XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirliyin “arı ordusu” sahibkarları “sancacaq” - NARAZILIQ...

Nazirliyin “arı ordusu” sahibkarları “sancacaq” - NARAZILIQ...

Nazirliyin “arı ordusu” sahibkarları “sancacaq” - NARAZILIQ...
21-02-2020, 16:05

Kənd Təsərrüfatı Nazirliyi (KTN) İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min arı ailəsindən ibarət arıçılıq kompleksi təşkil edəcək. Bu layihə bir çox iqtisadçı və arıçı üçün ağlabatan gəlmir. Onların fikrincə, yeni arıçılıq kompleksi bu sahə üzrə özəl sektorun inkişafı üçün imkanlardan çox maneələr yaradacaq. Başqa sözlə, dövlət qurumunun bizneslə məşğul olması nə qədər doğru olacaq?

AYNA-nın mövzu üzrə suallarını cavablandıran Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Bayramovun sözlərinə görə, söhbət 10 min arı ailəsindən gedirsə, həmin ərazidə o qədər arı təsərrüfatını idarə etmək üçün onlarla işçi qüvvəsi, mütəxəssis arıçı lazımdır: “Burada əsasə məsələ seçilən ərazinin arıçılıq üçün müvafiq çoğrafi mövqeyə malik olub-olmamasıdır. Arıçılığın ən böyük problemi də, məhz bal verən ərazilərin azlığıdır. Azərbaycanın tarixən arıçılıqla bağlı məskənləri olub. Birinci yerdə işğal olunmuş torpaqlarımız gəlir. Xüsusən, Kəlbəcər, Laçın arıçılığın inkişafı üçün münbit ərazilərdir. Həmin torpaqlar indi işğal altında olduğundan, bir vaxtlar orada arıçılıqla məşğul olanlar ölkənin başqa yerlərində məşkunlaşıblar və arıçılıq fəaliyyətini davam etdirirlər. Başqa sözlə, hazırda arıçılıq təsərrüfatı, əsasən Qax-Zaqatala bölgəsi üçün xarakterikdir, məhsuldar bal da bu əraziyə məxsusdur. Bu, keyfiyyətli bal demək deyil, daha çox arıçılıq inkişaf edən regiondur”.

E.Bayramlının sözlərinə görə, Azərbaycanda hər arı ailəsi il ərzində 15 kq məhsul verir ki, bu da Avropa ölkələri ilə müqayisədə çox aşağı hesab olunur: “Avropada orta rəqəm 50 kq, bəzən 100 kq da ola bilir. Bu, böyük fərqdir. Ötən il bizdə göstərici qənaətbəxş olsa da, orta hesabla 7-8 kq bal verən arı ailələri olan vaxtlar da olub. Amma nəzərə çatdırım ki, arıçılıq son 5 ildə dövlət dəstəyi aldıqdan sonra xeyli inkişaf edib. Arı ailələrinin məhsuldarlığının artırılması üçün dövlət tərəfindən subsidiyaların verilməsi arıçılıqla məşğul olan insanlarda stimul yaradıb. Çünki arıçılıq bir qədər riskli, çox gəliri olmayan sahədir, məhsuldarlıqla bağlı bəzən proqnozlar özünü doğrultmaya bilər”.

“Bizdə daha çox arı ailələrini artırmaq vacib hesab olunur, əslində ana arılarının seleksiyası, məhsulun keyfiyyətinin artırılmasına diqqət yetirilməlidir. Bir məsələ də var ki, dövlət qurumu iqtisadiyyatın inkişafında maraqlı olduqda, sahibkarlar üçün şərait yaratmalıdır, Lahıcda yaradılacaq arıçılıq kompleksi isə dövlətin apardığı islahatlara zidd addım kimi ortaya çıxır, çünki dövlət qurumu (KTN - red.) özü biznesdən kənarda olmalıdır”, - həmsöhbətimiz bildirib.

Mütəxəssisin fikrincə, Lahıcda yaradılacaq kompleks barədə hələlik ciddi addımların atılması planları gözə dəymir: “Ola bilər ki, bu layihə arıçılığın inkişafı üçün deyil, badam, ərik bağlarının, meyvəçiliyin, bağçılığın inkişafı üçün nəzərdə tutulsun. Belə ki, arılar çiçəklərin tozlandırma prosesində aktiv iştirak edir. Dünyada da bu təcrübə var. Amerikada bir arı ailəsi üçün 140 dollardan artıq vəsait xərclənir ki, onlar badam və ya başqa ağacları tozlandırsın. Bilmirəm, bu, bizdə olsa, hansı mexanizm üzrə ola bilər. Hər halda hələlik söhbətigedən layihədə boşluqlar nəzərə çarpır”.

Yeri gəlmişkən, AAA təmsilçisi məlumat verib ki, balın ən çox 10 çeşidi (sarmaşıq, çəmən, meşə, biyan, gəzəngi və s.) məşhurdur ki, onlar arasında dağ balı, akasiya balına daha çox tələbat var: “Xarlanmış balın təbliğatı da aparılır, bəzən bu bal keyfiyyətli bal hesab olunmalıdır. Belə balı isitmək olmaz, ilıq hər hansı mayedə həll edilib istifadəsi mümkündür”.

P.S. Məlumat üçün deyək ki, 2019-cu ildə 1927 inzibati ərazi vahidi üzrə arıçılıqla məşqul olan 19807 fiziki və hüquqi şəxsə sahib olduqları 426533 arı ailəsinə (pətəyə) görə 4265330 manat subsidiya ödənilib. Başqa sözlə, hər arı ailəsinə dövlət proqramına əsasən, 10 manat dəstək verilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.