açılmasındansa, Avropanın tanınmış şirkətlər ilə əməkdaşlıq daha məqbul olar. Xatırladaq ki, prezident dərmanların baha satıldığı və səhiyyə nazirinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün dəfələrlə tapşırıqlar verib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dərman bazarında monopoiyanın aradan götürülməsi məlumatı yanlışdır. Belə bir fakt yoxdur:
“Dərman qıtlığına gəlincə, bu süni bir prosesdir. Tarif Şurasının belə qiymət siyasətindən sonra həmişə dərman qıtlığı yaşanır.Əslində bu da anormallıqdır.Dərman maddələrinin reyestri yaradılandan sonra imkan verilməlidir ki, ölkəyə dərman gətirilsin və rəqabət olsun.Yoxsa, ölkəyə hansı firma istəyirsə dərman gətirir və vətəndaşlar da ondan istifadə etməyə məhkumdur.Bununla da dərman bazarında çox anormal bir vəziyyət yaşanır.Yəni monopoliyanın aradan götürülməsi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur”.
Ekspertin sözlərinə görə, dərman sahəsində monopoliyanın aradan götürülməsi heç də asan iş deyil. Bunu edənlər gərək korporotiv maraqlardan əl çəksinlər:
“Bunun üçün dərman firmaları, eləcə də ölkəyə dərmanların idxalı üçün reyestr yaradılmalıdır. Əsasən dərman idxalı ilə bir iki şirkət məşğuldur.Qiymətlərə də Tarif Şurası müdaxilə edir.Müəyyən maraqlardan aşağı enəndə isə müəyyən dərman qıtlığı yaranır.Həmin dərman idxal edən şirkətlər onu dərhal aptek şəbəkələrindən yığışdırırlar, ya da ümumiyyətlə vermirlər”.Adil Qeybulla qeyd edib ki, dərman sahəsinə məsul olan şəxslər düşünməlidirlər ki, vəziyyət bu cür davam edə bilməz.
Əks təqdirdə dərman bazarında vəziyyət kritik həddə çata bilər ki, bu da ciddi narazılıq və narahatlığa səbəb ola bilər: “Dərman bazarında qayda-qanun yaradılmalıdır. Dünyada necə qayda-qanun varsa, Azərbaycanda da o cür olmalıdır”.